EN

Siyasi şərhçi: “Konstitusiya islahatı zaman ala bilər deyə Bakı aralıq sənəd imzalamağı təklif edir”

Yayımlandı: 28 Avqust 2024 13:27 Zaur Şiriyev deyir ki, Ermənistan baza və aralıq sənəd təklifini qəbul etmir Azərbaycan bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın yarandığını deyir. Amma hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayır. Bu barədə avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransında danışıb. Bayramov qeyd edib ki, rəsmi Yerevana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim ediblər, ancaq danışıqlar prosesində bəzi problemlər qalır: “Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan Konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyin zamanda, bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır”. Foto: XİN “Ermənistan Konstitusiyası və digər normativ aktlarda Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanması üçün yeganə əngəldirmi?” sualına cavab verən Korneqi Fondunun təhlilçisi Zaur Şiriyev deyir ki, hər halda rəsmi Bakı belə düşünür. Onun sözlərinə görə, sülh və ikitərəfli münasibətlərin tənzimlənməsi üzrə müqavilə, yəni sülh müqaviləsinin mətni üzərində son bir il ərzində böyük irəliləyiş əldə olunub, mətnin 90 faizindən çoxu razılaşdırılıb: “Əvvəllər müqavilə mətni üzrə tərəflərin fərqli mövqelərdə olduğu bir sıra məsələlərdə (sərhədlərin delimitasiyası, mübahisələrin həlli) də müəyyən irəliləyişlər qeydə alınıb. Həmçinin Azərbaycan tərəfi bu yaxınlarda sülh müqaviləsi mətnindən Zəngəzur dəhlizi məsələsinin çıxarıldığını açıqlayıb. Bunun elan olunması ilə əsas mesaj bu idi ki, biz hətta Zəngəzur dəhlizi və regional kommunikasiya məsələsi kimi ortaq məxrəcə gələ bilmədiyimiz mövzunu çıxarsaq da, bu müqaviləni imzalaya bilmirik, çünki Ermənistan qanunvericiliyində hələ də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Yəni rəsmi Bakı bu mesajla Konstitusiya dəyişikliklərinin müqavilənin imzalanması yolunda ən böyük əngəl olduğunu vurğulayırdı”. “Məlumdur ki, kommunikasiya xətləri məsələsi barədə sülh müqaviləsində yalnız prinsiplərin müəyyən edilməsindən bəhs olunurdu. Məqsəd prinsipləri razılaşdırmaq və daha sonra kommunikasiya xətlərinin açılmasını ikitərəfli başqa sənədlərlə tənzimləmək idi. Bir sıra başqa sülh müqavilələrində də belə bir praktika mövcuddur. Ona görə də mövcud müqavilədən həmin kommunikasiya paraqrafı çıxarılsa belə, bu məsələ yenidən gündəmə gələ bilər və bu, onun aradan qalxması mənasına gəlmir”, – deyə o qeyd edib. Zaur Şiriyev, Foto: Zaur Şiriyevin şəxsi arxivindən “Bəs konstitusiya dəyişikliyi tələbinin həyata keçirilməsi və bu məsələdə kompromis tapmaq mümkündürmü?” sualına gəlincə, Zaur Şiriyev deyib ki, konstitusiya islahatı və referendum bir neçə il çəkə bilər: “Lakin əsas məsələ odur ki, belə dəyişiklik referenduma çıxarılsa belə, onun qəbul edilməməsi ehtimalı mövcuddur. Ona görə də Azərbaycan tərəfi Ermənistana baza sənədi və ya aralıq sənəd imzalamağı təklif edib. Ermənistan isə bu təklifi müsbət qarşılamır. Çünki sülh müqaviləsi olarsa, bu, Ermənistan hakimiyyətinə onu uğur kimi təqdim etmək imkanı verər, lakin aralıq sənəd bunu təmin etməyə bilər. Sülh müqaviləsini hazırkı Ermənistan hakimiyyəti uğur kimi təqdim edə bilər və bundan siyasi kapital qazanaraq daha sonra konstitusiya dəyişikliyini həyata keçirmək imkanı əldə edə bilər”. “Bu vəziyyət bir növ “Catch-22″yə bənzəyir. “Catch-22″ ifadəsi, bir problemi həll etmək üçün lazım olan şərtin, o problemin həllinə mane olması ilə yaranan çıxılmaz vəziyyəti təsvir edir. Məsələn, bu ifadənin mənşəyi pilotlarla bağlıdır: Pilotlar təhlükəli döyüş missiyalarından azad olmaq üçün ruhi cəhətdən qeyri-sabit olduqlarını bəyan etməlidirlər. Ancaq bunu etsələr, sağlam düşüncəyə malik olduqları üçün missiyaya qatılmaq məcburiyyətində qalırlar. Yəni problem çıxış yolu olmayan bir dairədə ilişib qalıb; məsələnin həll edilməsi üçün bir şərt yerinə yetirilməlidir, amma həmin şərtin yerinə yetirilməsi də eyni problemin həllinə bağlıdır. Bu halda sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasını dəyişdirməsi lazımdır, lakin konstitusiyanı dəyişdirmək üçün də sülh müqaviləsi imzalanmalıdır; bu qarşılıqlı asılılıq vəziyyəti tərəflər üçün ciddi bir maneə yaradır və çıxış yolu tapmağı çətinləşdirir. Həll yolu nə ola bilər? Sülh müqaviləsinə tərəflərin, yəni burada Ermənistandan söhbət gedir, öz qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlı öhdəlik götürməsini daxil etmək mümkündür. Yəni belə bir elementi müqaviləyə daxil etmək olar və ya keçici olaraq aralıq sənəd (fundamental prinsiplər) üzərində razılaşma əldə oluna bilər”, – deyə Şiriyev  əlavə edib. 2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib. Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
165
xural.com

1Sources