ABŞ Ordusu Corciya ştatının Fort Murda yaşayış məntəqəsində (Fort Moore, Georgia) baş tutan “Maneuver Warfighter Conference” konfransı zamanı Modular Turreted Mortar System (MTMS) özüyeriyən minaatanlarını sınaqdan keçirib.
“Poliqon” “Army Recognition” nəşrinə istinadən xəbər verir ki, sınaqlarda “Patria NEMO” (“Patria NEw MOrtar”) minaatan sisteminin atəşi idarəetmə sistemi (Fire Control System – FCD) ilə təchiz olunmuş ABŞ Zirehli Çoxməqsədli Vasitəsinin (AMPV) inteqrasiyası nümayiş etdirilib.
Bu hadisə sistemin ABŞ-ın minaatan döyüş sursatlarından istifadə edərək dəqiq atəş tapşırıqlarını yerinə yetirmək qabiliyyətini vurğulayıb.
Bildirilir ki, konfrans zamanı onlar 120 mm çaplı “Patria NEMO” minaatanlı qurğunun imkanlarını nümayiş etdiriblər. Onların arasında eyni vaxtda bir neçə atəş açmaq imkanı var ki, bu da hədəfi eyni vaxtda altı dəfəyə qədər məhvetmə üzrə atəş tapşırığını (Multiple Rounds Simultaneous Impact – MRSI) icra etməyə imkan verir.
Özüyeriyən minaatan Zirehli Çoxməqsədli Vasitə (Armored Multi-Purpose Vehicle – AMPV) tırtıllı şassi bazasında hazırlanıb. “Patria NEMO” minaatanınln adi döyüş sursatları ilə atəş məsafəsi on kilometr, atəş tezliyi dəqiqədə on mərmidir.
ABŞ Ordusu 2020-ci ildən “Patria” şirkəti ilə əməkdaşlıq edir, NEMO sisteminin texniki-iqtisadi əsaslandırmalarını və xarici müqayisəli sınaqlarını (Foreign Comparative Testing – FCT) aparır.
Onun yüngül və yığcam konstruksiyası bu minaatan sistemini əksər təkərli və tırtıllı zirehli texnikalar, eləcə də Finlandiyanın “Jurmo” sinifli desant gəmisi və ya daha kiçik desant gəmiləri və ya İsveçin CB90 sinifli sürətli hücum gəmisi də daxil olmaqla müxtəlif növ platformalarda asanlıqla quraşdırmaq mümkündür.
“Patria NEMO” zirehli tank bölmələrinə birbaşa və dolayı yolla atəş dəstəyi təmin etmək üçün təyin edilmiş 120 mm-lik minaatan sistemidir. Onun əsas silahı 120 mm-lik hamar lüləli minaatandır, ondan uzaq məsafədən atəş və ya hədəfə nöqtə zərbələri endirmək üçün istifadə edilə bilər. NEMO əslində 2013-cü ildən Finlandiya Müdafiə Qüvvələrində istifadə edilən məşhur AMOS minaatanının tək lüləli sadələşdirilmiş versiyasıdır. İstəyə görə sistem yaxın məsafədən müdafiə üçün 7,62 mm-lik pulemyotla da təchiz oluna bilər.
Finlandiyanın “Patria Land Oy” şirkəti tərəfindən hazırlanmış NEMO minaatan hazırda Sloveniya və Səudiyyə Ərəbistanı kimi ölkələrdə istifadə olunur. Minaatan təkərli və ya tırtıllı zirehli maşının qülləsinə quraşdırılıb ki, bu da döyüş meydanında hərəkətliliyi artırır. Bu müasir minaatan sistemi istismar imkanlarını artırmaq üçün müxtəlif aksessuarlarla təchiz edilib. O, 24/7 istifadə üçün gecə və gündüz görmə sistemlərini, uzaq hədəfləri vurmaq üçün qeyri-nişanalmasız atəş sistemini, həmçinin heyətin mühafizəsi üçün yanğın aşkarlama və söndürmə sistemlərini birləşdirir.
NEMO minaatan sisteminin heyəti dörd nəfərdən ibarətdir ki, onlar da nüvə, bioloji və kimyəvi (NBC) təhlükələrindən qorunma sistemindən, eləcə də müxtəlif mühitlərdə işləmək üçün kondisioner sistemindən faydalanırlar. Rabitə radio və daxili danışıq sistemləri ilə təmin edilir.
Ümumi çəkisi təxminən 18 ton olan NEMO minaatan sistemi atıcı silahlardan atəşindən və mərmi qəlpələrindən qorunmaq üçün kifayət qədər zirehə malikdir.
Onun əsas üstünlüyü mobillikdir – o, şossedə 100 km/saat maksimak sürət yığa bilir və yanacaq üzrə 800 km məsafəlik gediş ehtiyatına malikdir ki, bu da onu yüksək hərəkətlilik tələb edən əməliyyatlar üçün xüsusilə effektiv edir. Uzunluğu 7,3 metr və eni 2,9 metr olan bu kompakt sistem müxtəlif yolsuzluq ərazi şəraiti üçün uyğundur.
Silah sisteminin ilk müştərisi 12 ədəd sifariş verən Sloveniya Ordusu olmuşdur. Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Dəniz Qüvvələri isə 12 patrul kateri almış, onlardan bəziləri isə NEMO minaatanları ilə təchiz olunmuşdur. Səudiyyə Ərəbistanı LAV II zirehli maşınlarını təchiz etmək üçün 36 ədəd NEMO qülləsi alıb.
Bu yaxınlarda “Patria” çevikliyi artırmaq üçün standartlaşdırılmış 27 fut (8,2 m) konteynerlərə quraşdırılmış “Patria NEMO” minaatan sistemini təklif edib: minaatan konteyneri yük maşını və ya gəmiyə qaldırıla və ya baza müdafiəsi kimi yerə qoyula və atəş apara bilir. Sistemin təlim simulyatorları da mövcuddur.
Beləliklə, 2024-cü ilə olan vəziyyətə görə “Patria NEMO” minaatan sisteminin üç variantı mövcuddur:
– yerüstü texnikalar üçün Patria NEMO Land Turret;
– konteyner üçün Patria NEMO Container;
– dəniz gəmiləri üçün Patria NEMO Navy.
Bütün dünyada “Patria NEMO” minaatan sisteminə artan marağın fonunda, ABŞ Ordusu və “Patria” şirkəti arasında sistemin gələcəkdə ABŞ hərbi əməliyyatlarına potensial inteqrasiyası ilə bağlı müzakirələr aparılır.
Əhəd Vahidoğlu