AZ

Osmanlının bir lirəlik banknotu: üstündə erməni imzası - Foto

Bölgəmizdə ermənilərin hamisi və idarəedicisi 200 ildir ki, Rusiyadır. Bu gün Ermənistan yeni təhlükəsizlik konsepsiyası axtarışında vurnuxur, bəzən ritorikaları ağıla və məntiqə qalib gəlir. Ermənistanın və ermənilərin Moskvadan inciməsi anlaşılandır – 150-200 il Rusiyanın dediklərini etdilər, onların maşasına çevrilib Anadoluda, Cənubi Qafqazda Kremlin aləti oldular, əvəzində dövlət qurdular, Rusiya dəstəyi ilə işğalçılıqla torpaqlarını böyütmək istədilər, amma Azərbaycan və Türkiyə stareji əməkdaşlığı daha məntiqli, davamlı və güclü çıxdı. Nəticədə işğal etdikləri torpaqları tərk etməklə yanaşı, uzun illər yaşadıqları torpaqları da tərk etmək məcburiyyətində qaldılar.

Axar.az xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, ermənilər Anadoluda yüzillərlə yaşayırdılar, Osmanlıda bütün hüquqlardan istifadə edirdilər, dövlət dilləri arasında erməni dili də var idi, hətta ən yüksək vəzifədə belə təmsil olunurdular:

“Fotoda 1889-cu il Osmanlıda çap olunan 1 lirəlik banknotdur, pulun üzərində imzalardan biri o zaman maliyyə naziri olan Akop Kazashyan Paşanındır. 18-19-cu əsrlər və 20-ci əsrin əvvəllərində Osmanlıda çoxsaylı erməni əsilli nazir var idi: Qabriel Noradunkyan - xarici işlər naziri, Mareçal Qarabet Artin David - poçt xidmətləri və ictimai işlər naziri, Ohannes Çios Paşa - xəzinə naziri, Bedros Hallacan - ictimai işlər naziri, Oskan Mardikyan - poçt rabitəsi naziri, Zəkiz Ohannes Paşa - xəzinə naziri. Hətta onlara “paşa” deyərək müraciət də edirdilər.

Sonrasını bilirsiz – məhz Rusiya və bəzi Qərb ölkələrinin təsiri ilə Osmanlı Türkiyəsini arxadan vurdular və erməni xalqı üçün də faciəvi olaylar yaşandı. Nəticədə yüzillərlə yaşadıqları Anadoludan köç etməyə məcbur qaldılar”.

N.Cəfərli xatırladıb ki, ermənilər 20-ci əsrin sonu və 21-ci əsrdə yenə eyni səhvi təkrar etdilər – Rusiyanın birbaşa iştirakı ilə türk torpaqlarını işğal etməyə, yenə arxadan zərbə vurmağa qalxdılar:

“Nə demoqrafiyanı hesaba qatdılar, nə iqtisadi gücü, nə də Kremlin aldadıcı sifətini. Nəticədə Qarabağdan, yüzillərlə yaşadıqları torpaqdan da köç etməyə məcbur qaldılar, ona görə yox ki, qovuldular, məhz ona görə ki, etdiklərini hamıdan yaxşı özləri bilirdi, qalmağa üzləri yox idi.

Amma biz yenə birgə yaşamaq üçün onlara əl uzadırıq, Azərbaycan vətəndaşı kimi yaşamaq üçün şərait yaradırıq və əgər geri dönmələri üçün zamin, zəmanət axtarırlarsa, bu nə Fransadır, nə Rusiya, nə də başqa Qərb dövləti – onlar üçün zəmanət “çətiri” verə biləcək yeganə dövlətlər Azərbaycan-Türkiyə İttifaqı və Türtkiyənin təhlükəsizlik “çətiridir”, o “çətir” ki, “materialı” NATO-dandır. Yəni əgər KTMT əvəzinə NATO zəmanəti axtarırlarsa, bu, Fransa deyil, güclü NATO ölkəsi olan Türkiyədir.

Etdiklərini anlasalar, papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı düşünsələr, anlamalıdırlar ki, 85 milyonluq Türkiyə və 10 milyonluq Azərbaycanın arasında yaşamağın və inkişafın tək yolu məhz bu ölkələrlə normal qouşuluq münasibətlərindən keçir. Bu həm də onlar üçün ona görə vacibdir ki, cənub qonşuları İranda 30 milyon (ən azı – red.), Qərb qonşuları Gürcüstanda da 500 min türk yaşayır...”

Seçilən
799
1
axar.az

10Mənbələr