EN

ABŞ ermənilər vasitəsilə Rusiyanı silahlandırır? – İkinci “İranqeyt” skandalı

2024-cü ilin sonuna qədər Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər.

Musavat.com-un məlumatına görə, Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk Ermənistan-Rusiya hökumətlərarası komissiyasının İrəvanda keçirilən iclasında bunu bildirib.

OVERCUK.jpg

Onun sözlərinə görə, 2023-cü ildə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 55,8 faiz artaraq 7,4 milyard dollara çatıb:

“2024-cü ildə isə bu rəqəm ilk altı ayda artıq 8,4 milyard dolları keçib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə ticarət dövriyyəsi cəmi 2,3 milyard dollar təşkil edib ki, bu da qarşılıqlı ticarətin sürətli artımını göstərir”.

Maraqlıdır, bir çox siyasi şərhçilər və media orqanları tərəfindən “Avropanın dostu, Rusiyanın düşməni” kimi təqdim olunan Nikol Paşinyandan əvvəl Rusiya-Ermənistan arasındakı ticarət dövriyyəsi 2 milyard dollar səviyyəsində olduğu halda, indi bu rəqəmin 600 faiz artması təəccüblü deyilmi? İki “düşmən” dövlət arasındakı ticarət dövriyyəsinin artımı nədən xəbər verir?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bunun heç də təəccüblü olmadığını deyib.

OGUZ.jpeg

Onun fikrincə, Rusiya-Ermənistan arasındakı ticarət artımının birdən-birə 6 dəfə artması ilə yanaşı, həm də bunun Ukraynaya savaşın qızışdığı bir tarixə təsadüf etməsi daha çox maraqlıdır:

“Hətta bizim bəzi ekspertlərimiz belə son zamanlar Azərbaycan hakimiyyətini Rusiyaya meyllənməkdə günahlandırır, Ermənistanın isə guya Qərbə yönəldiyini bildirirlər. Azərbaycan və Ermənistanın Rusiya ilə ticarət dövriyyəsindəki rəsmi göstəricilər isə tamamilə fərqli situasiyadan xəbər verir. Təsəvvür edin, bizim 2023-cü ildəki Rusiya ilə ticarət dövriyyəmiz 4.5 milyard dollar həddində qalsa da, Cənubi Qafqazın ən zəif dövləti olan Ermənistanda bu göstərici 14 milyard dollara yüksəlib. Hardasa, bizdən 5 dəfə çox alış-verişdən söhbət gedir. Üstəlik, bizim Rusiyaya ixracımız son zamanlar xeyli azalıb və bunu rəsmi statistikalar da təsdiqləyir. Məlumata görə, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Rusiyaya ixrac 7.8 faiz azalaraq 656 milyon 46 min dollara, Rusiyadan Azərbaycana ixrac isə 10.6 faiz artaraq 1 milyard 916.7 milyon dollara bərabər olub. Ermənistanda isə ixrac artıb və bu da İrəvanın sanksiyaya məruz qalan məhsulların Rusiyaya təkrar ixracı ilə məşğul olması ehtimalını ağla gətirir”.

Elədirsə, ABŞ və Qərb dövlətləri niyə Ermənistanın başını tumarladığı halda, bizə qarşı açıq-aşkar hücuma keçir?

Heydər Oğuz bu sualın bir izahı ola biləcəyinə inanır:

“ABŞ utanmasa, Ukrayna ilə yanaşı, Rusiyaya da silah göndərər. Bu fikiri Musavat TV-yə verdiyim müsahibədə də demişdim ki, məqsəd eynilə İran-İraq müharibəsində olduğu kimi, Ukrayna-Rusiya savaşını da uzatmaq, tükəndirmə müharibəsinə çevirməkdir. Deməli, burada təkcə Rusiya deyil, eyni şəkildə Ukrayna da hədəfə götürülüb. Hər iki dövləti getdikcə çökdürmək və onların təbii sərbətlərinə yiyələnmək istəyən ABŞ senatorlarından biri bu yaxınlarda maraqlı bir fikir söyləmişdi. Demişdi ki, Ukrayna 15 trilyon dollar üzərində oturmuş zəngin bir ölkədir. Biz onu Rusiyaya buraxa bilmərik. Məlumata görə, Ukraynanın trilyon dollarlarla ölçülən təbii sərvətlərinin ən azı yarısı indi ağır döyüşlərin getdiyi Donbass ərazisində yerləşir. Odur ki, Ukraynanı və Rusiyanı çökdürərək özündən asılı vəziyyətə salmaq istəyən ABŞ məhz bu səbəbdən də hər iki ölkəni tükəndirənə qədər döyüşdürmək istəyir. Eyni ilə 8 il davam edən və 1 milyondan çox insanın ölümünə yol açan İran-İraq müharibəsində olduğu kimi.

Yeri gəlmişkən, bizi İsraildən silah almaqda günahlandıraraq əqrəb kimi quyruğunu belinə qaldıran İran absurd iddialarını səsləndirməmişdən əvvəl ayna qabağına çıxıb özünə nəzər salsın.

İRANİ

Unutmasın ki, İraqla savaşda ABŞ-dan silahları İsrail vasitəsilə almışdı və tarixə “İranqeyt” qalmaqalı kimi düşən bu ifşadan sonra İran, İslam İnqilabi Keşikçilərinin qurucusu Mehdi Haşimini edam etdirmək, dini liderin köməkçisi Ayətullah əl-Üzma Hüseyn Əli Müntəzirini işdən qovmaq məcburiyyətində qalmışdı. Çünki Mehdi Haşimi irəli sürülən bu iddiaların doğruluğunu qəbul edir, Müntəziri isə İsraildən silah alıb İraq müsəlmanlarına qarşı döyüşməyi dinə zidd hadisə adlandırırdı. İşdən qovulduğu 1997-ci ildən 2009-cu ildə ölümünə qədər ev dustaqlığına məhkum olunmuş Müntəziri vəfatından az əvvəl verdiyi müsahibədə mövzu ilə bağlı bunları demişdi: "Ronald Reyqanın nümayəndələri gizli şəkildə Tehrana gələrək İranla silah danışıqları apardılar. Mən buna etiraz etdim və dedim ki, biz İsraildən aldığımız silahlarla İraqa qarşı vuruşacağıq? Çünki ABŞ İranı İsrail vasitəsilə silahla təmin edirdi. Dedim ki, müsəlmanların düşməni olan İsraildən silah almaq və İraqda müsəlmanlara qarşı döyüşmək düzgün deyil. Bu xəbər Livanda bir qəzetdə çıxdı. Hakim zümrə bundan çox narahat oldu və Mehdi Haşimini edam etdi”.

Müntəziri müsahibəsində bir az da irəli gedərək, İran-İraq savaşının da əslində Tehranın səhvi ucbatından baş verdiyini bildirmişdi:

“İran-İraq müharibəsinin reallığı budur; inqilab baş verəndə biz “inqilab ixracı”, “bu gün İran, sabah İraq” kimi çox radikal şüarlar səsləndirirdik. Bu şüarlar ətrafdakı ölkələrin dəhşətinə səbəb oldu. O vaxt Xomeyninin yanına getdim və dedim: “Bir ölkə inqilabı edəndə xoş niyyət bəyanı olaraq qonşulara nümayəndə heyətləri göndərir və dostluq mesajları verir, təəssüf ki, biz bunu etmədik, amma etsək, daha yaxşı olardı. O, mənə etiraz etdi və “bu mümkün deyil” dedi. “Biz özümüzlə qonşularımız arasında divar çəkə bilmərik, ona görə də bizim münasibətlərimiz yaxşı olmalıdır”, - deyə Xomeyniyə iradımı bildirdim. O isə “biz ölkəmizin ətrafına divar çəkməliyik”, - cavabını verdi”.

MUHAR

Heydər Oğuz ABŞ-ın bu gün Ukraynaya qarşı Rusiyanı Ermənistan vasitəsilə silahlandıra biləcəyini istisna etmir:

“Gətirdiyim örnəklərdən də gördüyümüz kimi, vaxtilə İranın silahlandırılması da guya onun baş düşməni İsrail tərəfindən həyata keçirilirdi. Bu gün də Paşinyan Ermənistanı eyni funksiyanı yerinə yetirir; bir tərəfdən Rusiyaya buynuz atır, digər tərəfdən isə ona ikili təyinatlı məhsullar verir. Görünür, düşməni düşmənlə yemləmək ABŞ-a ona görə lazımdır ki, heç kim bu iddiaların həqiqət olduğuna inanmaz və Vaşinqton öz məkrli siyasətini rahatlığqla həyata keçirər. Bu məkrli siyasətdə xüsusilə İrəvanın seçilməsinin bir başqa səbəbi böyük ehtimalla ABŞ-dakı erməni lobbisinin varlığı və yəhudi lobbisi ilə əzəli düşmənçiliyi ilə bağlıdır. Bəlkə də yəhudi lobbisinə İran barəsində söz deməyin mümkün olmadığını düşünən Vaşinqton bu siyasət üçün erməniləri daha uyğun görüb. İnanıram ki, “İranqeyt” qalmaqalı kimi, bu siyasət də lazım gələndə ifşa olunacaq və Ulkrayna savaşı bitəcək”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
116
50
musavat.com

10Sources