Hələ keçən il məlumat ortaya çıxdı ki, OpenAI şirkəti özünün süni zəka çiplərini istehsal etməyi planlaşdırır. Ortaya çıxmış yeni məlumata əsasən isə TSMC şirkətinin çiplərin A16 adlı 1.6 nanometrlik texnoloji proses əsasında hazırlanması üzrə müştərilərindən biri də OpenAI şirkəti ola bilər. Məlumatda qeyd edilib ki, şirkət TSMC-nın çipləri 1.6 nanometrlik texnoloji proses əsasında istehsalını mənimsəyə biləcəyi zamana qədər öz fərdi süni zəka çipi layihəsini tam hazır formaya gətirə biləcəyinə ümid edir. Qeyd etmək lazımdır ki, TSMC-nın A16 adlı 1.6 nanometrlik texnoloji prosesinin əsas sifarişçisi Apple olaraq qalacaq. Ümumiyyətlə son illərdə TSMC-nın aparıcı prosessor istehsalı texnologiyasının əsas sifarişçisi qismində Apple qalır. Belə ki, Apple öz mobil prosessorlarında daimi inkişafı təmin etməsi səbəbilə o, TSMC-nın yeni aparıcı prosessor istehsalı texnologiyası vasitəsilə istehsal edilən çiplərin ilk müştərisi olur. TSMC öz növbəsində A16 adlı 1.6 nanometrlik texnoloji prosesi 2026-cı ildə mənimsəyəcəyini planlaşdırır. Yeni məlumatlarda qeyd edilib ki, OpenAI hətta bu mövzuda yalnız öz tələbatları üçün nəzərdə tutulmuş xüsusi zavodun inşası mövzusunu TSMC ilə müzakirə edib. Lakin potensial üstünlüklərin qiymətləndirilməsindən sonra xüsusi zavodun inşası layihəsi təxirə salınıb. OpenAI üçün nəzərdə tutulmuş xüsusi süni zəka çiplərinin hazırlanması ilə ABŞ-ın Broadcom и Marvell Technology kimi şirkətləri məşğul olurlar. Bununla belə OpenAI şirkətinin ilk süni zəka çipləri TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında hazırlana bilərlər. Bu halda artıq növbəti nəsil çiplər isə 1.6 nanometrlik texnoloji proses əsasında hazırlanacaqlar.