EN

AZƏRBAYCANIN MÜDAFİƏ QABİLİYYƏTİNƏ ARXADAN BALTA VURANLAR

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov,

Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə törətdikləri cinayət əməlinə görə indi hakim qarşısına çıxarılıblar... Tezadlar.az bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatətlər verib. Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov verdiyi bir neçə vəsatət təmin edilməyib. Vəkil deyib ki, Cəlal Kazımovun üzərinə həbs qoyulduğu bir əmlakı satılıb və əldə edilən 110 min manat pul dövlət hesabına köçürülüb. Vəkil bununla bağlı sənədin iş materiallarına əlavə edilməsini xahiş edib. Vəsatət qismən təmin edilib.

Vüsal Əlizadənin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin çalışdığı “N” saylı hərbi hissədə təftişçilər tərəfindən yoxlama aparılarkən çatışmazlıqlar aşkar edildiyini bildirib. “Onlar Vüsaldan 179 min manat pul tələb ediblər. Vüsal da onlara 180 min manat pul verib. Mənimsəmə faktı ilə bağlı istintaq 2017-ci ildən aparılır, lakin ondan əvvəlki dövrlərin də pullarını təftişçilər həmin vaxt müvəkkilimdən tələb ediblər. Xahiş edirəm, müxtəlif epizodlar üzrə müvafiq olaraq 180 və 335 min manat pul Vüsal Əlizadənin üzərinə düşən məbləğdən çıxarılsın”, - vəkil bildirib. Məhkəmə hazırkı mərhələdə bu vəsatəti də təmin etməyib.

 Proses zamanı müttəhim Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də məhkəməyə bir neçə vəsatət təqdim edib. Onun cinayət işi üzrə dəymiş ziyanın ödənilməsinin nə yerdə olduğunu bilmək üçün istintaq orqanına sorğu göndərilməsi ilə bağlı vəsatəti təmin edilib.

Həmçinin məhkəmə vəkilin daha bir vəsatətini təmin edib. O, həmin vəsatətdə bildirib ki, Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi Rafael Xələfov cinayət işi üzrə hadisələrin mərkəzində olan şəxslərdəndir. "Rəfail Xələfov özündən kiçik vəzifəlilərə bir söz, böyüklərə isə başqa söz deyib. Ortada mübahisəli məsələlər, həmçinin yeni suallar var. Biz bununla bağlı əvvəl də vəsatət vermişdik, lakin məhkəmə onun təqsirləndirilən şəxs olduğunu əsas gətirərək, hüquqlarının olduğunu bildirmişdi. Bəs, buradakı təqsirləndirilənlərin hüquqları necə olsun? Burada təqsirləndirilən şəxs qismində əyləşən şəxslərlə onun arasında ziddiyyətli məsələlər var. Rəfail Xələfov yenidən prosesdə dindirilməlidir ki, həmin məsələlər üzə çıxsın. İş üzrə dindirilməsi zəruri olan şəxslərdən biri də Rövşən Əliyevdir ki, o da rəhmətə gedib. Xahiş edirəm məhkəmə Xələfovun dindirilməsini təmin etsin”, - vəkil deyib.

Dövlət ittihamçısı da sözügedən şəxsə yeni suallar olduğu halda vəsatətin təmin olunmasına etirazının olmadığını bildirib. Vəsatət təmin edilib. Belə ki, növbəti prosesdə R.Xələfov yenidən dindiriləcək.

Nizami Məmmədovun başqa bir vəkili qeyd edib ki, cinayət işi üzrə təqsirli bilinən və ayrı icraatda məhkəməsi keçirilən Məlikməmməd Qurbanov ifadəsində vəzifədə işlədiyi 2015-2019-cu illərdə 20 milyon manat pul mənimsənildiyini deyib.

“O, deyib ki, həmin pulun 19 milyon 600 min manatını Nəcməddin Sadıqova verib, 400 min manatı isə özünə qalıb. Həmçinin sabiq idarə rəisi Nəcməddin Sadıqovun ona 800 min manat pulu Nizami Məmmədova çatdırmaq üçün verdiyini bildirib. Məlikməmməd Qurbanov bir ifadəsində pulu özünün çatdırdığını, digərində isə vasitəçi ilə göndərdiyini deyib. Bu inandırıcı deyil”, - müdafiəçi bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin olunub.

Tezadlar.az xatırladır  ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bəli, Azərbaycanın müdafiə qabiliyyətinə ağır zərbə vurmağa bərabər bu əməllərin hüquqi nəticəsi belə də olmalı idi...

Chosen
146
38
tezadlar.az

10Sources