Azərbaycanda ətin qiyməti günü-gündən bahalaşır. Ekspertlər bunu müxtəlif amillərlə əlaqələndirirlər. Hesablama Palatası da bununla bağlı mövqe bildirib. Vurğulanır ki, yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsi ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amildir.
Bu arqument nə qədər əsaslıdır? Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Publika.az-aaçıqlama verib.
O bildirib ki, heyvandarlıqda məhsuldarlığa təsir edə biləcək əsas amil yem bazasıdır:
“Ola bilsin ki, Hesablama Palatasında bu sahə ilə kifayət qədər məşğul olan mütəxəssis yoxdur. Əgər belə bir qənaətə gəliblərsə bunun özü də müsbət haldır. Yem bazası zəif olduğu üçün damazlığı inkişaf etdirmək mümkün olmayacaq. Azərbaycanda ətin qiymətinin baha olmasının əsas səbəbi yemin baha olmasıdır. Ümumiyyətlə, ölkədə məhsuldarlıq çox aşağıdır. Yemlənmə elə olmalıdır ki, məhsuldarlıq yüksəlsin. Yemdən səmərəli istifadə edib, yaxşı nəticə əldə etmək olar. Bu mərhələdən sonra damazlığı inkişaf etdirmək olar. Hazırda ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil damazlıq deyil”.