AZ

Məşhur model Deniz Akkayanın qızı anası ilə bağlı qorxunc iddialar irəli sürdü: "Məni ona verməyin"

Məşhur türkiyəli model Deniz Akkayanın son zamanlar qızı ilə yaşadığı problemlər gündəm olub.

Akkaya ilə qızının atası Efe Önbilgin arasında qəyyumluqla bağlı məhkəmə prosesində yeni faktlar ortaya çıxıb. Sosial xidmətlər üzrə ekspertin apardığı müsahibələrdən sonra hazırlanan hesabat açıqlanıb.

Bu barədə Oxu.Az "Takvim" nəşrinə istinadən bildirir.

Hesabatda Deniz Akkayanın hazırda müvəqqəti olaraq atasının himayəsinə verilən 16 yaşlı qızı Ayşe anasının onu döydüyünü və şiddət göstərdiyini iddia edib.

"Anam məni döyür, evdən qovur. Onu görmək istəmirəm. Məni anama verməyin, uşaq evində qalmağa da razıyam", - deyə Ayşe psixoloqlarla söhbətində xahiş edib.

Hesabatda bildirildiyinə görə, qızın atası Cengiz Efe Önbilgin Deniz Akkayanın qızı ilə görüşməsinə mane olduğunu deyib. Önbilgin iddia edib ki, Akkaya atasından qızına gələn mesajları gördükdə Ayşe ilə dalaşıb, zorakılıq edib. Həmçinin, məhkəmə prosesi davam etdiyi müddətdə qızı ilə maraqlanmayıb.

Ayşe anasının ona şillə vurduğunu, saçını dartdığını bildirib, "ruhi xəstəsən, pis toxumsan, çox yemə, kökələcəksən, çirkin olacaqsan, daha mənim qızım deyilsən" kimi ifadələr işlətdiyini deyib.

Həmçinin, son mübahisələri zaman anasının onu evdən qovduğunu qeyd edib. O, İstanbulda anası ilə yaşamaq istəmədiyini, hətta adını da dəyişmək istədiyini nəzərə çatdırıb. Atası ilə Londonda yaşamaq istədiyini dilə gətirən Ayşe qəyyumluğun atasına keçəcəyi təqdirdə anası ilə görüşmək istəmədiyini də əlavə edib.

Məhkəmədə Deniz Akkayanın Ayşeyə qarşı zorakılıq və təhdidlərinin səsyazıları da təqdim edilib.

Səsyazılarında Akkaya qızına artıq onu görmək istəmədiyini, heç bir halda onunla və həyatı ilə maraqlanmayacağını, öz həyatı ilə bağlı başqa planlar qurduğunu və bu planlarda qızına yer olmadığını, qızından daha vacib işlərinin və dostlarının olduğunu, onların yanında olacağını, hətta analıqdan imtina etdiyini bildirib.

Model: "Azadsan, istədiyin kimi davran. İstəmirsənsə, evə də gəlmə, bunu da sənə deyirəm. Çünki səndən bezmişəm. Evin yoxdur sənin, buraya dönüş yoxdur", - kimi ifadələr işlədib.

"İnan, narkotik istifadə etməyə başlasan belə, vecimə deyil artıq. Çünki boğaza yığılmışam. Mən sənin xidmətçin deyiləm. Mən sənə analıqdan imtina edirəm", - deyə Deniz Akkaya əlavə edib.

Xatırladaq ki, Akkaya ilə qızı Ayşe arasında qalmaqallı mübahisə zamanı o, qızının mobil telefonunu əlindən almaq istəyib və vəziyyət kəskinləşib. Ayşe anasını eyvanda kilidləyib və uzun müddət qapını açmayıb. Deniz Akkaya polis çağırıb və bu yolla evə girə bilib. Qızı tərəfindən zorakılığa məruz qaldığını iddia edən Akkaya onu cəzalandırmaq üçün müvəqqəti olaraq uşaq evinə göndərdiyini bildirib. Hadisədən sonra Akkayanın keçmiş əri Efe Önbilgin qəyyumluq iddiası qaldırıb və məhkəmə prosesini qazanıb.

Məhkəmə qızın uşaq evində qalmasını məqsədəuyğun saymayıb və Ayşenin qəyyumluğu atası Efe Önbilginə verilib. Məhkəmə Ayşenin uşaq evindən çıxarılaraq atasına təhvil verilməsinə qərar verib.

Məsələ ilə bağlı paylaşım edən Akkaya bildirib ki, qəyyumluq qərarı onun icazəsi ilə alınıb.


BiG.Az
Seçilən
126
2
big.az

10Mənbələr