AZ

Ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib

Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır.Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də zaman-zaman yadelli işğalçıların təzyiqinə məruz qalsa da, millətin öz taleyinə sahibliyi və dilimizin zənginliyi onun məhv olmasına imkan verməmişdir. Millətin dilinin dövlət statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir.

Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər, ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz.

Ötən əsrin əvvəllərində AXC-nin rəsmi dövlət kimi elan olunan ana dilimiz cümhuriyyətimizin süqutundan sonra məqsədli şəkildə basqılara məruz qaldı. İmperiya cəlladları tərəfindən milli təfəkkürlü ziyalılarımızla yanaşı, dilimizə də divan tutuldu. Yurdumuzda ana dilimiz küncə sıxışdırılaraq yabançı, bizə yad olan başqa dilin məişətimizə qədər gətirilməsinə cəhd göstərdildi, doğma ana dilimizi unutdurmağa çalışdılar.

Tarixə nəzər salsaq 1977-1978-ci illərdə İttifaq   respublikalarının ictimai -siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiyada isə dövlət dili haqqında maddə yox idi. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.1978-ci il aprel ayının 21-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə və tələblərə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı həm siyasi, həm də praktiki baxımdan fərqləndi. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqının mütləq böyük əksəriyyətinin iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş və ən böyük amalı xalqına xidmət olan İlham Əliyev ulu öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Bu, həm də Prezidentin öz xalqının milli adət-ənənələrinə, onun qədim mədəniyyətinə bağlılığı ilə izah olunmalıdır. İlham Əliyevin ana dilinin qorunması, sağlığının təmin edilməsi yönümündə atdığı addımlar da davamlılığı ilə diqqətdədir.

Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.

Cənab İlham Əliyevin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alaraq 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi də milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi qeyd edildi. Prezident İlham Əliyev, həmçinin 2018-ci il noyabrın 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladı. Bu sənəd ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.

Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir", - dedi. Azərbaycan vətəndaşı olaraq dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.

Ayişən Kərimli,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
212
50
ikisahil.az

10Mənbələr