AZ

Bu il hansı ixtisaslara üstünlük veriləcək? - MÜNASİBƏT BİLDİRİLDİ

"İxtisas seçimi ilə bağlı ən zəruri mənbələrdən biri abituriyent jurnalının dördüncü sayıdır. Həmin say bu il üçün ayrılan plan yerlərini özündə əks etdirir". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə mütəxəssis Elmin Nuri deyib.

O bildirib ki, ixtisas seçiminin də əsas canı və əsas uğuru məhz düzgün plan yerlərinin müəyyənləşdirilməsi və həmin plan yerlərinə əsasən qərarın verilməsidir: "Biz bəzən keçid balını daha üstün tuturuq. Məsələn, Bakı Dövlət Universitetinin coğrafiya ixtisasının keçid balı ötən il necədirsə, biz onu götürür, qərarımızda müəyyən təsiredici hal kimi qəbul edirik. Buna etiraz etmirik. Təbii ki, ötən ilki göstəricilər, statistik datalar vacibdir. Amma plan yerləri məhz bu ilin göstəricisidir. Abituriyentə birbaşa lazım olan rəqəmdir. Ona xüsusi diqqət yetirilməlidir. Bunları ona görə dedim ki, abituriyent jurnalının dördüncü sayının son səhifələrində dövlət hesabı, dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayı göstərilir. Orada çox vacib detallar var. Data jurnalistikada maraqlı ifadə var: "Rəqəmlər danışır, rəqəmlər müqayisə aparır və rəqəmlər təhlil edir". Oradakı rəqəmlər bizimlə çox gözəl danışır və situasiyanı bizim üçün təhlil edir.

Dövlət sifarişli plan yerlərinin sayı hansı ixtisas üzrə artırılıbsa, deməli, bu ixtisas dövlətə lazımdır. Çünki dövlət sifarişli demək həmin tələbəni dövlətin oxutması deməkdir. Çünki pulsuz təhsil anlayışı yoxdur. Ya öz hesabına təhsil alırsan, ya da dövlətin hesabına. Hər bir halda bu, pulludur. Sadəcə biz pul vermirik deyə, dövlət əvəzimizə pulu ödəyir deyə, pulsuz təhsil aldığımızı düşünürük. Dünyanın heç bir yerində pulsuz təhsil yoxdur və olmayacaq. Ən azından bu tədrisi aparan müəllim maaş almalıdır. Digər xərclər də var.

Dövlət də analizlər aparır, gələcəklə bağlı proqnozlar üzərində işləyir, analitik təhlillər aparır. Müəyyənləşdirir ki, bu il qəbul olunan uşaqlar arasında hansı ixtisasın tələbələri dörd ildən sonra əmək bazarına, bizə daha verimli olacaq, bizə daha lazım olacaqlar. Ötən il bu ixtisaslar ilk növbədə kompüter elmləri, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, avtomatika proqramlaşdırma idi. Dövlət sifarişli plan yerlərinin siyahısında kompüter elmləri digər ixtisasları xeyli qabaqlayırdı. Həmin ixtisaslarla bağlı datalar abituriyent, valideyn üçün də çox yaxşı bələdçi rolunu oynayır. Bundan əlavə, bu dəqiqə turizm, mühəndislik, sosial iş ixtisası ilə bağlı biz plan yerlərinin hər il artdığını görürük. Bu da o deməkdir ki, dörd ildən sonra əmək bazarı üçün hesablanıb, ölçülüb məhz bu ixtisasların lazım olduğu bildirilir. Bu kimi detallara mütləq fikir vermək lazımdır".

"Bu il ictimai-humanitar ixtisaslar praktiki baxımdan öz aktuallığını itirir. Bu, təbiidir. Süni intellekt dövründə, süni intellekt alətlərinin insan zəkasından dəfələrlə artıq işi yerinə yetirmək bacarığı olduğu bir dövrdə şablon olmuş ictimai-humanitar ixtisaslar bəzən yararsız olur. Bu o demək deyil ki, biz onları tamamilə atmalıyıq. Əgər belə olsa idi, sosiologiya kimi ixtisas Amerika, Britaniyada azaltmaq əvəzinə artmazdı. Elə olsa idi, dünyanın böyük universitetləri fəlsəfə ixtisasını çoxdan bağlayardılar. Amma bununla bağlı əksini görürük. Biz uyğun bağı tapmalıyıq. İctimai-humanitar istiqamətlərin bu günkü süni intellekt dövrü ilə əlaqələndirilməsini necə aparmaq lazımdırsa, bunu etmək lazımdır. Yəni, ümumən yararsız ixtisas yoxdur. Az yararlı olan var, çox yararlı olan var. Bu gün az yararı olan ictimai-humanitar, pedaqoji əsaslı ixtisaslar dövrün tələbi ilə əlaqələndirilməli, bu şəkildə tədris edilməlidir ki, tələbə əmək bazarında müəyyən çətinliklə üzləşməsin" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
sia.az

2Mənbələr