EN

İranla Rusiyanın Zəngəzur dəhlizinə dair gizli razılaşması var...

Image

Arzuxan Əlizadə: “Çox güman ki, tərəflər arasında ikili oyun qurulub”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin İranla Zəngəzur dəhlizi ilə bağlı əvvəlki razılaşmalara sadiq qaldığını bildirib. Belə ki, Şoyqu bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşündə danışıb.

“Rusiya Zəngəzurla bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bu məsələdə siyasəti qətiyyən dəyişməyib”, - Rusiya rəsmisi söyləyib.

Şoyqu deyir ki, Zəngəzur dəhlizi ilə bağlı İranla əvvəlki razılaşmalara sadiqiq. Maraqlıdır, Zəngəzur dəhlizi ilə bağlı Moskva ilə Tehran arasında nə razılaşma? Haçan olub belə bir razılaşma? Məgər Zəngəzur dəhlizi İrandan keçir ki, Moskva ilə Tehran arasında belə bir razılaşma olsun?

“Şoyqunun belə açıqlama ilə çıxış etməsi o deməkdir ki, tərəflər arasında hansısa gizli razılaşma var” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Şoyqunun belə bir açıqlama ilə çıxış etməsi müəyyən və bizə məlum olmayan gizli məqamlardan xəbər verir: “Əvvəla, Zəngəzur dəhlizi İran ərazisindən keçmir ki, Rusiya rəsmisi Tehranla belə bir müzakirə aparsın. Bu dəhliz Ermənistan ərazisindən keçir. Deməli, Rusiya tərəfi Ermənistanla bu müzakirələri aparmalıdır. Belə baxanda, Rusiya bu məsələdə də əsas tərəf olmamalıdır. Müzakirələr Azərbaycanla Ermənistan arasında aparılmalıdır. Ancaq məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sülh sazişi yoxdur. Ən başlıcası isə, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmada Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasının Rusiya FTX-sinə həvalə edilməsi öz əksini tapıb. Yəni yolun təhlükəsizliyinin təmin edilməsindən söhbət gedir. Bu səbəbdən Rusiya prosesdə yer alır. Ancaq İranın müzakirə tərəflərdən biri olması siyasi-hüquqi baxımdan doğru deyil. Bu, İranın digər ölkələrin daxili işinə müdaxilə etməsi anlamına gəlir. Bəlli olduğu kimi, İran ciddi əsas olmadan Zəngəzur dəhlizinin əleyhinə mövqe sərgiləyir. Bunu ölkəsi üçün təhdid hesab edir. Guya dəhliz işə düşəndən sonra İranın Ermənistanla sərhədi bağlanacaq və s. Halbuki, bütün bunlar tamamilə yersiz yanaşmalardır. Tehranın əsl dərdi odur ki, Zəngəzur dəhlizi işə düşəndən sonra Türkiyədən Orta Asiya ölkələrinə daşımalar İran üzərindən azalacaq. Məhz buna görə İran aləmi qarışdırır. Şoyqunun belə açıqlama ilə çıxış etməsi o deməkdir ki, tərəflər arasında hansısa gizli razılaşma var. Bu ölkələr arasında ikili oyun gedir. Çünki Qərb Orta Dəhlizdən gələn yüklərə Rusiyanın nəzarət etməsini istəmir. Qərb istəyir ki, hansısa özəl şirkət təhlükəsizliyi təmin etsin, amma Rusiya orada olmasın. Ona görə də Rusiya “dovşana qaç, tazıya tut” məsələndən çıxış edərək İranı qızışdırır. İran vasitəsilə dəhlizə mane olur. Bu baxımdan, çox güman ki, tərəflər arasında ikili oyun qurulub”.

Vidadi ORDAHALLI





Chosen
70
50
baki-xeber.com

10Sources