Rusiyada ermənilərdən təşkil olunan “Arbat” silahlı qruplaşması Ermənistanın Baş naziri Nikol Paşinyanın başını hələ çox ağrıdacaq.
News365.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda dövlət çevrilişinə cəhdlə bağlı İrəvanın yaydığı rəsmi məlumata münasibətində bildirib.
O bildirib ki, keçmiş “Vaqner” muzdulusu olan Ayk Qasparyan Rusiyada yaşayan ermənilərdən ibarət “Arbat” qruplaşmasını yaratdıqdan sonra Kremlin yeni əmrlərini yerinə yetirməyə başlayıb:
“Əlbəttə, “Arbat” Ukraynada işğalçı müharibədə iştirak üçün təsis edilib, ancaq qruplaşmaya Ermənistan vətəndaşları ilə keçmiş Qarabağ separatçılarının cəlbi ondan xəbər verir ki, Ayk Qasparyan başqa tapşırığı da yerinə yetirməyə hazırdır. Nikol Paşinyanı Ermənistandakı radikallar yıxa bilmədilər, ümid qalır “Arbat” qruplaşmasına. Ermənistanın radikal müxalifət nümayəndələrinin bugünlərdə işğal altındakı Donbasa ziyarəti də təsadüfi deyil. Onlar Donbasda yerli separatçılarla danışıqlar aparıblar. Həmin radikallar Donbasa getmişkən Ayk Qasparyanla görüşüb ondan dəstək istəyə bilərdilər. Amerikalılar hələ ki, Nikol Paşinyanı yaxşı qoruyurlar, Ermənistanın baş nazirinə qarşı sui-qəsd planının ifşasıyla bağlı əməliyyatın hazırlanmasında Mərkəzi Kəşfiyyat İdarəsinin rolu istisna deyil”.