AZ

Yüksək səviyyəli əməkdaşlıq böyük mədəniyyət nümunəsidir

Bu barədə Mediasiya Şurasının İdarə Heyətinin sədri, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov bildirib.
O, ilk olaraq qeyd edib ki, Orta Asiya ölkələrinə səfər zamanı istər həmin ölkələrin dövlət qurumlarının, istərsə də ictimai fikrin cənab Prezident İlham Əliyev başda olmaqla ölkəmizə, xalqımıza böyük hörmət və ehtiramının olduğunun şahidi olduq. Bu bizi çox qürurlandırdı. Bu qüruru isə sözlə ifadə etmək çox çətindir. Bu prosesləri yaşamaq və görmək lazım idi. Nadir Adilovun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdə xarici siyasət özünəməxsus və mühüm yer tutur. Və hesab edirik ki, hər birimizin borcudur ki, cənab Prezident İlham Əliyevin apardığı xarici siyasət də daxil olmaqla müəyyən edilmiş strateji xətti öz təmsil olunduğumuz qurumlar səviyyəsində davam etdirək və ölkə başçımızın apardığı strateji kursun daxilində hərəkət edək.
O vurğulayıb ki, Azərbaycan Respublikasının Mediasiya Şurasının rəhbərliyinin Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan Respublikalarına səfəri çox uğurla başa çatıb. Nadir Adilov qeyd edib ki, səfər zamanı adları sadalanan ölkələrin dövlət və rəsmi qurumları ilə təşkil edilən görüşlər də daxil olmaqla bütün aparılan işlərdə Xarici İşlər Nazirliyinin və Nazirliyin dəstəyi ilə hər üç ölkədəki səfirlərimizin, səfirliklərimizin və səfirlik əməkdaşlarının böyük rolu olub. Səfərlərimiz zamanı xarici siyasət sahəsində aparılan işləri, uğurları görmək bizi qürurlandırdı.
O həmçinin qeyd edib ki, Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti çərçivəsində Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Şuranın İntizam Komissiyasının sədri Mayıl Əhməd, Etika Komitəsinin sədri Aqil Əsgərov qeyd edilən dövlətlərə səfər edib. Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri ilə yanaşı Türkiyə Respublikasından, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, İdarə heyətinin üzvləri Hasan Oymak, Emrullah Manav, Ali Selek də qeyd edilən səfərlərdə iştirak ediblər. Səfər çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan Respubliklarında mediasiya qurumlarının rəhbərləri, dövlət orqanları nümayəndələri ilə ölkəmizin mediasiya təşkilatları arasında görüşlər zamanı adları qeyd edilən ölkələrin mediasiya təcrübələrinin qarşılıqlı olaraq öyrənilməsi və eyni zamanda Türk Dünyası Mediatorlar Birliyi tərəfindən türkdilli dövlətlərin mediatorlarının böyük qurultayına hazırlıq məsələləri müzakirə edilib. Eyni zamanda görüşlər zamanı qarşı tərəflərin Azərbaycanın mediasiya təcrübəsinin öyrənilməsi təşəbbüsləri bizi çox sevindirdi.
Bu səfərlər və görüşlər qarşılıqlı təcrübə mübadiləsi ilə yanaşı ölkələr arasında qarşılıqlı mediasiya proseslərinin aparılması məsələsini də son dərəcə zəruri edir. Belə ki, mediasiya proseslərində ailə, əmək, mülki, inzibati, kommersiya mübahisələrinə baxıldığından bəzən və bir çox hallarda burada müxtəlif ölkələrin vətəndaşlarının birgə nikahı, əmək münasibətləri, eyni zamanda kommersiya, mülki və inzibati mübahisələrin qarşılıqlı olaraq ölkələrin mediasiya təsisatları vasitəsilə həllinin də zəruriliyini görürük. Müasir dünyada qloballaşan dəyərlər artıq o dərəcədə inkişaf edən bir mərhələyə çatıb ki, artıq biz beynəlmiləl ailələrin, müxtəlif ölkələrin vətəndaşları arasında nikahların günbəgün artdığının şahidi oluruq. Eyni zamanda investisiya mühitinin əsas şərtlərindən biri olan dövlətlərin maliyyə qurumlarının ölkələrinə xarici investisiya cəlb etməsi sahəsində apardığı yüksək işləri də görürük. Böyüyən ictimai və iqtisadi sistemlərdə bu mediasiya proseslərinin təmsilçiliyi məsələləri çox labüddür. Amma, əlbəttə ki, heç kim mübahisələrdən sığortalanmayıb və inkişf edən ictimai və biznes münasibətlərində mübahisələrin olması və onların həll edilə bilməsi də təbii bir prosesdir. Və bu mübahisələrin həllində isə ilk fikrə gələn mediasiya institutu olur.
Məhz bu səbəbdən də ölkəmizin uğurlu xarici siyasəti sahəsində aparılan işlərdə hər bir peşə birliyi, hər bir dövlət qurumu üzərinə düşən vəzifəni uğurla həyata keçirir. Biz də bu sahədən nümunə götürərək ölkəmizin Mediasiya Şurası olaraq üzərimizə düşən vəzifələri öz sahəmizdə uğurla və bizdən öncəki pozitiv təcrübələr əsasında davam etdirməliyik. Bu bizim həm mənəvi və həm də peşə borcumuzdur. Hər üç ölkədə Azərbaycan Respulikasının Xarici İşlər Nazirliyinin səfirliklərimiz vasitəsilə apardığı iş mükəmməldir, bu fəaliyyyət üzrə xarici siyasətimizdə hər üç ölkədə səfirliklərimizin apardığı gərgin iş sayəsində əldə edilən nailiyyətlərin canlı şahidi olduq. Ən sevindirici məqamlardan biri də odur ki, hər üç ölkədə səfirliklərimiz həmin ölkələrdə fəaliyyət göstərən, işləyən azərbaycanlıların istənilən qayğısına diqqətlə yanaşır, dəstək olur. Səfirliklərimiz və diaspor qurumlarımız arasında olan yüksək səviyyəli əməkdaşlıq, hesab edirəm ki, böyük bir mədəniyyət nümunəsidir.
Diaspor və səfirliklərimiz hər bir məsələdə ölkəmiz adına ancaq rəğbət qazandırırlar. Fürsətdən istifadə edib bütün xarici səfərlərimizdə fəaliyyətimizə göstərilən diqqət, qayğı və dəstək üçün Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramov başda olmaqla Xarici İşlər Nazirliyinin aidiyyəti struktur rəhbərlərinə, səfirlərimizə və səfirlik əməkdaşlarımıza dərin təşəkkür edirik. Məhz bunun nəticəsidir ki, ölkəmizdə aparılan mediasiya işləri artıq pozitiv beynəlxalq ictimai rəyi özünə cəlb etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
businesstime.az

1Mənbələr