EN

Deputatlığa namizəd Nəsiman Yaqublu seçicilərlə görüşdən qayıdanda həlak olub

Dünən, avqustun 25-də Bakı Dövlət Universitetinin müəllimi, deputatlığa namizəd Nəsiman Yaqublu avtomobil qəzasında vəfat edib. Qəzanın onun namizəd olduğu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin seçiciləri ilə görüşmək məqsədilə Zəngilan rayonuna etdiyi səfərdən geri dönərkən Cəbrayıl rayonu ərazisində baş verdiyi bildirilir. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin məlumatına görə, N.Yaqublu idarəetməni itirərək maşını yol kənarına aşırıb: “Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır”. N.Yaqublu 1962-ci il fevralın 22-də Zəngilan rayonunun Zəngilan kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1983-cü ildə təhsilini davam etdirmək üçün Rusiyaya gedib və Sankt-Peterburq Universitetinin Jurnalistika fakültəsində oxuyub. N.Yaqublu 1990-cı ildə stalinizmin qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 2001-ci ildə “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə “Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. O, 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərib. N.Yaqublu namizədliyini müxalifətdə olan Müsavat Partiyasindan vermişdi. Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransının (COP29) keçiriləcəyini səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib. Bundan əvvəlki parlament seçkiləri də Azərbaycanda növbədənkənar olub. Onda parlament seçkilərinin önə çəkilməsi “prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi” ilə izah edilmişdi. Bir sıra müxalifət partiyaları isə bəyan etmişdi ki, hakimiyyət seçkiləri önə çəkməklə onu tələsik saxtalaşdırıb. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
xural.com

1Sources