AZ

Yeni taksi qaydaları başladı - qiymətlər bahalaşdı və ...

Ekspert: “Ən böyük problem ictimai nəqliyyatın maksimum əlçatımlı olmamasıdır”

İyulun 1-dən ölkədə yeni taksi qaydaları tətbiq olunmağa başladı. Belə ki, dünəndən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, taksi minik avtomobilləri ən azı “Avro-5" ekoloji standartına uyğun olmalıdır.

Bundan başqa, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Bəs yeni qərarın tətbiqi nə ilə nəticələnir? Reydlər başlayıbmı? Köhnə taksilər dövriyyədən çıxıb, yoxsa gizli çalışırlar? Yeni qayda xaosu aradan qaldıracaq, yoxsa daha bərbad vəziyyət yaranacaq? Məsələ ondadır ki, paytaxtda 70 minə yaxın taksi var idi. Onlardan cəmi 15 minə yaxınının müvafiq sənədlər əldə etdiyi və yeni normalar üzrə çalışmağa icazə aldığı bildirilirdi. 

Məsələni daha yaxından araşdırmaq üçün “Yeni Müsavat”ın əməkdaşı kimi paytaxtda taksi fəaliyyətini müşahidə etməyə çalışdıq. Taksi sürücüləri bizimlə söhbətləşərkən bildirdilər ki, artıq “Bolt”, “Uber” kimi taksi şirkətləri qaydalara uyğun gəlməyən taksilərin sürücülərinin profillərini bloklamağa başlayıb. Sürücülərə gəldikdə, müşahidələrimizdən məlum oldu ki, əksər taksi sürücüləri fəaliyyətinə icazə verilməsə də, hələ ki fəaliyyətlərini davam etdirirlər.

70 yaşlı taksi sürücüsü Nəriman Tağıyev bizimlə söhbət zamanı bildirdi ki, artıq uzun illərdir ki, taksi fəaliyyəti ilə məşğuldur, amma yeni qaydalar onu çətin vəziyyət qarşısında qoyub: “Şəxsən mən tələb olunan sənədləri, icazə kartı ala bilməmişəm. Səbəb  avtomobilimin istehsal tarixinin 8 ildən çox olması ilə bağlıdır.

Ümumiyyətlə isə həmin sənədlərin hazırlanması üçün maddi imkanım yoxdur. Sənəd əldə edənlərin dediklərinə görə, bunun üçün azı 500-600 manat pul lazımdır, bu pul isə məndə yoxdur. 70 yaşım var, işləyib günə 5-10 manat pul qazanıb, ailəmi dolandırıram, o qədər pulu haradan alım?"

Taksi sürücüsü Musa Pripuri isə yeni qaydalara əsasən çox sayda sənəd tələb olunmasının doğru olmadığını düşünür: “Neçə ilin taksi sürücüsüyük, indi bizə deyirlər ki, gedin imtahan verin, narkoloji testdən keçin. Bizim kimi sağlam adamın narkoloji testdən keçməsinə nə ehtiyac var? Kim ki, narkotik maddələrin istifadəçisidir, onlar bu cür testdən keçməlidir. Yaşlı insanlarıq, müəyyən sənədlər üçün biri 200, biri 300 manat tələb edir, bu qədər pulu necə verək? Gündəlik işləyib, evə 5-10 manat pul aparır, ailəmizi dolandırırıq. Bir gün işləməsək, pulsuz-parasız qalırıq. Ona görə də o qədər pulu aparıb sənədlərə vermək imkanımız yoxdur”.

Xəqani Həsənov da artıq 20 ildir taksi sürücüsü kimi fəaliyyət göstərdiyini deyir:  “Yeni qaydalarla tələb olunan sənədləri almaqda çətinlik çəkirəm. Həmin sənədlər də ala bilmədiyimə görə yəqin ki, yaxın vaxtlarda taksi fəaliyyətindən uzaqlaşmalı olacam.

Ümumiyyətlə, yeni qaydaların olmasının tərəfdarıyam. Çünki son illərdə hamı, bütün peşədən olan insanlar taksi fəaliyyəti göstərməyə başlamışdı. Mənim peşəm sırf taksi sürücülüyüdür, başqa sahədə heç vaxt çalışmamışam. Amma hamının bu sahəyə gəlməsi biz peşəkar taksi sürücülərini də “oda atmış” oldu. Yəni bu gün onlara görə biz öz çörəyimizdən olmuşuq. Bəli, yeni qaydalar yaxşıdır, amma yaxşı olardı ki, hökumət bu qaydaları 5-6 il əvvəldən icra edərdi, özü də tədricən, yoxsa bu cür sərt tələblərlə deyil".

Sürücü Rafael İbayev isə artıq taksi fəaliyyəti üçün icazə kartı aldığını deyib: “Bütün imtahanlardan uğurla keçdim. Buraxılış vəsiqəsi üçün dövlət 125 manat, buraxılış kartı üçün 25 manat, şəhadətnamə üçün 76 manat, narkoloji testdən keçmək üçün 30 manat ödədim. Bircə qalıb fərqlənmə üçün 74 manat ödəmək, bu da problem deyil, yəni işlədiyim müddətdə ödəyə bilərəm”.

Sürücü Azad Əmanov da taksi fəaliyyəti üçün tələb olunan qaydalar əsasında müvafiq sənədlərini aldığını deyir. Bununla belə, taksi qiymətlərinin artmamasından narazıdır: “Sənədlərə bu qədər pul xərclədik, bütün proseduralardan keçdik, amma hələ ki taksi qiymətlərində artım yoxdur. Halbuki şirkətlər bizə bildirmişdi ki, yeni qaydalar tətbiq olunanda qiymətlər də artacaq. Doğrudur, müəyyən pik saatlarda qiymət artımı olur, bu da taksi çatışmazlığından irəli gəlir. Amma ümumilikdə qiymətlərdə artım yoxdur”.

Taksi xidmətindən istifadə edən sərnişinlər isə bunun əksini bildirir. Qeyd edirlər ki, son həftələrdə taksi qiymətləri az qala 2 dəfə artıb. Məsələn, sifariş etdikdə, bir neçə yüz metrlik məsafə üçün 3 manat 11 qəpik və ya 4 manat 50 qəpik qeydə alınır. Qiymət taksi şirkətlərinə görə dəyişir. Sərnişinlər yeni qaydaların tətbiq olunmasından razı, amma qiymət artımından xeyli narazıdırlar. 

“Belə görünür ki, bundan sonra yalnız məcburiyyət qarşısında qaldıqda taksi sifariş edəcəm. Çünki sərf etmir. Məsələn, əgər hansısa məsafə üçün gediş haqqı 3,5 manat yazırdısa, indi azı 6 manat yazır. Pik saatlarda isə həmin məsafə üçün bəzən 7 manat da yazılır. Bu heç yaxşı hal deyil. Hətta eşidirik ki, qiymət artımı hələ davam edəcək”, - deyə Arif adlı Bakı sakini bizə açıqlamasında bildirir. 

Ərşad

Ərşad Hüseynov 

Nəqliyyat eksperti Ərşad Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:  “Burada söhbət taksi islahatlarından gedir. Hədəf başa düşüləndir, bu sahədə xaos olmamalıdır, nizam-intizamlı, keyfiyyətli, mədəni xidmət olmalıdır. Lakin istənilən sahədə hər şeyi ideal vəziyyətə gətirmək mümkün deyil. Ona görə də ilk növbədə ictimai nəqliyyatı yaxşılaşdırmalıyıq. Əgər Bakıda və digər bölgələrdə ictimai nəqliyyatdakı mövcud problemləri aradan qaldırmasaq, ictimai nəqliyyat maksimum dərəcədə əlçatımlı olmasa, avtobuslar yenə də qrafiklə işləməsələr və sairə, biz heç zaman uğur qazana bilməyəcəyik. 

Ümumiyyətlə, ölkəmizdə nəqliyyatla bağlı problemlərin böyük əksəriyyəti ictimai nəqliyyatın maksimum əlçatımlı olmamasıdır. Yəni insanlar daha çox ictimai nəqliyyatdan istifadə edər, fərdi avtomobillərlə törədilən yol hadisələrinin sayı az olar. 

Məlumata görə, bu günə qədər Bakıda cəmi 15 minə yaxın taksinin müvafiq sənədlər əldə edib və yeni normalar üzrə çalışmağa icazə alıb. Bununla da taksilərin sayı da xeyli azalıb. Hesab edirəm ki, taksilərin sayının azalmasına deyil, taksi xidmətinə müraciətlərin sayının azalmasına çalışmaq lazımdır".

Bəs Bakı-Sumqayıt üzrə işləyən 1 manatlıq yolüstü maşınların taleyi necə olacaq? Səhər və axşam Bakıya işə gəlib gedəndə yolüstü adam götürənlər də cərimələnəcəkmi? 

Ərşad Hüseynov suallarımızı bu cür cavablandırdı: “Əlbəttə ki, həmin sürücülər də qaydalara əməl etməlidir. Əgər fəaliyyətləri qaydasında olmasa, onlara qarşı da nəzarət tədbirləri  görülməli, lazım gələrsə, cərimələnməlidirlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
256
50
musavat.com

10Mənbələr