EN

Dünya Köçəri Oyunları: Azərbaycan idmançıları bürünc medal qazanıblar

Dünya Köçəri Oyunları: Azərbaycan idmançıları bürünc medal qazanıblar

Dünya Köçəri Oyunları: Azərbaycan idmançıları bürünc medal qazanıblar

Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında Azərbaycan idmançıları uğurla çıxış ediblər. Alış yarışında mübarizə aparan təmsilçilərimiz Şəhanə Alməmmədova (75 kq) və Cəsur Mehdiyev (80 kq) bürünc medal qazanıblar.

Kəmər güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Şahin Bəşirov AZƏRTAC-a verdiyi açıqlamada idmançılarımızın V Dünya Köçəri Oyunlarındakı iştirakı barədə danışıb.

“Şəhanə Alməmmədova və Cəsur Mehdiyev bürünc medallar qazandılar. Cəsur 3 ay əvvəl dünya çempionu olub, Şəhanə isə dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, beynəlxalq yarışlarda da mükafat qazanıb” - deyə Bəşirov qeyd edib.

Şahin Bəşirov Şəhanə Alməmmədovanın zədə səbəbindən daha yaxşı nəticə göstərə bilmədiyini də bildirib.

“Görüşlərdə ən güclü rəqiblərimiz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Rusiya təmsilçiləri idi. Müəyyən çətinliklərə baxmayaraq, idmançılarımız layiqli çıxış etdilər”, - deyə vurğulanıb.

Şahin Bəşirov komandanın gələcək yarışlara hazırlığından da söz açıb. Qeyd olunub ki, bu gün mübarizəyə qoşulan 4 idmançımız favoritlər sırasındadır.

Yarışlar zamanı Şəhanə Alməmmədova güclü rəqiblərlə qarşılaşsa da, əzmkarlıq nümayiş etdirərək mübarizə aparıb.

“Bu yarışlar olduqca çətin idi. Müxtəlif ölkələrdən gələn iştirakçıların əksəriyyəti peşəkar - Avropa və dünya çempionları idi. Buna baxmayaraq, məşqçilərimiz Şahin müəllim və Ələkbər müəllimin səyləri sayəsində yarışlara yaxşı hazırlaşmışdıq” - deyə Şəhanə Alməmmədova bildirib.

O, yarış zamanı Filippin idmançısına qalib gəlib və Türkmənistan təmsilçisi ilə gərgin görüş keçirib: “Filippin idmançısını məğlub etdim. Türkmənistan təmsilçisi ilə görüş xüsusilə çətin oldu. Çünki bu, onların milli idman növüdür. Buna baxmayaraq, hər ikisində qələbə qazana bildim. Daha sonra finala çıxmaq üçün Rusiya təmsilçisi ilə qarşılaşdım, lakin qabırğa zədəsi səbəbindən görüşü vaxtından əvvəl dayandırmalı oldum. Nəticədə üçüncü yeri tutdum”.

Şəhanə zədənin ona finalda iştirak etməyə imkan vermədiyini vurğulayıb: “Qabırğamdan ciddi zədə aldım və həkimlər mübarizəni davam etdirməməyi məsləhət gördülər. Nəfəs almaqda çətinlik yaranmışdı. Bu səbəbdən görüşü dayandırmaq məcburiyyətində qaldım”.

İlk dəfə Dünya Köçəri Oyunlarında iştirak etdiyini bildirən Şəhanə Alməmmədova yarışların və təşkilatçılığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan idmançısı Cəsur Mehdiyev keçirilən təlim-məşq toplanışlarının çox səmərəli olduğunu vurğulayıb: “Yarımfinalda özbək idmançısına məğlub oldum. Bütün rəqiblər güclü idi. Zəif rəqib yox idi. Yarışı üçüncü yerlə başa vurdum. Avropa çempionatında üçüncü yerə çıxmışam. Dünya çempionatında çimərlik güləşi üzrə birinci olmuşam”.

Komandanın hazırlığını yüksək qiymətləndirən Mehdiyev əlavə edib: “İdmançılarımız yarışlara ciddi şəkildə hazırlaşıb. Keçirilən təlim-məşq toplanışları çox səmərəli oldu. İnşallah, gələn Köçəri Oyunlarında çempion olaram. Üzərimdə əməyi olan bütün məşqçilərə minnətdaram”.

Elşən Rüstəmov

Astana

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
2
ilk.az

3Sources