EN

Fəzail İbrahimli: “İtirən yenə də Ermənistan tərəfi olacaq”

19-20 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan separatizmin kökünü birdəfəlik kəsib suverenliyini təmin etdi, həm də 200 ildən artıq böyük güclərin öz maraqları naminə Cənubi Qafqazda istifadə etdiyi erməni layihəsinə son qoydu.

Bunu açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli birgə bəyanatla kapitulyasiyaya imza atmaqla üzərinə bir sıra öhdəliklər götürdü. “Həmin öhdəliklərdən biri də Qarabağ bölgəsindəki Ermənistan ordusunun tör-töküntülərini, terrorçuların və separatçıların tərksilah edilərək Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək idi. Lakin Ermənistan öhdəliyi yerinə yetirmək əvəzinə Qarabağdakı terrorçu və separatçıları silahlandırmağa, onlara dəstək verməkdə davam etdi. Azərbaycan tərəfinin təmkinli formada dəfələrlə xəbərdarlığına baxmayaraq, Ermənistan tərəfi prosesi uzatmaqla öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışdı. Lakin Azərbaycanın da səbrinin bir həddi var idi və o səbir kasası 19 sentyabrda 2023-cü ildə  erməni terrorçularının öz peşə vəzifəsini yerinə yetirən polisimizə qarşı törətdiyi təxribat zamanı doldu”, – o qeyd edib.

Millət vəkili əlavə edib ki, Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın əmri ilə həm Qarabağdakı terrorçuların, separatizmin kökünü birdəfəlik kəsmək, eyni zamanda yarımçıq qalmış prosesi bitirib suverenliyimizi tam bərpa etmək üçün antiterror tədbirlərinə başladı: “Əməliyyat qısa zaman ərzində və çox yüksək peşəkarlıqla beynəlxalq hüquq normalarına uyğun şəkildə heç bir mülki şəxsə zərər vermədən həyata keçirildi. Heç 24 saat çəkmədi ki, Xankəndidəki separatçılar Azərbaycan ordsunun “dəmir yumruğu”na tab gətirməyib ağ bayraq qaldırmağa məcbur oldular. Amma ermənilər olsaydı, insanlığa sığmayan dəhşətli vəhşiliklərin şahidi olardıq. Necə ki zamanında erməni terrorçuları köməksiz, silahsız insanlara qarşı insanlığa sığmayan dəhşətli cinayətlər törədiblər. Amma Azərbaycan ordusu silahı yerə qoyan erməni ordusuna qarşı hər hansı zorakılıq hərəkəti törətmədi. Bu bir daha Azərbaycan ordusunun və insanının necə yüksək insani keyfiyyətlərə malik olduğunu dünyaya sübut etdi.
Bu aniterror tədbirləri ilə ordumuz 200 ildən artıq müddətdə xristian ağuşuna sığınıb böyük dövlətlərin əlində Cənubi Qafqaz siyasətini reallaşdırmaq üçün Azərbaycana qarşı mərkli planlarda alət rolunu oynayan erməniləri növbəti dəfə ağır məğlubiyyətə düçar etdi. Bununla da nəinki 200 ildən artıq davam edən “böyük Ermənistan” ideologiyasına, o cümlədən onlardan istifadə edən güclərin oyununa son verildi. Nəticədə Azərbaycan bölgədə geosiyasi vəziyyəti dəyişdi və Cənubi Qafqazdakı erməni layihəsi puça çıxdı. Zaman bir daha onu sübut etdi ki, Cənubi Qafqazda Azərbaycanın istəyi olmadan hər hansı layihəni və marağı reallaşdırmaq mümkün deyil. Ona görə də bölgədə hər hansı marağını təmin etmək istəyən güc mütləq şəkildə Azərbaycanın marağını nəzərə almalıdır.

Bu gün Azərbaycanın qələbəsini həzm edə bilməyən güclər bilməlidirlər ki, Ermənistanı yenidən silahlandırmaq və bölgədə gərginlik yaratmağa cəhd etməklə heç nəyə nail ola bilməyəcəklər. Əksinə, bundan itirən yenə də Ermənistan tərəfi olacaq”.

Chosen
10
xalq.az

1Sources