EN

Qərb koalisiyasının yardım maxinasiyası ifşa olunur

Kiyevə ayrılan yardımlar hara “gedir”?

Ukraynadan şikayətlər gəlir, Avropa isə susur...

Uzanan Rusiya-Ukrayna müharibəsinin çoxsaylı təfərrüatlarından biri də ilk vaxtlardan rəsmi Kiyevi dəstəkləyən Qərb koalisiyasının formalaşmasıdır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) başçılıq etdiyi koalisiyaya əksər Avropa dövlətləri, bütövlükdə 55 ölkə və təşkilat qoşulub. Koalisiyanın Ukraynanı dəstəkləməsi proqramına Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da daxil olmaqla rəsmi Kiyevə hərbi yardım göstərilməsi, Ukrayna büdcəsinin kəsirlərinin aradan qaldırılması və s. daxildir. Ancaq belə məlum olur ki, Qərbin Ukraynaya göstərdiyi yardımlarla bağlı şübhəli suallar doğuran məqamlar da az deyil. Xüsusilə də vəsaitlərin xəclənməsinə dair hesabatların verilməməsi və şəffaflığın təmin olunması müzakirələrə səbəb olur.

Qərb koalisiyası Ukraynaya yardımları artırdığını desə də...

Qərbdən mütəmadi qaydada Ukraynaya dəstəyin artırıldığına dair məlumatlar gəlir. Səsləndirlən rəqəmlər həqiqətən çox böyükdür. “Ukraine Support Tracker”in 2024-cü ilin əvvəlinə olan məlumatına görə, 42 ölkə, həmçinin Avropa qurumları, BVF və Dünya Bankı Ukraynaya donorluq ediblər. Ən böyük donorsa, əlbəttə ki, Amerika Birləşmiş Ştatlarıdır. Bu ölkə Kiyevə 71 milyard avro yardım edib. Aİ ölkələri təxminən 62 milyard avro ayırıb. Ukraynaya həmçinin Kanada, Avstraliya, Yeni Zelandiya, Çin, Yaponiya, Norveç, Cənubi Koreya, İsveçrə, Tayvan, Hindistan və bəzi digər dövlətlərdən daha 23 milyard pul yönəldildiyi bildirilir. Təxminən 13 milyard avro həcmində vəsait isə beynəlxalq maliyyə təşkilatları tərəfindən ayrılıb.

Ayrı-ayrı ölkələr daha çox səxavətlilik göstəriblər. Kanada tammiqyaslı savaş başlanandan Ukraynaya hərbi yardım üçün 1,8 milyard dollar ayırıb. Bundan başqa,  Kanada hərbçiləri 2015-ci ildən ukraynalı hərbçi və Təhlükəsizlik Xidməti əməkdaşlarının təlimini həyata keçirib və Kanada bu proqramı 2026-cı ilin martınadək genişləndirəcək. Norveç Ukrayna ilə dəstək proqramı çərçivəsində 2023-2027-ci illərdə 7 milyard dollar ayıracağı ilə bağlı çoxillik saziş bağlayıb.

Fransa Ukraynaya yardım ayıran ölkələrin siyahısında öndə gələn dövlətlərdəndir. 2022-ci il fevralın 24-dən 2023-cü il dekabrın 31-nə olan məlumata görə, Fransa Ukraynaya hərbi yardım üçün 2,615 milyard avro vəsait yönəldib. Eyni zamanda, Fransa Ukraynaya yardımla bağlı “Avropa sülh fondu”na 1,2 milyard avro ayırıb və bununla da, xərclərin ümumi dəyəri 3,8 milyard avronu ötüb.

Almaniya Ukraynaya 17 milyard avrodan çox yardım göndərdiyini iddia edir. Yuxarıda sadalanan faktlardan da göründüyü kimi, siyahıda liderlik Amerika Birləşmiş Ştatlarına məxsusdur. ABŞ bu günlərdə rəsmi Kiyevə növbəti yardım paketini bəyan edib. Bu dəfə Amerika Birləşmiş Ştatları Ukraynaya enerjinin bərpası, humanitar yardım və minalardan təmizlənmə üçün 700 milyon dollardan çox maliyyə yardımı ayırıb. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. “Biz Ukraynanın enerji və şəbəkəsinin yenidən qurulmasına kömək etmək üçün 325 milyon dollar yeni maliyyə ayırırıq. Mən həmçinin Ukraynada milyonlarla insanı içməli su, qida, sığınacaq və dərmanla təmin etmək üçün 290 milyon dollarlıq yeni humanitar yardımı elan edirəm. Nəhayət, humanitar minatəmizləmə üçün 102 milyon dollar əlavə maliyyə ayırırıq”, - deyə o qeyd edib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də 4-cü “Krım platforması” sammitində Ukraynaya göstərilən yardımdan ağızdolusu danışıb. Avropa Komissiyasının prezidenti bu vaxta qədər Ukraynaya 118 milyard avrodan çox dəstək göstərdiklərini də vurğulayaraq əlavə edib ki, bu dəstəyin davamı gələcək. O vurğulayıb ki,  Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən heç vaxt yorulmayacaq. Yalnız sərhədlərin dəyərli olduğu yerdə insanlar üçün təhlükəsizlik və sülh mövcud ola bilər.

Korrupsiya yeminə çevrilən yardımlar

Səsləndirilən rəqəmlər yardımların məbləğinin hədsiz dərəcədə böyük olduğu təəssüratlarını yaradır. Ancaq rəsmi Kiyev dəstəyin yetərli həcmdə olmadığından şikayətlənir. Bunun təqsiqi olaraq qeyd edək ki, prezidet Zelenski bir neçə dəfə koalisiyaya üz tutaraq yardımın artırılmasını istəyib.

Elə cəbhədəki vəziyyət də döyüşən Ukraynanın lazımi qədər dəstək almadığı qənaətini möhkəmləndir.  Ukraynanın uğuru kimi dəyərləndirilən Kursk döyüşlərinə diqqət çəkək. Cari il avqustun 6-da Rusiya-Ukrayna müharibəsində yeni bir səhifə açıldı. Qeyd olunan tarixdə Ukrayna Silahlı Qüvvələrinin təxminən 1000 nəfərdən ibarət bölmələri Rusiyanın Kursk vilayətinə hücum ediblər. Mediada və sosial şəbəkələrdə yayılan ilkin məlumatlara görə, ukraynalılar elə həmin gün sərhəddən vilayətin mərkəzinə doğru 12 kilometrə qədər irəliləyərək, 10 yaşayış məntəqəsini ələ keçiriblər. Sonrakı günlərdə Ukrayna Kursk vilayətində irəliləməsini və yeni yaşayış məntəqələrini ələ keçirməsini davam etdirdi. Ancaq Ukrayna ordusu Kurskda hərbi üstünlüyün davamını təmin edə bilmir. Böyük ölçüdə Rusiya Kursk vilayətində Ukrayna ordusuna qarşı müqaviməti təmin etməyə, hətta bəzi yaşayış məntəqələrini geri qaytarmağa nail olub.  Hazırda Ukraynada Kursk döyüşlərindəki üstünlüyün eyforiyası fonunda Şərq cəbhəsindəki uğursuzluqlar, burada Rusiyanın hücumların intensivliyini artırması ciddi narahatlıq və məyusluq doğurur.

Bəs milyardlarla yardımlar niyə Ukraynanın köməyinə çatmır. Rəsmi Kiyevin şikayətlərinin kökündə nə dayanır? Bəlkə, yardımlar bütün miqyası ilə Ukraynaya çatmır, elə Qərbin özündəcə mənimsənilir? Burada şəffaflıq mütləq şərtdir. Ancaq ortada belə şəfaflıq yoxdur. Xərclərə dair hesabatlar təqdim olunmur. Yeri gəlmişkən, Avropanın özündə də rəqəmlərə şübhəli yanaşmalara dair fikirlər KİV-ə sızdırılır. Məsələn “The New York Times” nəşri qeyd edib ki, ABŞ-ın Ukraynaya hərbi yardımına yaxşı nəzarət edilməyib. Ən ifşaedici faktları isə “Deutsche Welle”nəşri təqdim edib. Nəşr Almaniya hökumətinin ölkənin müdafiə xərclərini və Ukrayna ordusuna etdiyi yardımı şübhəli şişirtməsi haqqında məqalə dərc edib. Məqalədə deyilir ki, Almaniya Ukraynaya 17 milyard avrodan çox yardım göndərdiyini iddia edir: “Rəqəmlər şişirdilib... Biz faktiki olaraq nə çatdırıldığına diqqətlə baxdıq və son iki ildə bu yardımların ümumi həcminin 4-5 milyard avro arasında olduğunu gördük”.

Əlavə şərhə ehtiyac yoxdur. Transmilli medianın araşdırmaları Qərb koalisiyası üçün ifşaedicidir və Ukraynanın şikayətlərinin əsaslı olduğu barədə qənaətləri möhkəmləndirir. Koalisiyadan böyük yardımlar göstərildiyi bəyan edilsə də, bunların çox az qismi Ukraynaya çatır. Belə çıxır ki, Qərb dövlətləri pulların digər ölkələr üzərindən korrupsiya yeminə çevrilməsi ilə bağlı son illərdə Ermənistanda tətbiq etdiyi praktikanı həm də Ukraynada təkrarlayır. Bu artıq başqa bir söhbətin mövzusudur. Növbəti saylarımızda Aİ pullarının Ermənistanda “qara dəliyə” necə axdığı barədə geniş material dərc edəcəyik.

MÜBARİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources