AZ

Gəncləri cənginə alan dəniz: Mənfi hallardan necə qorunmalı?

Son zamanlar gənclərin dənizdə boğulması ilə bağlı neqativ xəbərlər paylaşılmaqdadır. Onlar arasında ən çox tələblərin olduğu müşahidə edilir.

 

Bəs, görəsən, bu hadisədə ən çox hansı faktorun rolu böyükdür?Gənclər bu məsələdə ən çox nəyə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhlükəsizlik qaydaları üzrə ekspert Elman Nurəliyevin sözlərinə görə, çimərliyə gedərkən hava şəraiti nəzərə alınmalıdır:

 

 

“Təkcə aydın, əlverişli hava şəraitində çimərliyə getmək olar. Yəni əlverişsiz havada, küləyin sürəti saatda 10-12 metri keçərsə, yağışlı və buludlu olarsa, birmənalı olaraq çimərliyə getmək yolverilməzdir. İkinci əsas şərt çimərliyi düzgün seçməkdir. Yalnız fəaliyyətinə icazə verilən çimərliklər məqsədəuyğundur.

Bu nə deməkdir? Yəni hansı çimərliklərin fəaliyyətinə icazə verilib? Hansı ki, həmin çimərliklər aidiyyatı üzrə müvafiq qurumlar tərəfindən həm suyun fiziki, kimyəvi, bioloji sanitar normaları yoxlanılıb, həm də suyun dibinin akvatoriyası öyrənilir, suyun dibində sualtı axınlarının olub-olmaması, daş-qaya parçalarının insanlara xəsarət yetirə biləcəyi amilləri və s. nəzərə alınır. Bütün bunlardan sonra çimərliklərin fəaliyyətinə icazə verilir.

 

Fəaliyyətinə icazə verilən çimərliklər ona görə ziyansızdır ki, orada çimmək üçün  insanlar üçün hər hansı bir təhlükə yoxdur. Nəzarətsiz və yoxlanılmamış çimərliklər əlbəttə ki, təhlükəlidir”.

 

Ekspert  qeyd edib ki, dünya üzrə suda boğulma hallarının statistikasına əsasən 95% insan nəzərətsiz çimərliklərdə dünyasını dəyişib:

 

“Ona görə də insanlar həmin çimərliklərə üz tutmasınlar. Xüsusilə də həmin çimərliklərdə xilasetmə mövcud deyil.

Bizdə Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət, sularda xilasetmə xidməti var. Həmin xidmət tərəfindən hər il yüzlərlə boğulma təhlükəsi ilə üz-üzə qalan insan xilas edilib. Ona görə də xilasedicilər olan ərazilərə üz tutmaq daha faydalıdır.

Çimərlikdə xüsusi nişanlanmış sərhədlər var. Yəni o sərhədləri keçməmək lazımdır. Çimərliyi hər hansısa idman yarışı ilə qarışdırmaq olmaz. Çünki bu kimi amillər boğulma təhlükəsinin yaranmasına gətirib çıxarır. Boğulma hadisələrinin statistikasında məhz 70%-dən çoxu suda 15-20 dəqiqədən artıq vaxt keçirənlərin payına düşür. Bu dünya üzrə statistikadır”.

 

Həmsöhbətimiz bildirib ki, uşaqlar mütləq qaydada valideyn nəzarətində olmalıdır:

 

“Çimərliyə gedən zaman planlı olmaq lazımdır. Uşaqları birmənalı olaraq nəzarətsiz buraxmaq olmaz. Onlar mütləq qayda da valideyn nəzarətində olmalıdır. Çünki ani bir diqqətsizlikdən belə bədbəxt hadisələr baş verə bilir.

 

Spirtli içki qəbul edib suya daxil olmaq qətiyyən yolverilməzdir. İnsanın özü ilə suya hər hansı bir kiçik gəmi və bu kimi üzmək üçün vasitələr daxil etməsi düzgün deyil..

 

Dünya üzrə bütün ölkələr demək olar ki, suda boğulma ilə mübarizə aparır. Hər il dünyada təxminən 400 minə yaxın insan suda boğularaq həyatını itirir. Bu çox ciddi rəqəmdir. Boğulma hallarının böyük əksəriyyəti məhz nəzarətiz çimərliklərin payın düşür. Hətta bəzi ölkərdə boğulan şəxsə kömək etmək qadağandır. Yalnız həmin insana peşəkar xilasedicilər kömək edə bilər”.

 

Seçilən
45
azedu.az

1Mənbələr