EN

Türkiyəli rejissor Azərbaycan tarixindən serial çəkir

Yayımlandı: 23 Avqust 2024 17:50 Tahir Tahiroviç: “Bizdə tarixi serialları çəkə biləcək rejissorlar çoxdur” Türkiyəli rejissor Mecit Güven Azərbaycanın ilk tarixi çoxseriyalı bədii televiziya filmini – “Azərbaycan Atabəyləri”ni çəkir. Film “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sifarişi ilə ekranlaşdırılır. “AzTV”-nin sədri Rövşən Məmmədovun sözlərinə görə, serial yeni mövsümdə nümayiş olunacaq. Serial Atabəy Şəmsəddin Eldəniz və Möminə Xatunun həyat hekayətləri fonunda ekranlaşdırılır. Birinci mövsümdə filmin 24 seriyasının tamaşaçılara təqdim olunması nəzərdə tutulur. Növbəti mövsümdə “Turan yoluna doğan günəş” adlanacaq daha 24 bölümdə Atabəylər dövlətinin digər tarixi simalarının – Məhəmməd Cahan Pəhləvanın və Qızıl Arslanın hakimiyyəti dövrləri əhatə ediləcək. Hazırlıq mərhələsinə tarix, mədəniyyət, ədəbiyyat və dilçilik üzrə mütəxəssislər məsləhətçi qismində cəlb olunub, orta əsrlərin dil üslubu, ədəbi mühiti, sosial-mədəni həyatı barədə geniş araşdırmalar aparılıb.  Çoxseriyalı televiziya filmi həm birbaşa tarixi faktlar əsasında, həm də filmi tamaşaçıya daha da maraqlı çatdırmaq üçün yaradıcı heyətin bədii təxəyyülü üzrə ekranlaşdırılıb.  Bədii televiziya filminin yayım hüququ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə məxsusdur. “AzTV”nin layihəsi olan serialın ərsəyə gəlməsində Türkiyənin “İkinci Yeni Film Production” və Azərbaycanın “Şahdağ Film Production” şirkətləri müştərək çalışırlar. Filminin baş rollarında idmançı Zabit Səmədov və Xalq artisti, aktrisa Mehriban Zəkinin çəkildiyi bildirilir. “Azərbaycan Atabəyləri”nin ilk bölümünün oktyabr ayının sonu-noyabr ayının əvvəllərində yayımlanması planlaşdırılır. 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda teleserialların çəkilişini dəstəkləmək məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (MTRŞ) (hazırkı Azərbaycan Respublikası Audiovizual Şurası) 5 (beş) milyon manat vəsait ayrılıb. 2013-cü ildə yenə də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda teleserialların çəkilişini dəstəkləmək məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına (hazırkı Azərbaycan Respublikası Audiovizual Şurası) 5 (beş) milyon manat vəsait ayrılıb. Televiziyalara serial çəkilişləri üçün maliyyə ayrılandan sonra pulların qeyri-şəffaf xərcləndiyi haqda iddialar səsləndirilib. MTRŞ-nin 2016-cı ildəki hesabatında bildirilib ki, şura ANS TV-ni “Abşeron” serialı ilə bağlı müqavilə şərtlərini pozduğuna, İTV-ni isə çəkmədiyi “Qarabağ” serialına görə məhkəməyə verib. MTRŞ-nın məhkəmə iddialarına əsasən, çəkilməyən “Qarabağ” serialına görə İTV 430 min manata yaxın vəsaiti, ANS TV isə “Abşeron” serialına görə 168 min manatı dövlət büdcəsinə geri qaytarmalı idi. Rejissor Tahir Tahiroviç Meydan TV-yə deyir ki, bu illər ərzində yalnız ailə-məişət mövzusunda seriallar çəkilib: “10-15 il ərzində Azərbaycan televiziyaları tarixi filmlər üzərində iş görmədilər. Yalnız lirik, drama, məhəbbət, mətbəx mövzuları, ailə problemlərini əks etdirən seriallar çəkdilər. Bu baxımdan bizdə tarixi seriallar ənənəsi yaranmadı. Bizim serial bazarında tarixi filmlər, seriallar çəkmək iqtidarında olan rejissor bəlkə də var. Sadəcə, onu üzə çıxarıb, təqdim edə bilmədilər. Nədənsə, biz bunu reallaşdırmadıq. Hesab edirəm ki, bizdə tarixi serialları çəkə biləcək rejissorlar çoxdur”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
xural.com

1Sources