Sumqayıt Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin çıxardığı 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəza hökmü dəyişdirilib. Belə ki, ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Qeyd: Hadisə 04 yanvar 2022-ci il tarixdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, rayon sakini A.Orucəliyeva gecə saat 3 radələrində xəstəxanaya daxil olub. Günorta saat 14 radələrində isə körpə ölü doğulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi əsasında, doğuşu həyata keçirən həmin xəstəxananın həkim-ginekoloqu Arzu Bədəlova istintaqa cəlb olunub.
Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Kamal Məmmədov