EN

USAID Ermənistanı revanşizmə sürükləyir

Cənubi  Qafqazda  sülh  və  sabitliyin əldə olunmasında, bölgədə təhlükəsizliyin yaranmasında maraqlı olmayan qüvvələrdən biri də ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-dir. Birmənalı şəkildə demək mümkündür ki, təşkilatın təşəbbüsləri hər zaman Ermənistanın maraqlarına xidmət edib. Bu da quruma rəhbərlik edən şəxsin – Samanta Pauerin qatı ermənipərəst olmasından irəli gəlir. Onun ermənipərəstliyi özünü hər addımda büruzə verir.

Yada salmaq yerinə düşər ki, xanım Pauer Azərbaycan Ordusunun ölkənin bütün ərazisində dövlət suverenliyinin bərqərar olması məqsədilə 2023-cü il sentyabrın 19–20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən dərhal sonra – sentyabrın 25-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə birlikdə İrəvanda peyda olmuş, burada iki gün vaxt keçirmiş, baş nazir Nikol Paşinyana Prezident Co Baydenin məktubunu çatdırmış və sərhədyanı Gorunzur kəndinə gedərək Qarabağı könüllü tərk etmiş ermənilərlə görüşmüşdü. Haylara “canıyananlıq” edən Pauer “X” platformasındakı hesabında onlara bəslədiyi tükənməz sevgisini ortaya qoymuşdu.

S.Pauerin Ermənistan rəsmiləri ilə tez-tez görüşlər keçirməsi diqqətdən yayınmır. O, 2024-cü il aprelin 5-də Brüsseldə N.Paşinyanla görüşmüşdü. Görüşdə Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts, ABŞ-nin İrəvandakı səfiri Kristina Quinn, USAID-in Ermənistandakı missiyasının direktoru Con Allelo, USAID-in milli təhlükəsizlik direktoru Kolin Tomas Yensen də iştirak etmişdilər. Görüşdən sonra bildirilmişdi ki, müzakirə olunan əsas məsələlər Ermənistanda USAID proqramlarının həyata keçirilməsi, Qarabağı tərk etmiş ermənilərin dəstəklənməsi, Hayastanda demokratiyanın inkişafına yönəlmiş layihələrin icrası ilə bağlı olub.

Bu görüşdən 3 ay sonra – iyulun 8-də S.Pauer Ermənistana ikinci səfərini etmişdi. İyulun 11-dək davam edən səfər çərçivəsində keçirilən görüşlərdə USAID-in bu ölkəyə humanitar, psixo-sosial, eləcə də islahatların təşviqinə dəstəyi müzakirə olunmuşdu. S.Pauer iyulun 10-da İrəvanda baş nazir N.Paşinyanla görüşdə bildirmişdi ki, ABŞ Administrasiyası Ermənistanla sıx əməkdaşlığa önəm verir və ölkənin hökumət proqramlarını ardıcıl dəstəkləməyə hazırdır. Paşinyan isə bildirmişdi ki, onun hökuməti islahatların həyata keçirilməsi istiqamətində ardıcıl addımları qətiyyətlə davam etdirəcək.

İndi isə həmin səfərin və keçirilən görüşlərin praktiki nəticələri özünü göstərir. Sentyabrın 11-də baş nazirin müavini Mqer Qriqoryan və USAID-in yerli missiyasının direktoru Con Allelo Ermənistan və ABŞ arasında inkişaf əməkdaşlığı üzrə qrant sazişinə düzəliş imzalayıblar. Ermənistan hökumətinin yaydığı məlumata görə, nəticədə USAID sazişi çərçivəsində nəzərdə tutulan məbləğ iki dəfədən çox artırılaraq 120 milyon dollardan 250 milyon dollara çatdırılıb, həmçinin birgə layihələrin sahələri genişləndirilib. Genişlənmiş saziş fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi sahələri əhatə edəcək.

İmzalanma mərasimindən sonra açıqlama verən M.Qriqoryan bildirib ki, Ermənistan üçün vacib olan təkcə maliyyə dəstəyi deyil, həm də birgə proqramlarımız nəticəsində irəli sürülən demokratik dəyərlər (?), yaradıcı ideyalar və inkişaf etmiş biznes mədəniyyətidir. “Sonuncunun ölkəmizə sərmayə qoyması bizə əsaslı islahatlar aparmağa və vətəndaşların həyat keyfiyyətini yüksəltməyə imkan verir” – deyə Qriqoryan vurğulayıb.

USAID-in yerli missiyasının direktoru C.Allelo isə deyib: “Bu dəyişiklik bizim Ermənistanla tərəfdaşlığımıza sadiqliyimizi göstərir. Dəstəklərimizin həcmini artırmaqla və proqramlarımızı genişləndirməklə biz Ermənistanın inkişafına və uğur qazanmasına kömək edirik. Bizim ümumi məqsədlərimizə çatmaqda Ermənistan hökuməti və nazirlikləri ilə işimiz həlledici rola malikdir”.

Göründüyü kimi, ABŞ tərəfi müxtəlif vasitələrlə Ermənistana dəstək verməyə, onu ayağa qaldırmağa, dirçəltməyə çalışır. Nədənsə, bu zaman dəstək verilən ölkənin 30 ilə yaxın qonşu dövlətin torpaqlarını işğal altında saxladığı, onun 1 milyondan çox vətəndaşını qaçqın və məcburi köçkün vəziyyətinə saldığı unudulur. Rəsmi İrəvan bu gün də Azərbaycana ərazi iddialarından əl çəkməyib. Hələ də konstitusiyasından ölkəmizə ərazi iddialarına əsas verən müstəqillik bəyannaməsinə istinad edən müddəanı çıxarmayıb. Doğrudur, sülh danışıqları aparılır və uzun sürən müzakirələr nəticəsində bir çox maddələri razılaşdırmaq mümkün olub. Amma rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, saziş yalnız bütün maddələr üzrə razılıq əldə edildikdən sonra imzalanmalıdır. Beləliklə, bir maddənin razılaşdırılmaması qalan digər maddələrin də razılaşdırılmadığı anlamına gəlir.

Ermənistanın mövqeyi üzündən bölgədə sülh yaranmır. Xarici havadarları isə onun iqtisadi vəziyyətini yaxşılaşdıraraq, İrəvana öz mövqeyindən geri çəkilməyə, konstruktiv olmağa imkan vermirlər.

Girişdə qeyd etdiyimiz kimi, USAID də, təəssüf ki, belə qüvvələrdən biridir. Keçmiş işğalçını və hazırda qonşu ölkəyə qarşı ərazi iddialarından əl çəkməmiş ölkəni dəstəkləmək isə USAID-in məqsədləri sırasına daxil deyil. Hər halda rəsmi bəyan edilmiş məqsədlərə təbii fəlakətlərin aradan qaldırılması, yoxsulluğun ləğv olunması, qlobal məsələlər, o cümlədən ətraf mühit üzrə texniki əməkdaşlıq, ABŞ-nin ikitərəfli maraqları, sosial-iqtisadi inkişaf kimi məsələlər daxildir. Amma görünən odur ki, Demokratlar Partiyasının üzvü, erməni sevgisi aşıb-daşan xanım Pauer rəhbərlik etdiyi qurumu da özünün istəklərinə, necə deyərlər, qurban verir.

Burada diqqəti cəlb edən bir məqam da var. S.Pauerin keçirdiyi bütün görüşlərdə Qarabağdan könüllü getmiş ermənilərin problemləri qabardılır. Məsələn, onun aprelin 5-də Paşinyanla Brüsseldə keçirilən görüşü ilə bağlı Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi: “Həmsöhbətlər “Dağlıq Qarabağdan” (?) olan məcburi köçkünlərin (?) humanitar problemlərinə toxunublar. Nikol Paşinyan beynəlxalq tərəfdaşlar, o cümlədən ABŞ tərəfindən “məcburi köçkünlərə” göstərilən dəstəyin əhəmiyyətini və onun davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə “məcburi köçkünlərin” dəstəklənməsi üzrə gələcək addımlarla bağlı məsələlər, xüsusən də onların mənzillə təmin olunması məsələsi müzakirə edilib”.

Yaxud da iyulun 10-da İrəvanda Paşinyanla keçirilən görüşlə bağlı yayılan məlumatda yenə də “Dağlıq Qarabağdan olan məcburi köçkünlərin” humanitar problemlərinə və Ermənistan hökumətinin onların həlli istiqamətində atdığı addımlara, o cümlədən mənzil proqramına toxunulduğu bildirilib. Bu kontekstdə Paşinyan beynəlxalq ictimaiyyətin davamlı dəstəyinin və aprelin 5-də Brüsseldə keçirilən Ermənistan–Aİ–ABŞ yüksək səviyyəli görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb. Həmsöhbətlər, həmçinin Ermənistan–Azərbaycan sülh prosesi, eləcə də Paşinyan hökumətinin “Sülhün kəsişməsi” layihəsi ilə bağlı məsələlərə toxunublar.

Ötənilki lokal xarakterli antiterror tədbirlərini bəhanə edib bölgədən öz xoşları ilə çıxıb gedən ermənilərin sayı ən şişirdilmiş rəqəmlərdə 100 mini keçmir. Elə S.Pauer özü də həmin günlərdə lokal xarakterli tədbirləri “Azərbaycanın hərbi əməliyyatı”, Qarabağ iqtisadi rayonunu isə “Dağlıq Qarabağ” adlandırıraraq qeyd etmişdi ki, bunun nəticəsində 100 mindən çox insan öz evlərini tərk edərək qonşu Ermənistana köçmək məcburiyyətində (?) qalıb. Halbuki, Azərbaycanın 1 milyon vətəndaşı öz doğma yurdundan zorla qovulub çıxarılanda, qaçqın və məcburi köçkün vəziyyətinə düşəndə USAID-dən heç bir səs-səmir çıxmırdı. Üstəlik, həmin dövrdə – 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək aktı”na edilən 907-ci düzəliş Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan etmişdi. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş bu qadağa ərazisi işğal olunmuş, böyük humanitar fəlakətlə üzləşmiş Azərbaycanı ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir. Halbuki, məcburi köçkünlərin üzləşdikləri humanitar böhranın aradan qaldırılması USAID-in elan etdiyi birbaşa məqsədlər sırasındadır. Həmin dövrdə Azərbaycana yardım etməyən təşkilat indi Ermənistana hərtərəfli qayğı göstərməklə onu açıq-aşkar revanşizmə sürükləyir.

Məsələ ilə bağlı “XQ”yə şərh verən politoloq İlyas Hüseynov bildirdi ki, USAID-in Ermənistan ərazisində belə fəallaşması təsadüfi deyil. Onun sözlərinə görə, əvvəlcə Avropa İttifaqının mülki adlanan missiyası Hayastanda yerləşdi, sonra Ermənistan–Aİ–ABŞ yüksək səviyyəli görüşü keçirildi. Bundan sonra Qərblə Ermənistan arasında miqyası böyük olan proseslər cərəyan etməyə başladı: “Eyni zamanda, Avropa Sülh Fondu Ermənistana 10 milyon avro vəsait ayırır. Bütün bunlar regionda gərginliyin artırılmasına, Ermənistanın revanşist iddialarının daha da möhkəmlənməsinə xidmət edir”.

İ.Hüseynov qeyd etdi ki, biz təşkilatın rəhbərinin Azərbaycana qərəzli mövqedən yanaşmasının dəfələrlə şahidi olmuşuq. Xanım Pauer uzun müddətdir ki, quruma başçılıq edir. S.Pauer həm də bölgədə “rəngli inqilablar”, çevrilişlər, üsyanlar, böhranlar və fəlakətlər axtarışında olanların təmsilçisidir. Ancaq onun bu istəyi çin olmayacaq. Azərbaycan Ermənistanla döyüş meydanında Zəfər çalıb, eyni zamanda, daxildə sabitliyi pozmağa yönəlmiş bir çox təxribatları neytrallaşdırmağı bacarıb. Müxtəlif sınaqlardan alnıaçıq, üzüağ çıxıb. Yenidən xam xəyallara düşənlər, o cümlədən USAID və onun direktoru əvvəlki illərin təcrübəsini unutmamalıdırlar.

Səxavət HƏMİD 
XQ

 

Chosen
121
xalqqazeti.az

1Sources