Almaniyanın “Uniper” şirkəti Azərbaycandan əlavə həcmdə qaz almaqda maraqlıdır və indiki 1,5 milyard kubmetri iki dəfə artırmaq imkanına malikdir.
Bu barədə “Report”a “Uniper”in Azərbaycan nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli bildirib.
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlar davam edir, biz əlavə həcmdə qaz almaq istərdik, lakin müzakirə prosesi davam etdiyi üçün detalları açıqlaya bilmərəm. Bu həcmlərin nə qədər olacağı SOCAR-dan, yəni onun imkanlarından asılıdır, Azərbaycanın ixrac infrastrukturu və yataqlarının imkanları nəzərdə tutulur. Lakin yataqlarla bağlı heç bir problem görmürəm, əsas məsələ infrastruktur və onun genişləndirilməsi ilə bağlıdır. Bunun üçün SOCAR-ın xüsusilə Avropa İttifaqının dəstəyinə ehtiyacı var. Avropa maliyyə strukturları isə əsas diqqəti "yaşıl gündəliyə" yönəldib və karbon layihələrinin maliyyələşdirilməsini prestijli hesab etmir. Bununla belə, biz Azərbaycandan qaz alışının həcmini artırmaq niyyətindəyik və bu həcmlər olarsa, almağa hazırıq”, - o qeyd edib.
R.Hüseynli bildirib ki, Avropanın qaza tələbatı çox böyükdür.
“Hazırda biz 1,5 milyard kubmetr qaz [“Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində] alırıq və hazırkı həcmi iki dəfə artıra bilərik. “Uniper” Azərbaycanın və bütövlükdə, Xəzər regionunun qaz bazarında maraqlıdır”, - o əlavə edib.