EN

Antiterror əməliyyatı Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşdı ŞƏRH

2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatla başa çatdı.Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsədə Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.Bundan əlavə, həmin zaman Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur. Separatçıların Qarabağda qeyri - qanuni fəaliyyətlərinə qarşı Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası keçirilmişdir.Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalıdır.

Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldular. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılmışdır.Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi.

Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Bu günlərdə Qarabağda keçirilən antiterror əməliyyatının indiyədək məlum olmayan bir sıra detalları açıqlanıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov bildirib ki cəmi bir gün ərzində 406 kvadrat kilometr ərazi yad ünsürlərdən təmizlənərək tam nəzarətimiz altına alındı. Əməliyyat zamanı düşmənin 310 nəfəri məhv edilmiş və yaralı 614 nəfər olmaqla şəxsi heyət sarıdan itki vermişdir. 2023-cü il sentyabrın 19-20 tarixlərində ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tank, 22 artilleriya sistemləri, 14 minaatan, 3 zenit kompleksi, 8 REM vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla silah və texnikası məhv edilmişdir. Həmçinin əməliyyatın nəticəsi olaraq 1731 müxtəlif döyüş texnikası, artilleriya vasitələri, zenit-raket qurğuları, hərbi avtomobil, xüsusi texnika və digər döyüş vasitələri, eləcə də 18664 atıcı silah düşməndən müsadirə edilərək götürülmüşdür.Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsi idi. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Odur ki, ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir.Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Prezident İlham Əliyevin iyirmi bir il­lik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olub. Hakimiyyətə gəlməsinin 20-ci ildönümü günündə-2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını ucaldan qalib lider İlham Əliyev bu barədə deyirdi: "İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik.Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı.

Nicat İsmayılov

YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
15
sesqazeti.az

10Sources