EN

Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı iki şikayəti təmin etməyib

Sentyabrın 12-də Mərkəzi Seçki Komissiyasının iclasında 1 sentyabr parlament seçkiləri zamanı 33 saylı Xətai Birinci Seçki Dairəsinin yeddi seçki məntəqəsində pozuntu aşkar edilməyib.

Pozuntularla bağlı şikayəti REAL Partiyası Siyasi Komitəsinin üzvü, deputatlığa namizəd Natiq Cəfərli verib.

Mərkəzi Seçki Komissiyası bu dairə üzrə Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, son çağırış deputat Zahid Orucu lider hesab edir.

31 saylı Suraxanı İkinci Seçki Dairəsində Müsavat Partiyasından qeydə alınmış namizəd Ərzulla Buludun Dairə Seçki Komissiyasının qərarından şikayətinə baxılıb. Bulud dairənin 8 seçki məntəqəsində pozuntuların olduğunu bildirib. Mərkəzi Seçki Komissiyası namizədin şikayətini əsassız sayaraq Dairə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb. 

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu dairədə Azərbaycanın NATO-dakı missiyasının keçmiş rəhbəri Qaya Məmmədov qalib gəlib.

42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizədlər Şəfəq Mayılova və Ulduz Quliyevanın birgə müraciəti məsələsi müzakirə olunub. Mərkəzi Seçki Komissiyası müraciətin qanunvericiliklə müəyyən edilmiş vaxtı keçdiyini əsas gətirərək geri qaytarılması ilə bağlı qərar qəbul edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyasının icraatında səsvermə zamanı saxtakarlıqla bağlı daha 20 şikayət var.

Chosen
156
turan.az

1Sources