EN

Ukraynada “F-16” qırıcısının qəzaya uğradığı bildirilir

Yayımlandı: 30 Avqust 2024 13:27 Ehtimal olunur ki, təyyarə Ukrayna hava qüvvələri tərəfindən vurulub Ukraynada “F-16” qırıcısının qəzaya uğradığı bildirilir. “Reuters” amerikalı mənbəyə istinadən yazıb ki, hadisə avqustun 26-da baş verib və bu, Rusiyanın atəşinin nəticəsi deyil. “The Wall Street Journal”ın məlumatına görə, təyyarənin qəzaya uğraması kütləvi raket hücumu zamanı baş verib. “Amerikanın səsi” Ukrayna Hərbi Hava Qüvvələrindəki mənbələrinə istinadən xəbər verir ki, hazırda istintaq tərəfindən nəzərdən keçirilən “F-16” qırıcısının qəzaya uğramasının mümkün səbəblərindən biri Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin “dost atəşi”dir. Hadisənin səbəbləri ilə bağlı son versiya hələlik açıqlanmayıb. CNN mənbələri pilotun səhvi versiyasını inkar edir. “Hava döyüşü zamanı “F-16” təyyarəsi öz yüksək effektivliyini nümayiş etdirdi, təyyarə qəzaya uğradı və pilot öldü”, – deyə Baş Qərargahdan bildiriblər. Ali Radanın deputatı Maryana Bezuqlaya sosial şəbəkə hesabında təyyarənin vurulması haqda belə yazıb: “Məndə olan məlumata görə, ukraynalı pilot Aleksey “Moonfish” Mesyanın “F-16” təyyarəsi bölmələr arasında koordinasiya pozulduğuna görə “Patriot” zenit-raket kompleksi tərəfindən vurulub”. Deputat daha çox hərbi rəhbərliyi günahlandırıb: “Ukrayna xalqı döyüşür, ən son silah və texnikaya yiyələnir, öz inkişaflarını yaradır, lakin çox vaxt bu, yüksək hərbi kabinetlərin sayəsində deyil, planlarına qarşı baş verir. Yanukoviç dövründən qalan generalitet köhnə sxemlər üzrə fəaliyyət göstərməkdə davam edir. “Klassik” generallar bizi məğlubiyyətə aparır”. “Bu, ən azı üçüncü dəfədir ki, pilotu olan təyyarəmiz öz hava hücumundan müdafiə vasitəsi ilə vurulur. “F-16″ ilə əlaqəli olmayan əvvəlki iki insident rəsmi olaraq rusların üzərinə qoyulmuşdu. Və onlar da bu işlə bağlı xarici mənbələrdə yer alana qədər susmağa, məlumatları gizlətməyə çalışıblar. Bu, düzgün nəticələrin və obyektiv araşdırmanın olmamasından xəbər verir. Vəziyyət quru qoşunlarında müşahidə olunana bənzəyir: dairəvi zəmanət. Bu, dəyişdirilməlidir! Bu daha çox davam edə bilməz. Yalan mədəniyyəti bizi məğlubiyyətə aparır”, – deyə deputat yazıb. Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq Birləşmiş Ştatların insidentin araşdırılmasında iştirak etmədiyini deyib: “Vaşinqton Kiyevdən istintaqa kömək üçün heç bir müraciət almayıb. Mən mesajları gördüm, lakin bizim tərəfimizdən yardımın göstərilməsi və ya Ukraynadan bunun üçün müraciətlər barədə məlumatım yoxdur”. Onun sözlərinə görə, təyyarə qəzasına yalnız Ukrayna tərəfi münasibət bildirə bilər: “ABŞ hadisənin təfərrüatlarını və ya təyyarənin göyərtəsində mümkün elektron avadanlıqlarla bağlı təfərrüatları şərh etmir”. O həmçinin Ukraynada artıq neçə “F-16”-nın olduğunu və ya yerləşdirilməsini planlaşdırdığını açıqlamaqdan imtina edib: “Çünki bu, əməliyyat təhlükəsizliyi məsələsidir”. Müharibənin xronikası 2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb. 2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb. Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. 2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib. 2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb. Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib. Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib. Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
131
50
xural.com

10Sources