“Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.
"Unikal" xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.