AZ

Neft Fondu Ərəb Əmirliklərinin təhsilinə 100 milyon dollar qoydu -işin faydaları, ziyanı və risqləri...

Image

İlham Şaban: “Bizim Neft Fondu artıq dörd ildir ki, aktivlərin idarə edilməsindən kifayət qədər vəsait qazanıb”

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təhsil şəbəkəsinə 100 milyon dollar yatırım edib.

ARDNF “GEMS Education” şirkətinə yatırımı 17 iyun 2024-cü il tarixində investorlar konsorsiumunun üzvü olaraq edib. Bu konsorsiuma rəhbərliyi alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən nəhəng investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkəti həyata keçirib. Özəl səhm bazarında əsas hədəf sahələri infrastruktur xidmətləri, sənaye və biznes xidmətləri olan “Brookfield Asset Management” şirkəti 1899-cu ildə yaradılıb və hazırda idarə etdiyi aktivlərin toplam dəyəri 900 milyard ABŞ dollarına çatmaqla bazarda fəaliyyət göstərən ən nüfuzlu investisiya menecerlərindən birinə çevrilib. Sözügedən konsorsiumda “Brookfield Asset Management” şirkətinin idarə etdiyi fondlarla yanaşı, nüfuzlu yerli və beynəlxalq investisiya qurumları iştirak edib.

Qeyd edilib ki, Fondun yatırım etdiyi “GEMS Education” 12 illik təhsil üzrə dünyanın ən böyük və qabaqcıl özəl təhsil müəssisələri şəbəkəsinə malikdir. Şirkət 1959-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılıb. Hazırda Yaxın Şərq, Şimali Afrika, Asiya, Avropa və Amerikada məktəbə malik olan bu özəl təhsil şəbəkəsində dünyanın 176 ölkəsindən 170 min şagird təhsil alır. Şirkətin əhəmiyyətli dərəcədə böyük bazar payına malik olduğu BƏƏ-də yerləşən 40-dan çox məktəbində 135 mindən çox şagird təhsil alır.

Sözügedən investisiya ARDNF-nin Yaxın Şərqə birbaşa olaraq etdiyi ilk yatırımdır.

ARDNF təhsil mərkəzinə yatırımını belə izah edib: “Körfəz ölkələri regionu, xüsusilə də BƏƏ qlobal olaraq özəl orta təhsil sektorunda lider mövqedədir və dayanıqlı şəkildə artan əhalisi, qlobal biznes və maliyyə mərkəzi kimi formalaşması ilə böyük potensiala malikdir. Təhsil sektoru isə öz növbəsində stabil və uzunmüddətli gəlir mənbəyi kimi qəbul edilir. Bu sahədə investisiyalar, xüsusilə yüksək keyfiyyətli təhsil müəssisələrində, adətən sabit gəlir gətirir və iqtisadi dalğalanmalardan nisbətən az təsirlənir”.

BƏƏ-nin orta təhsil sisteminə bu qədər pul qoymaq bizə nə verər?

“...Təbii ki, risqlər də istisna olunmur”

Tanınmış ekspert İlham Şaban baki-xeber.com-a şərhində “Bizim Neft Fondu artıq dörd ildir ki, aktivlərin idarə edilməsindən kifayət qədər vəsait qazanıb. Əgər biz 2023-cü ilə baxsaq, 3 milyard dollardan artıq vəsait məhz kapitalın idarə olunmasından əldə edilib. Azərbaycan neftinin satışından gələn gəlir nə idi? 6 milyarddan bir qədər çox. Yəni onun yarısını artıq kapitalın idarə edilməsi qazanır. Bu baxımdan, istər şirkətlərin səhmlərinin alınması, istərsə də digər əməliyyatlara, o cümlədən startaplara vəsait qoymaq hesabına bu gəlirləri sabit saxlamaq, artırmaq istəyirlər. Yəni ümumən Norveç Dövlət Pensiya Fondu nə edirsə bizim Dövlət Neft Fondu da o istiqamətdə addımlar atır. Sadəcə, birinin aktivləri 1, 3 triliondur, bu daha çox vəsait qazandırır. Bizim Neft Fondunun isə 57 milyard kapitalı var. Sosial şəbəkələrdə də gördüm yazırlar ki, Fond bizim təhsilimizə niyə bu qədər pul ayırmır, ancaq Dubaydakı bir təhsil şirkətinə bu qədər vəsait ayırır? Əvvəla, məsələ ondadır ki, o bir şəbəkədir, o təhsil üzrə ixtisaslaşan bir şirkətdir və bu şirkətə Dövlət Neft Fondundan əlavə digər özəl kapital qoyluşu da olur. Onun idarəçiliyində də ona önəm verirlər ki, buradan daha çox dividend qazanılsın, daha çox qazanc əldə edilsin. Azərbaycanda Dövlət Neft Fondu təhsildə 2005-ci ildən necə iştirak edir? Dövlət xətti ilə xaricdə təhsil alan tələbələri dəstəkləyir, başqa bir şeyi yox. Nəyə görə? Çünki bizdə dividend verən özəl sektor  çox məhduddur. Fikir vermişəm, bizdə təhsil bazarının 1-2 faizi özəl sektora məxsusdur. Onlar da nə qazanır? Səhmdarlarına nə verir? Bu barədə heç bir məlumata rast gəlməmişəm”-deyə bildirdi.

İ.Şabanın sözlərinə görə, ancaq ümumən heç kəs onu düşünmür, heç hökumət də, dövlət də bunu cəmiyyətə lazımı qədər çatdırmır ki, postneft dövrünə biz kifayət qədər hazırlaşmışıq. “Bu baxımdan ki, bəlkə gələn il neftdən gələn gəlir, dövlətə çatan pay 3 milyard oldu, ondan daha artığını Dövlət Neft Fondu aktivlərin idarə edilməsindən qazanc kimi əldə etdi. Əvəzləməsi tam olmasa da, müəyyən qədər biz həyata keçirə bilirik”.

İ.Şaban əlavə etdi ki, hansı aktivlərə vəsait qoymaq, gəlir əldə etmək məsələsinə gəlincə, məhz dividendin hesabına əldə olunan gəlirin daha artıq olanı ilə bağlı məlumatları təhlil edən və qərar verən dünya səviyyəli ekspertlər, dünya səviyyəli fondlar, trans şirkətlər var. “Yoxsa sosial şəbəkədə yazmaqla deyil ki. Kimsə yazır ki, Dubayda Şeyxin məktəbinə pul qoyuldu. Amma məsələ heç də belə deyil”.

“Bəs bunun ziyanı və risqləri nə ola bilər, bu ehtimal varmı”-sualına gəlincə, İ.Şaban bildirdi ki, bu işin risqi də ola bilər. “Sözün adı biznesdirsə burada itki də istisna edilmir. Sizə bir misal çəkim, 2020-ci ildə şirkətlərin ki səhmləri aşağı düşdü, bu zaman Norveç Pensiya Fondu (hansı ki, neft fondudur-İ.Ş) bir ilə 84 milyard avro pul itirdi. Ancaq 2022-ci ildə 156 milyard onun gəliri oldu. Söhbət burada sırf maliyyə baxımından məsələdən gedir. Yəni sən vəsait itirdinsə, deməli deyilsən ki, yox, mən bunu itirdim və bu sahəyə getmirəm. Beznes elə şeydir ki, hər şey olur. Necə ki, neftin qiyməti aşağı düşür, qalxır, orta qiymətə baxırsan. Baxır hansı mərhələyə baxırsan. Bir illiyə baxsan səndə infarkt ola bilər. Çünki bizim neftin qiyməti 20 dollara da düşmüşdü. Ancaq 148 dollara satdığımız dövr də olub axı. Məsələ bundadır. Ona görə də yanaşma normal, praqmatik olmalıdır. Adicə İlon Maska baxaq, bir də görüsən ki, onun 10, 18 milyard pul itirdiyi barədə xəbər yayılır, bir ay, üç ay sonra onun 20-30 milyard gəlir əldə etdiyi qeyd olunur. Belədir. Bu baxımdan, təbii ki, risqlər də istisna olunmur”-deyə İ. Şaban qeyd etdi. 

İradə SARIYEVA






Seçilən
240
50
baki-xeber.com

10Mənbələr