EN

İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır

 

“Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq mühüm yer tutur, bu baxımdan ölkəmizin İtaliya ilə münasibətləri xüsusi vurğulanmalıdır. İki ölkəni bir-birinə möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır”.
Bu sözləri “Azərbaycan” qəzetinə VI çağırış Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. O bildirib ki, tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük önəm daşıyır. İtaliya-Azərbaycan münasibətləri çoxşaxəli xarakter daşıyır, hər iki ölkənin milli mənafeyinə, strateji maraqlarına cavab verir. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya ikitərəfli müstəvidə Azərbaycanın strateji tərəfdaşı olması ilə yanaşı, çoxtərəfli müstəvidə də sıx əməkdaşlıq etdiyi vacib ölkədir. “Prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı qarşılıqlı münasibətlərin inkişafına dair faydalı müzakirələr aparılıb. İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşlərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin strateji tərəfdaşlıq zəminində inkişafının vacibliyi vurğulanıb. Eyni zamanda tərəflər arasında enerji sahəsində sənədlər mübadiləsi də ölkələrimizin bu sahədə əməkdaşlığının genişlənməsinə müsbət təsir göstərəcək. “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil olunan və sayca 50-ci olan beynəlxalq Çernobbio Forumunda Prezident İlham Əliyevin əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Bu fakt xüsusilə, Azərbaycan Prezidentinin beynəlxalq miqyasda böyük nüfuzunun göstəricisidir”, – deyə o əlavə edib.
1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti”nin İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi olduğunu qeyd edən S.Fətəliyeva deyib ki, o, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən, İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda əməkdaşlığın təşviqinə xidmət edir. “The European House – Ambrosetti”, eyni zamanda İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksəksəviyyəli müzakirə platformaları təqdim edir. Müxtəlif illərdə Çernobbio Forumunda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər.
Dövlətimizin başçısının forumda çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunduğunu xatırladan S.Fətəliyeva deyib: “Cənab Prezident çıxışında həmçinin Cənubi Qafqazda sülhə nail olmağın mümkünlüyünü də vurğulayıb. Sülh müqaviləsinin mətninin təxminən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.
O bildirib ki, Azərbaycanın İtaliya ilə strateji tərəfdaşlıq münasibətlərində iqtisadi-ticarət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksək səviyyədədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə ikinci yeri tutur. “Cənub qaz dəhlizi” və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib faktordur. Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyiblər. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirib. Hazırda İtaliya şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirak edirlər. Bütün bunlar Azərbaycan-İtaliya münasibətlərinin bütün sahələr üzrə yüksələn xətlə inkişaf etdiyinin göstəricisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
3
xalq.az

4Sources