EN

Naxçıvanın “Yaşıl enerji”si Avropa enerji bazarını hədəfləyir - MR Dövlət Energetika Xidməti

Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır. Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Bərpaolunan enerji potensialı - quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Yəni, Azərbaycanın kifayət qədər yaşıl enerji potenisalı var. Azərbaycan tez bir zamanda “yaşıl enerji”sini Avropaya ixrac etməyi hədəfləyir.

Prezident cənab İlham Əliyevin dediyi kimi: “Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır.

Bu işlərin davamı olaraq ötən günlərdə Rumıniyanın paytaxtı Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə Birgə Müəssisə təsis edilib. Bu layihələr bununla bitmir. Azərbaycan, həmçinin Mərkəzi Asiyadan Avropaya yaşıl enerji ötürəcək. Mərkəzi Asiyadan Avropaya “yaşıl enerji”nin ixracı üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası çərçivəsində yaxşı dinamika və irəliləyiş var.

Üç ölkənin nümayəndələrindən ibarət işçi qrup Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli enerji şirkətlərinin iştirakı ilə Bakıda birgə müəssisənin yaradılması ilə bağlı qərar da qəbul edib.

Bir sözlə Azərbaycan yeni “Yaşıl enerji” brendini yaradır ki, bu da Avropaya həm də bir güc olaraq ötürüləcək. Bəs Azərbaycanın Avropaya yaşıl enerji ixracında Naxçıvan hansı xüsusi əhəmiyyətə malikdir?

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı Fins.az saytına müsahibəsində bu suallara aydınlıq gətirib.

O bildirib ki, Avropaya enerjinin ixrac edilməsində Naxçıvanın perspektiv imkanları var. Naxçıvanı prezident cənab İlham Əliyev “Yaşıl enerji” zonası elan edib. Yəni, biz illər sonra Naxçıvanın yaşıl enerjisini onun yerli məhsulu kimi tanıyacağıq. Əslində Naxçıvanın iqtisadi əhəmiyyətə malik yerli brend məhsulları çoxdur. Gələcəkdə “Yaşıl enerji” bunların sırasında birinci olacaq. Bu brendi isə biz qürurla Türkiyə üzərindən Avropaya daşıyacağıq.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin sturukturunda olan stansiyaların ümumi gücü 244,8 meqavatdır. Məlumat üçün bildirək ki, su elektrikm stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 meqavatdır ki, bu da ümumi gücün 44,04 faizini təşkil edir. Günəş Elektrik Stansiyalarının ümumi gücü isə 39.4 meqavatdır.

“Bu gücü əldə etmək yarım əsrə bərabər bir vaxt aparıb. Ancaq indi biz planlaşdırırıq ki, son 10 il ərzində istehsal gücümüzü 1500 meqavata çatdıraq, özü də yaşıl enerji ilə. Bilirsiniz, bu iqtisadi və siyasi güc deməkdir. Bu siyasəti də birbaşa cənab prezidentin özü uğurla aparır. Naxçıvanda 500 meqavat həcmində günəş elektrik stansiyasının tikilməsi haqqında layihənin araşdırılması və gələcəkdə icra olunması kimi prioritetlər görülən işlərin bariz nümunəsidir.

Qeyd edək ki, bu layihə 2-ci Şuşa Qlobal Media Forumunda cənab Prezident tərəfindən yenidən vurğulanıb. 500 meqavat həcmində yeni stansiyanın tikilməsi və başqa məsələlər haqqında danışan dövlət başçısı Naxçıvan haqqında öz fikrini çıxışı zamanı yenidən dilə gətirərək “Naxçıvanla bağlı böyük planlarımız var” fikri ilə bildiribdir”.

Bizim əsas hədəflərimiz Naxçıvanda külək və günəş enerjisi üzrə 1500 meqavatlıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 meqavatının Türkiyə və Avropa istiqamətində ixracıdır.

Mətin Abbaslı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nına əsasən, burada "Yaşıl Enerji Zonası"nın yaradılması, Konsepsiya və Tədbirlər Planının hazırlanması nəzərdə tutulub. Həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində 7992 hektar əkinə yararsız torpaq sahəsində “Yaşıl enerji” layihələrinin reallaşdırılması mümkün olacaq.

Tərəfimizdən davamlı olaraq yaşıl enerji layihələrinin icrası ilə bağlı mütəmadi işlər aparılır. Bildiyimiz kimi alternativ və bərpa olunan enerji mənbələri üzrə külək və günəş elektrik stansiyalarının qurulması istiqamətində Dövlət Proqramında aidiyyəti üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.

İlkin mərhələdə layihələndirmə işlərinin aparılması üçün müvafiq məsləhətçi şirkətlərlə danışıqlar aparılıb.

Yerli şirkətlərlə yanaşı xarici şirkətlərdən Türkiyənin, Çexiya Respublikasının, Birləşmiş Ərəb Əmirliklərinin, Almaniyanın şirkətləri  Naxçıvan Muxtar Respublikasında alternativ və bərpa olunan enerji mənbələrinin qurulmasına maraq göstərirlər və onların bir neçəsi ilə görüşlər keçirilib, müzakirələr aparılıb.

 Danimarka Krallığının müvafiq şirkəti külək enerjisi sahəsində Naxçıvan Muxtar Respublikasında külək elektrik stansiyalarının tikilməsi üçün layihələrini təqdim edib. Həmin layihələrin muxtar respublika ərazisində texniki-iqtisadi səmərəliliyi araşdırılır.

Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasına elektrik enerjisinin ixracı ilə bağlı da bir neçə şirkətlə görüşlər keçirilib.

TEİAŞ (Türkiye Elektrik İletim Anonim Şirketi) və Xidmət arasında enerji ixracı (mübadiləsi) ilə bağlı müvafiq “Əməliyyat Müqaviləsi”nin bağlanılmasına görə sənədləşmə işlərinin qarşılıqlı müzakirəsi aparılıb. “Əməliyyat Müqaviləsi”nin yaxın zamanlarda imzalanması planlaşdırılır.

Türkiyə-Naxçıvan elektrik enerjisi idxalı-ixracı əlaqəsi haqqında ENTSO (European Network of Transmission System Operators) tərəfindən 75 meqavat ixrac (Türkiyə tərəf passiv ada rejimində olmalıdır), 40 meqavat idxal (Naxçıvan tərəf passiv ada rejimində olmalıdır) ötürməyə icazə verilib.

Fuad Mədətov
Fins.az

Chosen
125
50
fins.az

10Sources