EN

Qəbulda insident: İcra hakimiyyətinin mikrofonunu yerı çırpıb sındırdı və...

Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətində qəbul zamanı insident törədən qazi Nurlan İbrahimova (soyad şərtidir) cinayət işi açılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Qala qəsəbə sakini olan 1995-ci il təvəllüdlü Nurlan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, yəni xuliqanlıq əməli üzrə cinayət məsuliyyətinə cəlb edilib. Məlum olub ki, o, Xəzər rayon İcra Hakimiyyətinin inzibati binasının 1-ci mərtəbəsində vətəndaşların qəbulu zalında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud şəkildə pozub.

Nurlan ucadan icra hakimiyyətinin bütün əməkdaşların ünvanına nalayiq sözlər işlətməklə onları vurub xəsarət yetirəcəyi ilə hədələyib. Həmçinin zalda olan dövlət mülkiyyətinə aid masanın üstündəki dəyəri 50 manat təşkil edən mikrofonu götürüb yerə çırparaq, dəyəri 1.300 manat təşkil edən masanı aşırtmaqla, habelə bir ədədinin dəyəri 50 manat olan ümumilikdə 250 manat təşkil edən oturacaqları götürüb bir-birinə vuraraq sındırıb. O, oturacaqlardan birinin dəmir materialdan olan sınmış ayağını silah qismində istifadə edərək ictimai yer sayılan dəhlizə çıxıb və ucadan səs-küyə dəhlizə toplaşmış bütün işçilərin ünvanına və ünvansız nalayiq ifadələr işlədərək təhqir edib. Nurlan yaxın gələni vuracağı ilə hədələyib, nəticədə Xəzər rayon İcra Hakimiyyətinin iş rejimini 30 dəqiqə ərzində pozmaqla İH-ə məxsus dövlət mülkiyyətinə 1.600 (min altı yüz) manat maddi ziyan vuraraq şəxslər üzərində zor tətbiq edilməsi ilə, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq edib.

Hadisədən dərhal sonra inzibati binaya polislər dəvət edilib və Nurlan saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində istintaq müddəti üçün həbs qətimkan tədbiri seçilib.

N.İbrahimov ifadəsində bildirib ki, işsiz qaldığı üçün çox əsəbi olub və əməlindən peşmandır.

Onun barəsindəki cinayət işinin materialları Xəzər rayon Məhkəməsinə göndərilib və sentyabrın 2-də hökm elan edilib.

Məhkəmədə icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Nurlanı artıq bağışladıqlarını və ondan şikayətçi olmadıqlarını deyib.

Məhkəmə Nurlanın hadisədən dərhal sonra həbs edilməsini və müharibədə iştirakını nəzərə alaraq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Lakin cəza 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib. Nurlan İbrahimov məhkəmə binasından sərbəst buraxılıb.

Kərim Abbaszadə

Chosen
171
bakivaxti.az

1Sources