AZ

Zamirə Hacıyevanın Londondakı malikanəsi əlindən alındı

Azərbaycan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın Londondakı malikanəsi əlindən alınıb.

Onun Britaniyadakı qolf klubu da müsadirə olunub, bu ölkənin mediası yazıb.

Onunla razılaşmaya əsasən, əmlaklar satılarkən, təxminən 18 milyon funt, yəni təxminən 40 milyon manat dövlətə veriləcək.

Videoya YouTube kanalımızda baxın.

Britaniyanın Milli Cinayət Agentliyi deyib ki, Zamirə Hacıyeva bu dəbdəbəli əmlakı Azərbaycanda “külli miqyasda dələduzluq və mənimsəmə, saxta uçot və çirkli pulların yuyulması yolu ilə dövlət bankının talanması nəticəsində" əldə edib.

Zamirə Hacıyeva məhkəmə boyu ittihamları qəbul etməyib. O, Britaniya məhkəməsində deyib ki, əri bank sədri olmazdan öncə, uğurlu biznesləri sayəsində müstəqil var-dövlət qazanmış qanuni iş adamı olub.

Məhkəmə ondan mübahisə obyekti olan var-dövlətinin qanuni maliyyə mənbəsini göstərməyi tələb edirdi.

Əvvəlki məhkəmələrdə Hacıyevaya aid aktivlərin ümumi məbləği 26 milyon funtdan çox, təxminən 56 milyon manat dəyərləndirilib.

Aksionda satışdan sonra hökumət Milli Cinayət Agentliyinin xərclərini çıxmaqla, məbləğin 70 faizini özünə götürəcək, yerdə qalan məbləğ Zamirə Hacıyevaya qaytarılacaq.

Zamirə Hacıyeva 2006-2016-cı illər ərzində Londonun məhşur mağazası Harrodsda təxminən 35 milyon manat xərcləməsi ilə dünya mediasının diqqətini çəkib.

Bu, günə təxminən 7-8 min manat deməkdir.

O, çay və qəhvəyə təxminən 50 min, meyvə və tərəvəzə 21 min, Godiva şokoladlarına 69 min manat xərcləyib, Britaniya mediası məhkəmə sənədlərinə istinadən yazıb.

Məhkəmədə o da aşkar olunub ki, Hacıyeva bu 10 il ərzində təxminən 545 min manat oyuncaq mağazasında xərcləyib.

Bundan başqa, o bu illər ərzində on minlərlə manatlıq zinət əşyası və geyim-gecim alıb.

Hacıyevanın vəkilləri bildiriblər ki, əmlakların maliyyə mənbəyinə dair sənədləri onun əri Cahangir Hacıyev həbsdə olduğu üçün edə bilməyiblər və buna görə də müvəkkillərini müdafiə edə bilməyiblər, The Guardian qəzeti yazıb.

Zamirə Hacıyevanın Londonda mənzillənən vəkilləri deyiblər ki, “o və ailəsi artıq öz həyatlarına davam edə bildikləri üçün xoşbəxtdilər”, The Times qəzeti yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
bbc.com

1Mənbələr