(“Bir millət, iki dövlət” kəlamı kontekstində)
III məqalə
Heydər Əliyev yaşıdlarının və hətta, ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir.
Çingiz AYTMATOV
“Naxçıvan sinerjisi”nin taktiki və strateji funksiyaları
Öncəki məqalədə vurğuladığımız kimi, “Naxçıvan sinerjisi” sinergetik və politoloji mahiyyətli olmaqla yanaşı, konkret fəaliyyət üçün də praktiki əhəmiyyəti olan anlayışdır. Yəni bu anlayışın məzmununun Ulu öndərin Naxçıvandakı fəaliyyətinin praktiki aspektinə birbaşa aidiyyəti vardır. Hətta həmin anlayış məzmunu, bütövlükdə, Azərbaycan miqyasında müstəqil dövlət quruculuğu prosesinin uğurla aparılmasında ciddi rol oynamışdır. Burada məsələyə iki aspektin qarşılıqlı əlaqəsində baxmaq faydalı olardı. Birincisi, “Naxçıvan sinerjisi”nin milli dövlət quruculuğunun bir muxtar respublika miqyasından bütövlükdə ölkə miqyasına transformasiyasında oynadığı siyasi rol vacib məqamdır. İkincisi, bu cür transformasiya özündə bir fenomeni – ölkənin bir regionundan başlayan müstəqil dövlət quruculuğunu böyük uğurla bütöv ölkə miqyasına genişləndirmək kimi uğurlu təcrübəni daşıyır. Bu prosesin fəlsəfi və politoloji dərki olduqca aktualdır. Bunun azı üç səbəbini göstərə bilərik.
Birincisi, milli müstəqil dövlət quruculuğunun Naxçıvan mərhələsinin başlıca xüsusiyyətləri Azərbaycan miqyasında həyata keçirilən dövlət quruculuğu prosesi ilə zərrə qədər də ziddiyyət təşkil etməmişdir, əksinə siyasi varislik prinsipi əsasında ölkə miqyasında aparılan quruculuğa təkan vermişdir.
İkincisi, milli dövlət quruculuğunun Naxçıvan mərhələsi elə stimulverici funksiya yerinə yetirmişdir ki, spontan olaraq “Naxçıvan sinerjisi” “Azərbaycan sinerjisi”nə çevrilmişdir. Bu məsələnin fundamental siyasi, ideoloji və mənəvi-mədəni mənası vardır. Aktual məqam ondan ibarətdir ki, dünya praktikasında bir regionda sınaqdan keçirilən dövlət quruculuğu prosesinin bütünlükdə ölkə miqyasında reallaşması zamanı fəaliyyətin əsas siyasi komponentlərinin dinamik qaydada saxlanılması asan problem kimi qəbil edilmir. Əlavə olaraq, bir regionun “dövlətçilik sinerjisi”, bütövlükdə, ölkə miqyasına transformasiya ola bilir. Eyni zamanda sonrakı mərhələ üçün də münbit zəmin hazırlayır. Konkret olaraq, “Naxçıvan sinerjisi” “Azərbaycan sinerjisi”ni yaratdığı kimi, “Azərbaycan sinerjisi” “ümumtürk sinerjisi”ni yaratdı.
Bununla Azərbaycanın müasir tarixində böyük bir siyasi-ideoloji “sıçrayış” baş verdi. Bu baxımdan Heydər Əliyev milli dövlət quruculuğunun Naxçıvan mərhələsində artıq prosesin strateji məqsədini müəyyən etmişdi və fəaliyyətini həmin faktoru nəzərə alaraq qururdu. Ümummilli lider hələ Naxçıvan mərhələsində güclü Azərbaycan Respublikasını, onun türk dövlətlərinin birləşməsindəki rolunu və bu prosesin verəcəyi qiymətli geosiyasi və siyasi dividentləri görürdü.
Deməli, Ulu öndər yüksək strateji zəkası və məharətli praktiki siyasi fəaliyyəti milli dövlət quruculuğunun Naxçıvan mərhələsini faktiki olaraq həm Azərbaycan, həm də bütövlükdə Türk dünyası miqyasında əhəmiyyətli etmişdir. Bu tezis “Naxçıvan sinerjisi”nin taktiki və strateji funksiyalarının ana xəttini təşkil edir. Həmin kontekstdə, bütövlükdə, Azərbaycanda müstəqil dövlət quruculuğu üçün vacib olan digər bir strateji məqamın üzərində dayanaq.
Siyasi varislik müasir dövlət quruculuğu ənənəsinin əsas faktoru kimi
Öncə onu vurğulayaq ki, müasir fəlsəfi və politoloji fikirdə “siyasi varislik” haqqında yekdil mövqe yoxdur. Onun fərqli anlamlarından bəhs edirlər. Xüsusilə, məsələ müstəqil dövlət quruculuğuna proses kimi yanaşanda hansı siyasi varisliyin müasir çağırışlara cavab verdiyi ilə bağlı fərqli mövqelər meydana çıxır. Məsələn, filosoflar və politoloqlar hansı səbəblərdən “Ukrayna və ya Gürcüstanda Qərbin nümunəvi hesab etdiyi siyasi varislik fəlakətlərə gətirib çıxardı?” [bu məqamlara ukraynalı, rusiyalı və digər araşdırmaçılar (məsələn, Ukraynada О.Fisun, Rusiyada M.N.Afanasyev) və bir sıra Qərb tədqiqatçıları (L.Vay, H.Taylor, S.Levitski və b.) toxunmuşlar].
Heydər Əliyevin isə Azərbaycanda müstəqil milli dövlət quruculuğu konsepti çərçivəsində siyasi varisliyə verdiyi məzmun, məna və məqsəd çox səmərəli oldu. Naxçıvandan başlayaraq bu istiqamətdə daim uğurlar əldə edildi. Bizcə, bunun səbəbləri vardır.
Birincisi, Heydər Əliyev “siyasi varisliyə” başqa postsovet məkanı ölkələrindən fərqli olaraq sırf milli dövlətçilik ənənəsi kontekstində yeni məzmun vermişdir.
İkincisi, siyasi varislik prinsipini Ulu öndər daim stimulverici faktor kimi müasir mərhələdə dövlət quruculuğu kontekstində aktuallaşdırmışdır (gündəmə gətirmişdir və praktiki fəaliyyətdə reallaşdırmışdır).
Üçüncüsü, Heydər Əliyev Azərbaycan üçün yeni ldier kimi gördüyü şəxsi məhz siyasi varislik prinsipi əsasında liderliyə hazırlamışdır.
Belə çıxır ki, Heydər Əliyevin siyasi varisliyə verdiyi məzmun və məna faktiki olaraq Azərbaycanda müstəqil dövlət quruculuğunu vahid proses kimi aparmağa imkan yaratmış və həmin bazada “Naxçıvan sinerjisi” “Azərbaycan sinerjisi”nə, “Azərbaycan sinerjisi” isə “Ümumtürk sinerjisi”nə kəsintisiz prosesin müxtəlif mərhələləri kimi transformasiya olunmuşlar.
Bu yolda və ya müstəqil dövlətçilik uğrunda “çətin mübarizə marafonunda” Heydər Əliyev, faktiki olaraq, bütün cəbhələrdə əsl savaş vermişdir. Naxçıvan mərhələsində onun üç başlıca istiqaməti olduğunu düşünürük.
Birincisi, muxtar respublika daxilində insanların birləşməsini təmin etmək və onları, bütövlükdə, Azərbaycanda müstəqil dövlət qurmaq kimi hədəfə yönəltmək. Heydər Əliyev həmin vəzifənin öhdəsindən yüksək səviyyədə gəlmişdir. Qısa müddətdə Naxçıvan əhalisi tək yumruq kimi lideri ətrafında birləşmişdir. Onların qəlbində və ruhunda olan dövlətçilik enerjisi bu prosesdə həlledici rol oynamışdır. Naxçıvan tarixən dövlətçilik baxımından aktiv bir bölgə olmuşdur. Müasir qarışıq mərhələdə isə Heydər Əliyevə olan böyük inam naxçıvanlıları dövlətçilik uğrunda praktiki fəaliyyətə sövq etmişdir. Məhz buna görədir ki, Ulu öndər xarici dövlətlərlə danışıqlarda inam və əminliklə 300 min naxçıvanlının adından danışırdı.
İkinci istiqaməti Ümummilli liderin Naxçıvanda olarkən Türkiyə siyasətini “yenidən formatlaşdırması” təşkil edir. Bu barədə tarix elmləri doktoru Eynulla Mədətli geniş araşdırma aparmışdır. Biz qısaca onu vurğulayaq ki, Heydər Əliyev türkiyəli rəsmilərə israrla ifadə edirdi ki, 300 min Naxçıvan türkü üçün qardaşlıq və qonşuluq anlayışı Azərbaycanın müstəqil olmasından başlayır. Konkret olaraq, Türkiyə naxçıvanlılar daxil olmaqla azərbaycanlıları türk kimi qəbul edirsə, sözdə deyil, əməldə birliyə çalışmalıdır. Heydər Əliyev o dövrdəki Türkiyə rəhbərliyinə açıq müraciət edirdi: Siz Naxçıvanda 300 min azərbaycanlının türk və ayrıca Türkiyə sevdalarına diqqət edin, onlar eyni münasibəti Andoludan gözləyirlər. Təbii ki, sadə insanlar arasında bu aspektdə problem yoxdur, lakin Naxçıvanın təhlükəsizliyi və Azərbaycanın müstəqilliyi üçün Türkiyə dövlət olaraq fəallığını real sahədə artırmalıdır.
Ulu öndərin buna bənzər dəfələrlə israrlı, təkidli fikirləri Türkiyəni doğrudan da real sahədə “bir mllət, iki dövlət” anlamını qəbul etməyə stimullaşdırdı. Nümunə kimi iki dövləti birləşdirən körpünün tikilməsini və istifadəyə verilməsini göstərə bilərik.
Bundan başqa, rəsmi səfərlərdə Naxçıvana və bütövlükdə, Azərbaycana ciddi dəstəklər ifadə edildi. Ulu öndər Azərbaycana rəhbərliyi müddətində Naxçıvanda sərgilədiyi mövqeni zərrə qədər də dəyişmədən saxladı və hətta onu bir sıra prinsipial məqamlar üzrə inkişaf etdirdi. Həmin məqamlar iki qardaş dövlət kimi bütövlükdə, Azərbaycan–Türkiyə münasibətlərinə və onun bazasında bütün türk dövlətləri arasında əməkdaşlıq və birliyin yaranmasına aiddir. Bütün bu uğurlarda Naxçıvandan başlanan quruculuq prosesi ciddi stimulverici və məzmulaşdırıcı rol oynamışdır.
Üçüncüsü, Ulu öndərin iki istiqamətdən ola biləcək neqativ təsirləri neytrallaşdırmağa yönəlmiş fəaliyyəti təşkil edir. Həmin istiqamətlər bəzi qonşu dövlətlərin Azərbaycanda müstəqil dövlətçiliyi zəiflətməyə və ya onu özünün oyuncağına çevirməyə yönəlmiş addımları ilə bağlıdır. Onun tərkibində isə həmin dövrdə Bakıdakı mərkəzi hökumətin kənar sifarişlərə görə hərəkət etməsi də vardı. Bununla Heydər Əliyev Naxçıvandan həm böyük qonşu dövlətlərlə, həm də onların Azərbaycan rəhbərliyindəki əlaltıları ilə mübarizə aparmalı oldu. Bu mübarizənin detalları haqqında çox yazılmışdır. Onların üzərində dayanmağa ehtiyac görmürük. Yalnız bir neçə ümumi xarakterli məqamı vurğulayaq.
Rusiya və İran Azərbaycanda real müstəqil dövlətin formalaşmaması üçün geniş təxribat fəaliyyətləri göstərirdilər. Onlar Azərbaycanda azad düşünən və sivil müstəqil dövlət qurmaq istəyənlərə qarşı ideoloji, siyasi savaşla bərabər, terror da törədirdilər. Həmin dövrdə Azərbaycanda bir neçə görkəmli insanın qətlə yetirilməsi gizli savaşın yalnız müəyyən fraqmentləridir. Hətta Heydər Əliyevi Azərbaycana dəvət edənlərə qarşı terror etdilər. Təbii ki, bu cür psixoloji təzyiqin arxasında duran məsələləri Ulu öndər gözəl bilirdi. Lakin Heydər Əliyev dayanmadı, geri çəkilmədi və Vətənin azadlığı, dövlətçilik uğrunda “ölüm-olum” savaşına başladı.
Bununla yanaşı, Naxçıvanda olarkən rəsmi Bakıdan olan təxribatçı hərəkətləri neytrallaşdırdı. Naxçıvan parlamentinə üçrəngli Azərbaycan Bayrağı gətiriləndə Bakıda bəziləri özlərini itirmişdilər. Onlar nə müstəqil davranışa, nə də öz ordusunun olmasına ehtiyac görmürdülər. Bu, kölə təfəkkürünün əlamətləri idi. Heydər Əliyev isə bəyan etdi: Azərbaycan xalqı müstəqillikdən başqa yolu seçməyəcək! Azərbaycan xalqı müstəqil və azad yaşamağa layiqdir! Tarixən bu amal uğrunda mübarizə aparmışdır və aparacaq!
Bunlar dövlət quruculuğunun Naxçıvan mərhələsində yaranmış “Naxçıvan sinerjisi”nin coşqusu idi. Təcrübə göstərdi ki, bu sinerji böyük potensiala və reallaşma imkanlarına malikdir və hətta, bütövlükdə Türk dünyasında quruculuq işlərini stimullaşdıra bilər.
Biz bununla müstəqil dövlət quruculuğunun “Azərbaycan sinerjisi”nin bir sıra məqamlarını təhlil etməyə yaxınlaşırıq.
(ardı var)
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta