EN

Tarixçi alim: “Putin Stalinin, Əliyev isə Bağırovun siyasi varisidir”

Cəmil Həsənli Rusiyada konsepsiyaya edilən dəyişikliyi şərh edib, repressiyaların hələ də davam etdiyini deyib İyunun 20-də Rusiya Nazirlər Kabineti 1564-r saylı sərəncamı ilə siyasi repressiya qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Siyasəti Konsepsiyasına dəyişikliklər edib. Dəyişikliyə əsasən, sovet repressiyalarının “kütləvi xarakterinə” istinad çıxarılıb. Bu barədə Sankt-Peterburq Qanunvericilik Məclisinin deputatı Boris Vişnevski “Novaya qazeta”da dərc olunan məqaləsində yazıb. “Əsas dəyişikliklər sənədin tamamilə yenidən yazılmış preambulasına təsir edib”, – deyə Boris Vişnevski bildirib. Onun sözlərinə görə, Rusiya siyasi repressiyaların qurbanı olmuş milyonlarla vətəndaşının xatirəsini əbədiləşdirmədən tam hüquqlu dövlətə çevrilə və dünya birliyində aparıcı rol oynaya bilməz: “Repressiyalara dövrün özəllikləri ilə haqq qazandırmaq, hətta onları tariximizin faktı kimi inkar etmək cəhdlərinin davam etdirilməsi yolverilməzdir”. “Hazırkı nəşrdə mətn o qədər sadələşdirilmişdir ki, repressiyaları dəqiq kimin həyata keçirdiyi, onlara görə kimin məsuliyyət daşıdığı, onların konkret nədən ibarət olduğu, kimə və neçə nəfərin təsirinə məruz qaldığı, kimlərin və neçəsinin reabilitasiya olunduğu məlum deyil”, – deyə deputat əlavə edib. 1937-ci il repressiyaları abidəsi. Foto: Blik Sergey/shutterstock Tarixçi-alim, professor Cəmil Həsənli mövcud dəyişikliklərin Rusiyanın bugünkü gerçəkliyinə uyğunlaşdırıldığı qənaətindədir. Bu barədə Meydan TV-yə danışan Cəmil Həsənli deyib ki, əgər söhbət repressiyalardan gedirsə, bu gün də Rusiyada repressiyalar davam edir: “Xüsusilə Ukraynaya qarşı işğal savaşı başlayanadan sonra Rusiyada çoxlu adam repressiya olunub. Saytlar bloklanıb, yaxud qapanıb, kütləvi aksiyalar qadağan edilib, ziyalıların bir hissəsi mühacirətə gedib, bunlar hamısı repressiyanın tərkib hissəsidir. İndi Stalinin ruhu Rusiyanın başı üzərində kabus kimi dolanır”. Cəmil Həsənlinin sözlərinə görə, SSRİ-də Stalinin “şəxsiyyətə pərəstiş”i tənqid edildikdən sonra bəraət prosesi başlanıldı və repressiya olunanlar çox olduğundan bu gedişat uzun zaman aldı: “Amma bütövlükdə repressiyalara tam aydınlıq gətirilmədi. 1989-cu ildə “Yakovlev komissiyası” yaradıldı, onlar da XX qurultaydan sonra başlanan işləri davam etdirdi. Məsələn, deportasiya olunmuş xalqların böyük hissəsinə bərabər verildi, amma bu, iki formada oldu, bir hissəsinə köhnə yurduna qayıtmaq da daxil olmaqla, digərinə isə qayıtmaq qadağası qalmaqla bəraət verildi. Krım, mesxeti türkləri, Volqaboyu almanlarına köhnə yurdlarına qayıtmaq icazəsi verilmədi. Krım və mesxeti türkləri haqda gizli şəkildə hazırlanmış arayışda deyilirdi ki, onlar Türkiyə ilə sərhəddə yaşayırlar və orda qohumları olduqlarından qaytarılması məqsəduyğun deyildir. Əlbəttə, bunu cəmiyyət üçün açıqlamadılar. Ona görə də Xruşov zamanı bəraət prosesi yarımçıq xarakter daşıyırdı. Bununla belə 50-60-cı illərdə SSRİ üzrə 3,5 milyondan çox adam bəraət aldı. Bəraət artıq həyatda olmayanlara da verirdilər, yəni iş xitam olunurdu. Sağ qalanlar isə azad edilirdi, tanınmış bolşevik Yusif Qasımovu misal çəkə bilərəm, o bəraət alandan sonra Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri təyin edildi, amma az yaşadı. Yəni bu cür adamların yaşları imkan versəydi, vəzifələrə gətirilə bilərdilər. Prosesin ikinci tərəfi o idi ki, dövlət təhlükəsizlik və daxili işlər nazirliklərində repressiyalarda əli olan çox böyük bir dairənin adamları işlərindən kənarlaşdırıldı, yaxud rütbələri alındı. Demək istəyirəm ki, 50-ci illərin sonunda proses iki tərəfli gedirdi, 1989-cu ildə isə əksinə, birtərəfliydi və Molotov partiyaya bərpa olundu, o da Xruşov dövrünün repressiyasının qurbanı idi. Yaxud Brejnev dövrünün repressiyalarına məruz qalanlarından Soljenitsın və Saxarov bəraət aldı. Bu mənada Qorbaçov Xruşovun, Putin isə Stalinin davamçısıdır”. Cəmil Həsənli. Foto: Meydan TV Rusiyada qanunlara bu cür dəyişikliklərin postsovet respublikalarına, konkret Azərbaycana təsirinə gəlincə, tarixçi-alim hesab edir ki, Azərbaycandakı hazırki repressiyalar ötən əsrin 30-cu illərinin repressiyalarından ciddi fərqlənmir: “Faktiki olaraq, Azərbaycanda 37-ci il qaydaları, üslubları işləyir. Yenilik odur ki, o dövrdə insanlara qarşı millətçi, təmayülçü, sabotajçı, indi isə narkotika, polisə müqavimət, yaxud silah saxlamaq ittihamları ilə həbs edirlər. İkincisi, 80 il əvvəl müstəntiqlərə işgəncə yolu ilə ifadə almaq icazəsi verilmişdi. İndiki qanunlar işgəncəni qadağan etsə də, qanun işləmir. İnsanlar işgəncə altında öldürülür, döyülərək başqalarına qarşı ifadə alınır. Üçüncüsü, 37-ci ilin istintaq prosesində zorlama və narkotika anlayışları yox idi, amma Əliyev repressiyalarında bunlar adi hal alıb. İnsanların özləri, ailələri zorlama ilə təhdid edilir. Ona görə də ölkə başçısının Bağırov repressiyalarından danışmaması təbiidir. Bu mənada İlham Əliyev Mircəfər Bağırovun siyasi varisidir”. Cəmil Həsənli təəssüflənir ki, son illər Azərbaycanda repressiyalara bəraət vermək tendensiyası sezilir: “Ötən 10-15 ildə Mircəfər Bağırova bəraət verilməsi istiqamətində kitablar, məqalələr yazılır, əlbəttə, bunlarda sənədlər kontekstdən çıxarılaraq çap edilir. Nə qədər Stalinə bəraət vermək qorxuncdursa, Azərbaycanda da Bağırova bəraət vermək bir o qədər qorxuncdur. Söhbət şəxslərdən, prosesdən gedir. Bağırov isə həmin dövrün simvoludur. Məsələn, 1937-ci ildə Azərbaycanda qeyri-azərbaycanlılar daha çox repressiyaya məruz qalıb, nəinki azərbaycanlılar. Bunu “Stalin siyahıları”ndan görmək olar, 1937-ci ilin əvvəllərində olan siyahılarla sonunda gələn siyahıları müqayisə edəndə fərqli mənzərə ilə qarşılaşdım. Birinci siyahılarda azərbaycanlıların çəkisi az idi, iyundan sonra gələn siyahılarda azərbaycanlıların sayı artdı və artan xətlə getdi. Düzdür, professor Eldar İsmayılov bununla bağlı ciddi araşdırmalar apardı, amma Rusiyada aparılan işlər Azərbaycanda getmədi və dövlət qərarları da yarımçıq oldu. Mən Moskvadan gətirdiyim siyahıları Siyasi Sənədlər Arxivinə versəm də, təxminən 30-35 min sənəd həcmində, indi heç bir alimə orada araşdırma aparmağa icazə verilmir. Halbuki şərtimiz də oldu ki, alimlər üçün araşdırma aparmağa açıq olsun”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
xural.com

1Sources