EN

Diplomatik korpus Kəlbəcərdə inşa işləri ilə tanış olub

15:07

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Kəlbəcərdə yeni yaşayış məntəqəsi və şəhər təhsil kompleksinin inşası ilə tanış olublar.

Qonaqlara təhsil kompleksi layihəsi haqqında ətraflı məlumat verilib.

Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşəkar emalatxanalar, STEAM zonası, məktəbəqədər hazırlıq üçün yer və digər zəruri obyektlər yaradılacaq.

Bildirilib ki, kompleksin ərazisində 528 şagird yerlik məktəb də tikilir.

Bundan başqa, diplomatik korpusun nümayəndələrinə bildirilib ki, yaşayış məntəqəsi ərazisində keçmiş məcburi köçkünlərin geri qayıtması üçün bütün lazımi infrastruktur yaradılacaq.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar.

***

13:41

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində olublar.

Diplomatlara abidə haqqında ətraflı məlumat verilib.

***

09:21

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Ağdərə rayonunun Suqovuşan kəndinə gəlib.

Səfərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.

Səfər zamanı diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı əldə ediblər.

Nümayəndə heyəti əsas infrastruktur obyektlərində, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpasında və enerji təminatında mühüm rol oynayan “Yuxarı Vəng” su elektrik stansiyasında olub.

Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun gələcək perspektivlərini, eləcə də işğaldan azad edilmiş torpaqların davamlı inkişafı və sülh yolu ilə inteqrasiyasının təmin edilməsi istiqamətində ölkəmizin səylərini qiymətləndirməyə imkan verib.

***

09:04

Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin bu gün Kəlbəcərə səfəri başlayacaq.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.

Səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.

Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, “Yuxarı Vəng” Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri ilə Kəlbəcər rayonuna səfər edən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə bölgənin məruz qaldığı faciələrdən bəhs edərək diplomatların ziyarət edəcəyi istiqamətləri bildirib.

Bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb:

“Biz diplomatik korpusla birlikdə Ermənistanın hərbi işğalının ön cəbhəsində olan Naftalandan Kəlbəcərə səfər edirik. Antiterror tədbirlərindən sonra dağlarla əhatə olunmuş Kəlbəcərə giriş Ağdərə bölgəsi vasitəsilə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yolda Ermənistan tərəfindən uzun müddət hidroterrorizm və su məhrumiyyəti üçün istifadə olunan Sərsəng su anbarını, eləcə də yeni açılmış yaşayış binalarını, sənaye və mədəni-dini obyektləri və Prezident İlham Əliyevin son vaxtlar açdığı digər obyektləri ziyarət edəcəyik”, – o vurğulayıb.

Eyni zamanda, H.Hacıyev paylaşımında Kəlbəcərin üzləşdiyi faciələrə diqqət çəkib:

“Kəlbəcərin işğalı 1993-cü ildə Ermənistan ərazisindən başlayan hərbi hücum nəticəsində baş verib. Bu hərbi təcavüz aktı Ermənistanın işğalçı dövlət kimi dövlət məsuliyyətini müəyyən edib və BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbuluna səbəb olub. İşğaldan öncə Kəlbəcər və onun mülki əhalisi təxminən bir il blokadada qalıb. Yeganə çıxış yolu çox məhdud girişi olan dolama Ömər aşırımından idi. Erməni terror təşkilatı ASALA-nın üzvü Monte Melkonyan Xocalı soyqırımına bənzər Kəlbəcər tunel yolunda dinc əhaliyə qarşı qırğınlar təşkil edib”.

Onun sözlərinə görə, “işğal zamanı və hətta Kəlbəcərdən çıxarkən mülki əmlak və mədəni abidələr dağıdılıb və talan edilib”:

“Sanki bu kifayət deyilmiş kimi, Ermənistan və onun Qərb institutlarındakı tərəfdarları, eləcə də pullu lobbiçilər utanmadan və ən kiçik günah hissi duymadan Azərbaycana qarşı əsassız və absurd ittihamlar irəli sürməyə davam edirlər. Biz riyakar bir dünyada yaşayırıq! Amma “Həqiqət və ədalət əyilə bilər, lakin sınmaz”.

Chosen
70
5
anspress.com

10Sources