EN

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yenilənmiş saziş imzalamağa hazırlaşırlar

Azərbaycan,

Budapeşt, 3 sentyabr, AZƏRTAC

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyadan olan enerji operatorları tezliklə yaşıl enerji sahəsində tərəfdaşlıq haqqında yenilənmiş sazişi imzalamağı planlaşdırırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində Macarıstanın xarici işlər naziri Peter Siyartoya istinadla məlumat verib.

Kovaç qeyd edib ki, Buxarestdə dörd ölkənin nazirləri səviyyəsində “Qara Dəniz Sualtı Kabel” layihəsi (Black Sea Energy) üzrə 8-ci görüş başlayıb.

“Nazir Siyarto bildirib ki, gələcəkdə yaşıl enerjini Azərbaycan və Gürcüstandan Macarıstan və Rumıniyaya idxal etməyə imkan verən layihə praktiki icrasına yaxınlaşır. Yaşıl enerji sahəsində Macarıstan-Azərbaycan-Gürcüstan-Rumıniya tərəfdaşlığına dair Buxarestdə keçirilən görüşdə nazir bu çətin zamanlarda milli təhlükəsizliyin əsas elementi kimi enerji təhlükəsizliyinin vacibliyini vurğulayıb”, - deyə Kovaç yazıb.

Bundan əlavə, o qeyd edib ki, Siyarto Macarıstanın dörd sütuna - “Pakş” AES-də iki yeni reaktorun tikintisi sayəsində nüvə potensialının genişləndirilməsi, günəş enerjisi gücünün əhəmiyyətli dərəcədə artırılması, etibarlı enerji təchizatçıları ilə əməkdaşlığa can atmaq və yeni təchizat marşrutlarının qoşulmasına əsaslanan enerji strategiyasını açıqlayıb.

“Nazir “Azərbaycan-Gürcüstan-Avropa Qara dəniz vasitəsilə” yaşıl enerji dəhlizi layihəsini Gürcüstan və Azərbaycandan yeni enerji mənbələri təqdim edəcək, Macarıstanın enerji istehlakında dayanıqlığını artıracaq əyani nümunə kimi vurğulayıb. Siyarto, həmçinin layihənin sürətlə irəlilədiyini, iştirakçı ölkələrin elektrik enerjisi şirkətlərinin isə birgə müəssisə yaratdığını və tezliklə yaşıl enerji sahəsində tərəfdaşlıq haqqında dəyişdirilmiş sazişi imzalamağı planlaşdırdığını qeyd edib”, – deyə yazıda deyilir.

Macarıstanın xarici işlər naziri “belə layihələrin uğurunun çox vaxt maliyyələşdirmədən asılı olduğuna” işarə edərək, Avropa İttifaqının bu layihəyə lazım olan infrastrukturun inkişafı üçün maliyyə dəstəyi göstərəcəyinə ümid etdiyini bildirib. Siyarto, həmçinin qeyd edib ki, 1100 kilometrlik sualtı kabel “uzunluğuna görə rekord vuracaq və başa çatdıqdan sonra yaşıl enerjinin idxalını asanlaşdıracaq”.

 
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Chosen
86
50
azertag.az

10Sources