EN

Qərbi Azərbaycanda milli mətbu nəşrlərin şanlı tarix kitabı

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, XXI əsrdə qalibiyyət tariximizin əsasını qoymuş İlham Əliyev 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan icmasının nümayəndələri ilə görüşü zamanı ermənilər tərəfindən şanlı tariximizə qarşı yönəlmiş məhvedici fəaliyyəti yenidən gündəmə gətirərək demişdir:  “İndi baxın, görün, Cənubi Qafqazın digər ölkələrinə  Azərbaycanda, Gürcüstanda, bizim şəhərlərimizdə, əksər şəhərlərdə tarixi abidələr, tarixi mərkəzlər var. İstər Bakı olsun, Gəncə olsun, Naxçıvan, Şəki, Qəbələ, digər bütün şəhərlərdə. Bəs, necə ola bilər ki, İrəvanda tarixi mərkəz yoxdur? Qoy, bu sadə suala cavab versinlər. Cavab da gün kimi aydındır. Ona görə ki, bu tarixi mərkəz Azərbaycan xalqının tarixi irsi idi, hansı ki, onlar dağıdıblar. Şəhərsalma adı altında bütün tarixi binalarımız, o cümlədən İrəvan qalası, Sərdar sarayı dağıdılıb. Yəni bütün bunlar göstərilməlidir. Yəni siyasi və hüquqi tərəfdən başqa, istənilən məsələdə bunun tarixi mahiyyəti də əhəmiyyət kəsb edir. Ona görə də bizim işimiz bu tarix üzərində qurulmalıdır.”

Prinsip etibarilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri Azərbaycan ziyalısı qarşısında  yeni məzmunlu milli-mənəvi borcun  yerinə yetirilməsi istiqamətində ciddi vəzifələr qoymaqdadır və həmin vəzifələrdən biri də Qərbi Azərbaycan tarixini sistemli və obyektivliklə öyrənərək dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Qeyd-şərtsiz, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabı məhz milli-mənəvi ehtiyacın ödənilməsi, tarixi torpaqlarımızda soydaşlarımızın milli mətbuat uğrunda apardıqları mücadilə tarixinin yazılması sahəsində ciddi uğurlardan biridir.

O da var ki, hər bir ölkədə milli mətbuat tarixi eyni zamanda həmin ölkədə demokratik fikrin tarixi deməkdir və bəlkə də, bu səbəbdən sovetlər dönəmində Azərbaycan mətbuat tarixinin sistemli şəkildə öyrənilməsi elmi təfəkkürün diqqətindən kənarda saxlanılmış, “Ziya”, “Kəşkül”, “Həyat”, “İrşad” “Füyuzat”, “Dəbistan” kimi milli qəzet və jurnalların tədqiqinə ciddi qadağalar qoyulmuşdur. Qəti şəkildə demək mümkündür ki, bolşevizm diktaturası milli yaddaşın unutdurulması üçün institutlar səviyyəsində iş aparmışdır. Faktdır ki, XX əsrin 70 ili ərzində Qərbi Azərbaycana dair hər hansı bir irihəcmli tədqiqat əsərinin yazılmasına rast gəlmirik. Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabı çağdaş elmi ictimaiyyət üçün bir neçə cəhətdən əhəmiyyətlidir. 

Azərbaycan və türk mətbuatında imzası olan romantik şair Əhməd Kamalın misralarından biri belədir: “İnsana bir kitab deniyor, bən də öyleyim.” Prinsipcə Cəlal Allahverdiyevin özü bir kitabdır və həmin kitabın ilk sözü də, son sözü də Qərbi Azərbaycandır.

Qeyd-şərtsiz, “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabı bizlərə yeni bir mətbuat dünyası təqdim edir. O da var ki, bizlər bu tipli fundamental tədqiqatların meydana çıxması səbəbindən ilk öncə müstəqil dövlətçiliyimizə borcluyuq.  Çünki  bütün ruhu rus müstəmləkəçiliyi və erməni nasizmininə kölə olan bolşevizm dövründə bu tipli mövzularda yalnız bir-iki səhifəlik məqalə yazıla bilərdi. Digər tərəfdən, “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının ilk səhifəsi ilə tanışlıq bir daha deməyə əsas verir ki, Cəlal Allahverdiyev bütün varlığı ilə Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq təliminə, Qalib Sərkərdə İlham Əliyevin dövlətçilik strategiyasına bağlıdır. Budur, kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin çıxışından seçilmiş və xalqımızın sabahına hesablanmış sitat  artıq milli elmi metodologiyamızı təşkil etməkdədir. Başqa sözlə, öz çıxışı ilə Cənab Prezident bizim milli-elmi metodologiyamızı belə müəyyənləşdirmişdir: “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.”

Cəlal Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabı çağdaş elmi ictimaiyyətə yüzlərlə yeni elmi fakt təqdim etməkdədir. Və maraqlıdır ki, həmin faktlar hansı cəhətləri ilə səciyyələnir? “Füyuzat” jurnalının 26 iyul 1907-ci il tarixi 23-cü sayında Ə.Hüseynzadə yazırdı: “Fədai lazımdır, fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai! İngilis, Amerikan kibi tizrəftar, yeni yaponlar kimi kütahdamən fədai!”

Cəlal Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabına əsaslansaq, Ə.Hüseynzadənin yuxarıdakı fikri bir nəzəriyyə olaraq yaranmayıb, əksinə, birbaşa həyatdan qaynaqlanıb. Başqa sözlə, “Qərbi Azərbaycan mətbuatı tarixi” əsəri deməyə əsas verir ki, Qərbi Azərbaycanda fədai olmayan bir Azərbaycanlı belə yaşamayıb. Əslində sovetlər dönəmində qələmə alınmış yazılarda əsasən Qərbi azərbaycanda yaşayan Azərbaycanlılar daha çox müti, taleyə boyun əyən, təqib və təzyiqlər qarşısında aciz xarakterə malik insanlar olaraq tanıtdırılmışlar. Halbuki, Cəlal Allahverdiyev öz əsəri ilə əsl həqiqətdən xəbər verir, Qərbi Azərbaycanlılara məxsus əzmkarlığın, yenilməzliyin hüdudsuzluğundan söz açır. Məlum olur ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız hələ XIX əsrin II yarısından milli mətbuat uğrunda mübarizə aparmış, cəmiyyətin yeniləşməsində mətbuatın nə qədər böyük əhəmiyyət daşımasının fərqində olmuşlar.  

“Qərbi Azərbaycan mətbuatı tarixi” əsəri milli mətbuatımız haqqında düşüncənin hüdudlarını dəyişmək gücündədir. Məsələn, bu gün də “Əkinçi”nin əməkdaşlarından bəhs edərkən M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, Ə.Gorani, Ə.Qəvaid kimi bir neçə qələm sahibinin adını çəkə bilirik. Halbuki bu yeni mənbədən öyrənirik ki, İrəvanda yaşayıb yaradan Məşədi İsmayıl Hacı Kazımzadə “Bəzmi” (1846-1888), Mirzə Kazım Qazi Əsgərzadə Axund Əhmədov “Mütəlle” (1832-1892), Hacı Seyid Rza Əmirzadə “Sabir” (1834-1894), Məhəmmədəli bəy Məşhədi Əsədulla bəy oğlu Vəliyev “Məxfi” (1832-1892) kimi ziyalılar “Əkinçi” səhifələrində materiallar çap etdirərək xalqın taleyüklü məsələlərindən söz açmışlar.

Digər bir tərəfdən, bolşevizm bizdə belə bir təsəvvür yaratmağa çalışmışdır ki, Azərbaycan xalqının imkanlıları öz soydaşlarının taleyinə biganə olmuşlar.  “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabdan öyrənirik ki, Qərbi Azərbaycanda ilk azərbaycanlı jurnalistlərdən biri olan Abbas Razi Məmmədzadə (fars Abbas) Tiflisdə çıxan “Ziya” qəzetinin nəşrinə dəstək üçün 50 manat pul göndərmişdir. 50 manat pul isə o dövr üçün çox böyük maddi dəstək idi.

Eyni sözləri biz digər mətbu orqanlarımız haqqında da deyə bilərik. Məsələn, “Şərqi-rus”dan da danışarkən qəzetin əməkdaşları sırasında C.Məmmədquluzadə, Ö.F.Nemanzadə kimi qələm sahiblərinin adını çəkmişik və bu sanki ənənə halını almışdır. C.Allahverdiyev isə  “Şərqi-rus”un İrəvan üzrə ən fəal müxbiri kimi Hacı Ağa Mirzə İrəvanlının oğlu Mirzə Əlixan Şəmsül Hükəma “Ləli”dən (1837-1907) bəhs etmişdir.

Azərbaycan və dünya mətbuatı tarixində hər hansı bir qəzet və ya jurnal nəşr etdirdiyinə görə qələm sahibinin həbs olunması adi faktdır. Lakin həbsdə ikən mətbu nəşrin fəaliyyəti üçün çalışmaq və buna nail olmaq dünya mətbuatı tarixində nadir hadisələrdəndir. Beləliklə, “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabından Cabbar Əsgərzadə ilə bağlı məlumatlarla tanışlıq nəticəsində oxucu öyrənir ki, məhz qələmə sarılaraq Qərbi Azərbaycanda yaşayan soydaşlarının hüquqları uğrunda mübarizə aparmış Cabbar Əsgərzadə eyni səbəbdən 1905-ci ildə həbs edilmiş, həbsxanada olarkən də mücadiləsindən dönmədən “Molla Nəhib” dərgisinin iki,  “Mollabaşı” dərgisinin bir sayını çıxarmağa müvəffəq olmuşdur.

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabının ən müsbət keyfiyyətlərindən biri elmi-tarixi faktların aydın və sadə dillə ifadəsidir. Bu mənada kitabda “Lək-lək” jurnalı, “Bürhani-həqiqət” məcmuəsi, “Rəcbər”, “Zəngi”, “Qızıl şəfəq” qəzetləri haqqındakı materiallar oxunaqlığı ilə diqqəti cəlb edir. Aydın olur ki, C.Allahverdiyev Qərbi Azərbaycanda milli mətbuat uğrunda mübarizə aparmış hər bir qələm sahibin tərcümeyi-halını, ömür və sənət yolunu dərindən incələmiş, bu məqsədlə əlaqədar mənbələri yüksək səviyyədə araşdırmış, obyektiv elmi nəticələrə gəlmişdir. Məsələn, “Lək-lək” jurnalınn nəşrindən bəhs edən müəllif hətta jurnalın yaradıcısı Cabbar Əsgərzadənin qələm dostu Məmmədəli Sidqiyə ünvanlanaraq yazdığı məktubları tədqiqat obyektinə çevirmiş, həmin məktublar əsasında müəyyənləşdirmişdir ki,  Qərbi Azərbaycanda yaşayıb fəaliyyət göstərən ziyalılar  “Molla Nəsrəddin” məktəbinin uğurlarından ilham almış, mollanəsrəddinçilərin köməyinə arxalanmışlar. 

Tədqiqat əsərlərindən bəhs edərkən adətən bir neçə elmi yeniliyin olmasından söz alırlar. C.Allahverdiyevin “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabı bu baxımdan da fərqlidir, özünəməxsusdur. Daha doğrusu, 276 səhifəlik kitabın oxunaqlığını şərtləndirən amillərdən biri də hər səhifədə oxucunun yeni elmi faktlarla qarşılaşmasıdır. Və kitabın monumentallığını təmin edən cəhət hər yeni faktın digərini tamamlaması, onunla birlikdə  müəllif ideyasına bağlılığıdır.

Maraqlıdır ki, C.Allahverdiyev Qərbi Azərbaycanda ziyalı soydaşlarımızın mətbuat uğrunda mübarizəsini qələmə almaqla bərabər, dönə-dönə diqqət mərkəzinə çəkmişdir ki, azərbaycanlılar öz doğma yurdlarında davamlı olaraq erməni terrorizminə məruz qalmış və  daşnak təfəkkürünün daşıyıcıları hətta insanların yeni cəmiyyət ideologiyasına bağlılığını nəzərə almadan məhvedici siyasətlərini həyata keçirmişlər. Məsələn, məlumdur ki, hələ 1919-cu ildən Bakıda nəşr olunan “Kommunist” qəzeti bolşeviklər hakimiyyətə gəldikdən sonra aparıcı mətbuat orqanına çevrilmiş, ideoloji mərkəz missiyasını yerinə yetirmişdir. Eyniadlı qəzetin İrəvandakı taleyi isə tamamilə fərqlidir. “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabında proseslərə belə aydınlıq gətirilir: “1937-ci il oktyabrın 2-də yenidən Azərbaycan dilində “Kommunist” adı ilə nəşrə başlayan qəzet də bu barədə məlumat verərək yazmışdı: “Sovet hakimiyyətinin ilk günlərində partiyamız Ermənistanda Azərbaycan dilində “Kommunist” adına qəzet çıxarmağa başlamışdır”. Bir aya yaxın ömür sürən qəzetin cəmi üç nömrəsi çıxmışdır. 1921-ci il fevral ayının ortalarında erməni daşnakları İrəvanda yenidən tüğyan edərək terror, qətliamlar, total qırğınlar və dağıntılar törədərək “Kommunist” qəzetinin redaksiyasını yandıraraq məhv etmişlər. “Kommunist” qəzetinin nömrələri arxivlərdə qorunmadığından bu mətbu orqanın  fəaliyyəti barədə ətraflı fikir söyləmək çətindir.”

Təkcə bu fakt deməyə əsas verir ki, ermənilər üçün monodövlət qurmaq işində hətta bolşevizm vasitə olmuşdur.

“Qərbi Azərbaycan mətbuatı tarixi” kitabında yer tutan maraqlı faktlardan biri də Əli Məhzun “Lək-lək”də getmiş aşağıdaki misralarıdır:

Qərq olmalı olsan da,

dənizlərdə boğulsan,

Heç olmasa da mümkün

əgər sahilə çıxmaq,

Namərd əlinə vermə əlin, tərki-həyat et,

Namərd əlini tutmadan

əfzəldi boğulmaq.

Aydın görünür ki, bu misralar ilə Əli Məhzun Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın həyat amalını qələmə almışdır.

Fikrimizcə, “Qərbi Azərbaycan mətbuatı tarixi” kitabı C.Allahverdiyevin bu sahədə ilk monumental əsəri olsa da, müəllif tezliklə elmi ictimaiyyətə Qərbi Azərbaycanda Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni mühitinə dair yeni əsərlər təqdim edəcəkdir. Bu istiqamətdə fədakar mətbuat tarixçisinə uğurlar arzulayırıq. 

İman Cəfərov,

Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Dövlət Universiteti

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources