AZ

®Bakıda 1-ci Beynəlxalq “Caspian Industry Forum” keçiriləcək

®Bakıda

“Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə sentyabrın 18-də Bakıda 1-ci Beynəlxalq “Caspian Industry Forum” keçiriləcək.

Bu barədə “Enermus” şirkətinin təsisçisi və “Caspian Energy Club”ın energetika komitəsinin nəzdində fəaliyyət göstərən qaz sənayesi üzrə işçi qrupunun sədri Zaur Mustafayev bildirib.

“Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq 1-ci Beynəlxalq “Caspian Industry Forum” qaz sənayesində innovativ texnologiyalar, davamlı inkişaf və ekologiya, eləcə də gələcək tendensiyalar və investisiya imkanları kimi mühüm mövzular üzrə bilik və təcrübə mübadiləsini əhatə edəcək. Tədbir iştirakçıları, həmçinin qaz hasilatı və emalı proseslərinin optimallaşdırılması yollarını, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi və karbon izinin azaldılması imkanlarını müzakirə edəcəklər.

“Bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi ilə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsini nəzərə alsaq forumda müzakirə olunacaq mövzular ölkəmiz və bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat forumun prioritet istiqaməti olacaq”, - deyə Zaur Mustafayev diqqətə çatdırıb.

Zaur Mustafayev, həmçinin ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar, yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ənənəvi və bərpaolunan enerji mənbələrinin istifadəsi, bu sahədə yüksək texnologiyanın tətbiqi və s. mövzular ətrafında fikir mübadiləsinin aparılacağını bildirib. İşçi qrupunun sədrinin verdiyi məlumata görə, “Regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi” və “Qaz təsərrüfatında yaşıl və innovativ texnologiyaların tətbiqi” 1-ci Beynəlxalq “Caspian Industry Forum”un əsas mövzuları sırasında yer alacaqlar.

Bundan əlavə, Qarabağın yaşıl enerji zonasına çevrilməsindən söz açan Zaur Mustafayev “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində işğaldan azad edilmiş regionda enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, burada bu istiqamətdə görülən işlərə dəstək və maliyyələşdirmə, ekosistemin bərpası, innovasiyaların tətbiqi kimi məsələlərin də müzakirəyə çıxarılacağını qeyd edib.

1-ci Beynəlxalq “Caspian Industry Forum”da qaz sənayəsindən əlavə olaraq iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir sıra dövlət və özəl şirkətlərin top-menecerlərin və nümayəndələrinin iştirakı gözlənilir.

“Ümidvaram ki, forum beynəlxalq əməkdaşlığı gücləndirməyə və qaz sektorunda innovativ həlləri təşviq etməyə kömək edən əlamətdar hadisəyə çevriləcək və əsas sənaye oyunçuları arasında əlaqələrin möhkəmlənməsinə, yeni texnologiyaların və təcrübələrin tətbiqini sürətləndirməsinə mühüm töhfə verəcək. Bu qənaətə gəlməyə 1-ci Beynəlxalq “Caspian Industry Forum”a dəvət olunan beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı əsas verir”, - deyə Zaur Mustafayev qeyd edib və əlavə edib ki, daha ətraflı məlumat ən qısa zamanda ictimaiyyətin diqqətinə çatdırılacaq.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. Klubun, həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
azertag.az

7Mənbələr