EN

Məktəbin içində özəl kurs: Valideynlər narazıdır, direktor "tanımıram" deyir...

Kürdəmir şəhər 9 illik orta məktəbdə "Zərdab yolu" kommersiya kursu fəaliyyət göstərir.

Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Onlar iki təhsil sisteminin bir arada olmasından narahat olduqlarını qeyd edir:

"9 illik məktəbdə 11 sinif fəaliyyət göstərir. Məktəb tam təmirlidir. İstilik sistemi və sanitar qovşağı var. Amma bir böyük problemimiz var ki, "Zərdab yolu" kommersiya təhsil kursu bu məktəbdə fəaliyyət göstərir. Kurs kiminsə himayəsi altında məktəbdə qeyri-qanuni olaraq yerləşdirilib. Valideynlər, müəllim və şagird kontingenti kursun məktəbdə yerləşməsindən narahatdır və buna görə rayonda səfərdə olan Mərkəzi Aran Region Təhsil İdarəsinin müdiri Elçin Kərimovla görüşmək istəyiblər. Lakin görüşə getmək istəyən müəllimlərə məktəb drektoru Nüsrət Kərimov təzyiq göstərib, onları təhdid edib".

Məsələ ilə əlaqədar Kürdəmir şəhər 9 illik orta məktəbin direktoru Nüsrət Kərimovla əlaqə saxladıq. Direktor "Zərdab yolu" kommersiya kursunun rəhbərini tanımadığını bildirib:

"Biz Mərkəzi Aran Region Təhsil İdarəsinin tabeliyindəyik. Kursun rəhbəri ilə müqaviləni region təhsil idarəsi bağlayır. Yəni məktəbin bütün tabeçiliyi onlara aiddir. Mənim müqavilə bağlamağa nə hüququm çatır, nə də səlahiyyətim çatır. Kursun mənə heç bir aidiyyatı yoxdur. Mən kiməm ki? Kursun rəhbərini tanımıram, heç adını da bilmirəm. Cavan bir oğlandır, saat 3-ə kimi bizim məktəbdəki dərslər yekunlaşır. Saat 3-dən sonra isə onlar burada tədrisə başlayır. Burada mənlik heç nə yoxdur".

Kürdəmir Rayon Təhsil İdarəsinin müdiri Rəfael Məmmədov isə Qaynarinfo-ya bildirib ki, "Təhsil haqqında qanun"da büdcədənkənar fəaliyyət üçün məktəbin digər məqsədlər üçün istifadəsi üçün nəzərdə tutula bilər:



"Orada kurs tədrisə heç bir maneçilik törətmir. Kursla qanuni şəkildə müqavilə bağlanılıb".

Bahar Rüstəmli
Chosen
24
5
qaynarinfo.az

6Sources