EN

Baxın! Ölkə futbolunun MİLLİ faciəsinin aydın TABLOSU

Azərbaycan futbolu üçün məşəqqətli bir həftə arxada qaldı.

"Qarabağ"ın niyə Çempionlar Liqasının qrupuna düşmədiyini müzakirə etdiyimiz məqamda yaranmış fasilə sillə təsiri bağışladı.

Sanki bu sillə ilə "Bəylər, Azərbaycan futbolunun əsl üzünü görmək üçün, ayılın" mesajını verdilər.

Qeyri-ixtiyarı hər kəs Zaqreb şokunu unudub, yaranmış fasilədə millilərimizin oynadığı matçlara yönəldi.

Yönəlməz olardıq...

Azərbaycan millisi Millətlər Liqasında keçirdiyi 2 görüşdə məğlubiyyət yaşadı. Öncə Bakıda İsveçrə millisinə 1:3 uduzan Fernandu Santuşun kollektivi ardınca Slovakiya səfərindən 0:2 hesablı məğlubiyyətlə geri döndü.

Dərdimiz A millisi ilə bilsəydi nə vardı ki...

Gələcəyin A millisi olacaq aşağı yaş qrupu millilər də böyüklərdən heç də geri qalmadı.

U-21 yığması Avropa Çempionatının seçmə mərhələsində öncə Lüksemburqla bacarmadı - 0:2.

Evdə isə Serbiya yığmasına asanlıqla təslim oldu - 0:2.

İspaniyada təlim-məşq toplanışında olan U-19 millisi də keçirdiyi 3 matçda ortaya bir iş çıxara bilmədi. Niderlandda olan həmyaşıdlarından 3, şotlandiyalı gənclərdən 2, Uelsin eyni yaş millisindən isə 3 cavabsız qol buraxdılar.

Ümumilikdə 7 oyun və 7 məğlubiyyət.

Və ən acınacaqlısı odur ki, bu görüşlərdə cəmi 1 dəfə qol sevinci yaşamışıq. Buna sevinmək demək olarsa.

Baxın, Azərbaycan futbolunun həqiqətini göstərən tablo budur.

Məncə, kənar sözə, müzakirəyə, şərhə ehtiyac yoxdur.

Yeni AFFA rəhbərliyi təkcə papağını yox, həm də bu tablonu önünə qoyub yaxşı-yaxşı düşünməlidir.

Daha yeni santuşlar gətirmək yox, problemin dibinə enmək, sistem qurmaq, infrastruktur yoxluğunda itib-batan uşaq futbolu adlı bəlamızı həll etmək üçün.

XANOĞLAN İMANOV

Chosen
56
sportinfo.az

1Sources