6 Noyabr Metropoliten İşçiləri Günüdür
Bakı metrosunun müstəqillik illərindəki fəaliyyəti iqtisadi inkişafın həm Azərbaycan modelini, həm də bazar iqtisadiyyatının başlıca tələblərinin sosial əsaslı layihələrlə uzlaşdırılmasını tələb edirdi. 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC də bu zərurətdən ilə yarandı. Bundan sonrakı dövr metropolitenin tarixinə hərtərəfli inkişafın yüksək sürəti ilə daxil oldu.
Metro infrastrukturunun əsas hissəsi yer altında, tunellərdə yerləşdiyi və hidrogeoloji şəraitin, qrunt sularının dağıdıcı təsiri ilə üzləşdiyi üçün, ilk növbədə, mühitin kimyəvi, həmçinin qatarların dartı cərəyanından yaranan elektrik korroziyasının tunellərə mənfi təsiri gündəlik iş rejimi şəraitində aradan qaldırılır, axıntılar ləğv edilir, yeraltı sular tunellərdən kənarlaşdırılır, orada təbii və məcburi hava axını yaradılır. Xüsusən korroziya əleyhinə mübarizə prosesində metropolitenin mütəxəssisləri tərəfindən dünya təcrübəsinə əsaslanan müasir boyalardan istifadə edilir.
Bakı Metropolitenində formalaşan qrunt sularından səmərəli istifadə ilə bağlı təşəbbüs isə paytaxt üçün ən mühüm layihələrdəndir. “Nizami” stansiyası yaxınlığında xüsusi qurğularla yer üzərinə çıxarılan su paytaxtda texniki məqsədlər, ən əsası, yaşıllıqların suvarılmasında səmərəli istifadə olunur.
Enerji təminatının etibarlığı, siqnal və rabitə sistemlərinin dəqiqliyi, stansiya və tunellərin səmərəli havalandırılması olmadan, sərnişin texnikası və avtomatikası (eskalatorlar, liftlər, gediş kartı aparatları, avtomat nəzarət-buraxılış məntəqələri, yanğın-mühafizə, videomüşahidə sistemləri və s.) lazımi səviyyədə işləməsə, hərəkətin təşkilindən, yüksək xidmət mədəniyyətindən, sərnişinlərin rahatlığı və təhlükəsizliyindən söz gedə bilməz. Buna görə də metronun enerji təminatı bazasının möhkəmləndirilməsi, fövqəladə hallarda yeraltı yolların alternativ enerji mənbələrindən qidalanması sahəsində əsaslı işlər görülüb. Depo ərazisində 2 yarımstansiya yeni bina ilə təmin olunmaqla müasir standartlar səviyyəsində qurulub. Eyni işlər “İçərişəhər”, “Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarının elektrik təminatı bazalarında, digər dartı və alçaldıcı elektrik yarımstansiyalarında da yerinə yetirilib.
Gələcəkdə metropolitendə hərəkətin təşkili və idarə olunmasında müasir “CBTC” və “SCADA” proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni “Bənövşəyi xətt”də və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.
Yarım əsrdən artıq bir istismar dövrü yaşayan Bakı Metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi son illərdə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 20-yə yaxın belə ventilyator yenisi ilə əvəzlənib.
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın, demək olar ki, 80 faizindən çoxu yenilənib. Sovet dövrünün eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.
Çoxminlik metropoliten kollektivi həmişə Bakıda normal həyat şəraitinin təmin olunmasında üzərinə düşən məsuliyyət yükünün ağırlığını dərk edir və şəhər sərnişindaşımalarında özünəməxsus üstünlükləri qoruyub saxlayaraq daha da artıracağına, sərnişinlərinə xidmətin səviyyəsini daha da yüksəldilməsinə, onların təhlükəsizliyinin, rahatlığının təmin olunmasına inamla zəmanət verir.
Bu il ərzində 27-ci, ikinci yerüstü və “Bənövşəyi xətt”in 4-cü stansiyası istismara verilib. “Xocəsən” elektrik deposunun açılışı olub. Yeri gəlmişkən, əgər ilk deponun işə salınmasında 56 il əvvəl keçmiş SSRİ-nin çoxsaylı mütəxəssisləri rol oynamışdılarsa, beynəlxalq standartlara uyğun qurulan indiki “Bənövşəyi xətt” deposu Azərbaycan mütəxəssislərinin müstəqillik illərində əldə etdikləri təcrübənin nəticəsidir.
Bütün bunlarla bərabər, ötən il dekabrın 30-dan başlayaraq 4 qatar tərkibini formalaşdıran 20 vaqon da sərnişinlərin ixtiyarına verilib. Eyni zamanda, metropolitendə xidmət mədəniyyətinin yüksəldilməsini və sərnişin məmnunluğunu şərtləndirən ən zəruri amil Azərbaycan Prezidentinin xüsusi tapşırığı ilə 2015-ci ildən alınan yeni nəsil qatarları olub. Belə qatarların sayı 23-ə, vaqonların sayı isə 115-ə çatdırılıb.
Hazırda istismarda 11 kilometrdən çox depo yolları var və onun 80 faizə yaxın hissəsi artıq beton şpallar üzərində qurulub. Bu isə ölkə xaricindən gətirilən ağac şpallarından asılılığı daha da azaldıb. Belə bir şəraitdə mövcud şpalların qulluğu daha da asanlaşıb, səmərəsi isə çoxalıb.
“Bakı Metropoliteni” QSC-nin öz layihəsi əsasında daha bir yenilik də artıq özünü doğruldub. Belə ki, depoda 7 yoldəyişdirici qurğu dəmir-beton çevirici tirlər üzərində yerləşdirilib. Qatarların təmir edilmiş baxış-qulluq sahələrinin qarşısında olan daha 5 qurğu da dəmir-beton monolit üzərində olmaqla yenidən qurulub.
Cari il metropoliten üçün hər hansısa məhdudiyyətin olmadığı şərait sayıla, yəni postpandemiya dövrü hesab oluna bilər. Çünki pandemiya metropolitenə çox böyük mənfi təsir göstərib. Əlbəttə, zaman baxımından mümkün texniki yeniliklər reallaşdırılıb. Hətta “Elmlər Akademiyası” stansiyasında, depoda bir neçə yol yenidən qurulub, ölkəmizdə istehsal olunan dəmir-beton bloku tətbiq edilib. Bu xüsusda artıq “Cəfər Cabbarlı”, “Xətai” stansiyaları da daxil olmaqla, yollar müasirləşdirilib. Hətta əsaslı təmiri davam edən “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına qədər olan yolun 500 metrlik hissəsində də dəmir-beton blok tətbiq edilib. Lakin əsas məsələ sərnişindaşıma və onun təşkilidir. 2019-cu ildən sonra ilk dəfə sentyabr ayında məhz bu il payız-qış qrafiki tətbiq olunub.
V.BAYRAMOV XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta