İtaliyada pedaqoqlar müəyyən yaş qrupunda olan uşaqlar üçün mobil telefon və sosial şəbəkələrdən istifadənin qadağan edilməsi təşəbbüsü ilə çıxış ediblər.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, 14 yaşından kiçik uşaqlara mobil telefondan, 16 yaşından kiçik uşaqlara isə sosial mediadan istifadənin qadağan edilməsi təklif olunub. İtaliyanın təhsil naziri Cüzeppe Valditara, eyni zamanda məşhur simalar bu təklifi dəstəkləyiblər.
Lakin bu təklif əhali arasında birmənalı qarşılanmayıb, müzakirə və mübahisələrə səbəb olub. İdman və gənclər naziri Andrea Abodi isə bu qadağanın düzgün yol olmadığını və problemin dialoq yolu ilə həll edilməsinin vacibliyini bildirib.
Araşdırmalara görə, ölkədə 11 yaşından 19 yaşınadək uşaqların 47 faizi gün ərzində vaxtının 5 saatdan çoxunu internet tətbiqlərinə sərf edir. Bu nisbət 2020-ci ildə 30 faiz səviyyəsində olub.
Qeyd edək ki, yeni dərs ilindən İtaliyada ibtidai siniflərdə şagirdlərin hər hansı məqsədlər üçün mobil telefonlardan istifadəsi qadağan olunub.
Nihad Budaqov
Roma
Mənbə: AZƏRTAC