EN

MSK-da Natiq Cəfərlinin şikayətinə baxır

33 saylı Xətai birinci seçki dairəsindən namizəd olan REAL Partiyasının sədr müavini Natiq Cəfərli seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert üzvü Ramiz İbrahimov məlumat verib.

N. Cəfərli seçicilərin səsinin etibarsız sayılması ilə bağlı MSK-ya müraciət edib. Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılıb.

Şikayət ərizəsində müşahidəçilərin səsvermə prosesini normal izləyə bilməmələri, 10 saylı seçki məntəqəsində 17 yaşlı şəxsin səs verməsi, 21 saylı məntəqədə qutuya birdən artıq bülleten atılması, 24-cü məntəqədə bir nəfərin şəxsiyyət vəsiqəsi olmadan səs verməsi, 20 və 38 saylı məntəqələrdə seçici statistikasında səhvlərin olduğu göstərilib.

Namizəd tərəfindən hazırkı şikayətə əlavə olunan elektron daşıyıcıda 5 seçki məntəqəsində 10 videogörüntü əlavə olunub. Araşdırma nəticəsində müəyyən olunub ki, 1, 24 və 25 saylı məntəqələrdə səsvermə kabinlərindən 2 nəfərin çıxması müşahidə olunub.

Dairə Seçki Komissiyası tərəfindən əsaslandırılıb ki, kabindən çıxan şəxslər gözdən əlil olduğuna görə, digər şəxs ona yardım məqsədilə kabinə girib. Digər videogörüntüdə səsvermə prosesini sona qədər izləyən müşahidəçinin razılıqla oradan ayrılması göstərilsə də, ikinci videoda səsvermənin nəticələrinə dair protokolun təqdim olunmaması iddia olunur.

Məlumat üçün bildirək ki, sözügedən dairədə lider namizəd Zahid Orucdur.

Nuranə Daxilqızı

Chosen
72
5
qafqazinfo.az

9Sources