Sentyabrın 12-də Qaradağ Rayon İcra Hakimiyyətində 2023-2024-cü tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların mükafatlandırma tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçının müavini, məktəb direktorları və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar iştirak edib.
S. Mikayılov ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb. O qeyd edib ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, yüksək nəticə göstərən, tələbə adını qazanan məzunlar dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Qaradağ rayonu üzrə orta məktəbi 2023-2024-cü tədris ilində 1857 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 1258 abituriyentin 72.01 faizi, yəni 906 nəfəri tələbə adını qazandığı diqqətə çatdırılıb.
S.Mikayılov yüksək nəticə əldə etmiş məzunlara hədiyyələr təqdim edib, tələbə adını qazanmış məzunlara və məktəb direktorlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.