AZ

“Sumqayıt”dan qəhrəmanlıq tələb olunur - YENİLƏNİR

Konfrans Liqasındakı təmsilçilərimiz bu gün və sabah keçirəcəkləri cavab oyunlarıyla 3-cü təsnifat mərhələsinə adlayıb-adlamayacaqlarına aydınlıq gətirəcək.

İki oyunun eyni gündə olması isə sizi narahat etməsin. Çünki ötən həftə olduğu kimi, bu dəfə də “Sumqayıt”ın görüşünü “İdman TV”, “Zirə”nin oyununu “CBC Sport”, “Sabah”ın matçını İctimai televiziya canlı yayınlayacaq.

Fehervar (Macarıstan) – Sumqayıt
Hakimlər: KRİSTOFFER KARLSSON, Mikael Hallin, Markus Lundqren Klitte, Oskar Yonson (hamısı İsveç).
31 iyul. Sekeşfehervar. “MOL Arena”. Saat 21.00.

Birinci oyunun ilk dəqiqələrini üstün keçirən, hətta hesabı açan “Sumqayıt” Murad Xaçayev qırmızı vərəqə almasından sonra özünü itirdi və sona qədər toparlana bilmədi. Qonaqların iki qolu isə matçın taleyini həll etdi. Beləliklə, “kimyaçılar” şanslı görünmələrinə rəğmən, məğlubiyyətlə barışmalı oldu. Lakin hələ heç nə bitməyib. Düzdü, rəqibi səfər oyununda mübarizədən kənarlaşdırmaq mümkündü. Bəs “gənclik şəhəri”nin təmsilçisi buna nail olacaqmı? Ürəkağrıdıcı olsa da, səmimi danışmaqda fayda var.

Komanda ev oyununda yol verdiyi səhvlər üzündən şansını xeyli azaldıb. Müdafiə xəttinin əsas fiquru Muradın cəzalı olması, “Fehervar”ın “doğma divarlar” arasında, öz dilləri ilə desək, “ağ qəsr”də meydana çıxması, Macarıstana uzun yol, ilk matçdan sonra istirahət və hazırlıq üçün vaxt qıtlığı kimi amillər “Sumqayıt”ın əleyhinədi. Hər halda, “sonuncu ölən ümidlərdi” deyib pozitiv yanaşmalıyıq. Ona görə ki, “kimyaçılar” ilk oyunda pis təsir bağışlamadı. Rəqibin bəzi kartları da açıqdı. Əlbəttə, uğura əvvəl baş məşqçi Samir Abasov və komandası inanmalıdı. Əvvəldən heyətin növbəti mərhələlər üçün yetərli olmadığını deyərək bədbin düşünən mütəxəssis indi yalnız qələbəyə köklənibsə, “Sumqayıt”dan zəfər gözləməliyik...

Yeri gəlmişkən, “gənclik şəhəri”nin təmsilçisi Macarıstanda dəstəksiz qalmaq istəmir. Bu üzdən Avropada, xüsusilə bu ölkədə yaşayan azarkeşlərə müraciət edərək onları oyuna çağırıb. Qeyd edək ki, “Sumqayıt”ın səsinə səs verənlər ölkəmizin Macarıstandakı səfirliyi tərəfindən biletlə təmin olunacaq.

Sabah – Makkabi (Hayfa, İsrail)
Hakimlər: PETER KRALOVİÇ, Tomaş Straka, Matey Zemko, Boris Marhefka (hamısı Slovakiya).
1 avqust. Bakı. “Bank Respublika Arena”. Saat 20.00.

“Sabah” səfərdən sözün əsl mənasında fantastik nəticəylə qayıtdı. İsrail nəhəngini darmadağın edən (3:0) “bayquşlar” cavab oyununun şanslı tərəfidi. Amma həm baş məşqçi Krunoslav Renduliç, həm də futbolçuları mətbuatla danışarkən yetərincə ehtiyatlı davranır. Əlbəttə, haqlıdılar. Ona görə ki, “Makkabi” tarixinin ən çətin dönəmlərindən keçsə belə, iddialı rəqibdi. Ümumiyyətlə, “Sabah” bu matça məsuliyyətlə hazırlaşmalı və başladığı işi sona çatdırmalıdı. Komandada Vinsent Tilldən başqa itkinin, hansısa cəzalının olmaması isə şad xəbərlər sırasındadı. İndi “bayquşlar” bütün gücündən yararlanıb rəqibi məyus etməli, dəqiqi, mübarizədən kənarlaşdırmalıdı.

DAK 1904 (Slovakiya) – Zirə
Hakimlər: YOVAN KAÇEVSKİ, Slaqjan Markoski, Branko Putilin, İvana Proykovska (hamısı Şimali Makedoniya).
1 avqust. Dunayska Streda. “MOL Arena”. Saat 22.30.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”ə uduzub Konfrans Liqasına düşən “Zirə” burda böyük uğura imza atdı. Rəqibi “DAK 1904”ü ilk oyunda dörd cavabsız qolla meydana çıxmağa peşman etdi. Vəziyyət elədi ki, “qartallar”ın mərhələ adlaması yolunda, demək olar ki, maneə yoxdu. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov komandasını toparlayıb və yaxşı motivasiya verməklə yanaşı, fiziki hazırlığı gücləndirib.

Ümumiyyətlə, “Zirə” bizə qələbə gözləməkdən başqa yol qoymayıb. Pafoslu səslənsə də, “DAK 1904”ün minimum şansa belə sahib olmadığını deməliyik. “Qartallar”dan Salifu Suma cəzalıdısa, zədəli yoxdu. Onların bu gün Slovakiyaya yollanacağını da qeyd edək. Rəqibə gəlincə, komandanın onsuz da azarkeşinin az olduğunu yazmışdıq. Odu ki, cavab matçında “Zirə”nin ciddi təzyiqlə üzləşməyəcəyi bəlllidi.

KƏNAN BAHADIR

Seçilən
108
football-plus.az

1Mənbələr