EN

Əvvəlcə səs siqnalı, sonra partlayış

Dünya Livanda minlərlə Hizbullah üzvünün peycerinin partladığı hücumdan danışır. 12 nəfərin öldüyü və ən azı 4000 nəfərin yaralandığı ilk hücumdan sonra dünən Beyrutda ratsiyaların partlaması nəticəsində 14 nəfər ölüb, 450 nəfər yaralanıb. Cihazlara partlayıcı yerləşdirərək ilk hücumu İsrailin etdiyi iddia edilir.

 

1. Livanda nə baş verir?

 

Sentyabrın 17-də yerli vaxtla saat 15.30 radələrində Livan boyu “Hizbullah” terror təşkilatı ünsürlərinə məxsus peycerlər partlamağa başlayıb. Amerikanın “Nyu York Tayms” qəzetinin məlumatına görə, qurğular sanki “Hizbullah” qərargahından mesaj almış kimi bir neçə səs siqnalı verdikdən dərhal sonra partlayıb. Çantalarında və ya ciblərindəki cihazların partlaması nəticəsində çoxlu insan xəsarət alıb. İkinci dalğa dünən günorta saatlarında başlayıb. Bu dəfə ratsiyalar da partlamağa başladı. Dünənki hücumda azı 14 nəfər ölüb, 450-dən çox adam yaralanıb. Bəzi bölgələrdə ev tipli günəş enerjisi panellərinin partladığı da qeyd edilib.

 

2. İtki nə qədərdir?

 

Livanın Səhiyyə Nazirliyi bir gün əvvəl ilk hücumda 12 nəfərin öldüyünü, ən azı 4000 nəfərin yaralandığını açıqlayıb. Təxminən 1800 “Hizbullah” ünsürünün yaralandığı Beyrutdakı xəstəxanalar eyni vaxtda gələn yaralılarla dolu idi. Xəstəxananın bağçasında və dayanacaqda yaralılara təcili tibbi yardım göstərilib. Bəzi yaralılar İran və Suriyaya göndərilib. Səhiyyə naziri Firass Abiad bildirib ki, ölənlər arasında həmin vaxt atasının yanında olan 10 yaşlı qız və başqa bir uşaq da var. Üzündən, gözlərindən və reproduktiv orqanlarından ağır xəsarət alan, əzalarını itirən 300-dən çox şəxsin vəziyyətinin ağır olduğu bildirilib.

 

3. Bunun arxası kim var?

 

Rəsmi olaraq məsuliyyəti üzərinə götürməsə də, hücumun arxasında İsrailin xarici kəşfiyyat xidməti olan Mossadın olduğu dəqiqdir. “Hizbullah” terror təşkilatından və İrandan verilən açıqlamalarda hücumda açıq şəkildə İsrail günahlandırılıb. “Sky News Arabia” yazıb ki, “Mossad əvvəllər “Hizbullah”ın istifadə etdiyi peycerlərə daxil olub və onların batareyalarına partlayıcı yerləşdirib”. “Reuters” xəbər agentliyinə danışan bir mənbə də hücumun arxasında İsrail ordusunun gizli Kiber Müharibə Birliyinin 8200 olduğunu və təxminən bir ildir bu mövzuda çalışdıqlarını və sınaqdan keçirdiklərini bildirib.

 

4. Necə planlanıb?

 

Sentyabrın 17-də hücumunun tam olaraq necə planlaşdırıldığı ilə bağlı bir çox nəzəriyyə var. Cihazlardakı litium batareyalarının həddindən artıq qızması və partlaması ilə bağlı iddialara baxmayaraq, Nyukasl Universitetinin litium-ion batareyalarının təhlükəsizliyi üzrə mütəxəssisi Pol Kristensen partlayışların vurduğu zərərin səviyyəsinin litium batareyalarının partlaması halları ilə uyğun olmadığını bildirib. “Associated Press” (AP) xəbər agentliyinə danışan ekspertlər hücumun böyük ehtimalla “təchizat zəncirinə müdaxilə” ilə hazırlandığını bildiriblər. Buna uyğun olaraq, təxminən 6 ay əvvəl sifariş edilən peycerlər “Hizbullah”a çatdırılmazdan əvvəl içərilərinə partlayıcı yerləşdiriblər. Sonra hamısı eyni vaxtda uzaqdan partladıldı. Bu miqyaslı hücum peyjerlərə satılmazdan əvvəl fiziki giriş əldə etmək üçün lazım olan əlaqələrin qurulmasını tələb edir. Bu, cihazlara daxil edilmək üçün texnologiyanın inkişafını tələb edir. Üstəlik, hücumdan əvvəl bu cihazlar “normal” görünməli və şübhə doğurmamalı idi. “Hizbullah” ünsürləri bildirirlər ki, “peycerlər partlamadan əvvəl altı ay ərzində mükəmməl işlədilər”.

 

5. Niyə indi?

 

“Axios” xəbər saytına danışan ABŞ və İsrail rəsmiləri bildiriblər ki, Mossad əvvəlcə “Hizbullaha qarşı genişmiqyaslı müharibənin açılış zərbəsi” kimi peycerləri partlatmaq istəyib, lakin erkən hərəkətə keçmək məcburiyyətində qalıb. Rəsmilərin bildirdiyinə görə, hücumdan bir neçə gün əvvəl “Hizbullah” ünsürü cihazlardan şübhələnərək onlara müdaxilə edərək ölüb. Bunun üzərinə hücum təxirə salınıb. İlk olaraq peycerləri işə salan İsrail “Hizbullah” terror təşkilatının ratsiyaları yoxlayacağından narahat idi və dünən Netanyahunun özünün əmri ilə onlar da partladıb. Bu arada ratsiyalarda da əvvəlcədən tələ qurulduğu ehtimal edilir.

 

30 qram PETN, TNT-dən iki dəfə güclüdür

 

İsrailin qabaqcıl telefon dinləmə texnologiyasına yaxalanmaq istəməyən “Hizbullah” bir müddətdir ki, aşağı texnologiyalı peycerlərlə əlaqə saxlayırdı. AP-yə danışan terror təşkilatı rəsmisinin sözlərinə görə, partlayan peycerlər təşkilatın əvvəllər istifadə etmədiyi yeni brendə aid olub. Nəzəriyyəyə görə, cihazların çatdırılma prosesinə müdaxilə edən İsrail agentləri batareyanın yanına orta hesabla 30 qram PETN (Penta Eritrit Tetranitrat), TNT-dən iki dəfə daha güclü partlayıcı maddə yerləşdiriblər. Daha sonra 3 min cihaza batareyanın enerji sərfiyyatını artıracaq və onu qızdıracaq xüsusi mesaj göndərilib. Müəyyən bir temperatura çatan batareya partlayıcını işə salıb və cihazlar partlayıb.

 

Cihazları istehsal edən öncə şirkətdir?

 

Livan və Suriyadakı ölümcül partlayışlarla əlaqəli peycerlərin Tayvan istehsalçısı “Gold Apollo”, cihazların Macarıstanın paytaxtı Budapeştdə “BAC Consulting KFT” tərəfindən istehsal edildiyini açıqladı. Açıqlamada, iki şirkət arasında bağlanmış müqaviləyə əsasən, BAC-a müəyyən bölgələrdə məhsul satışında brend adından istifadə etmək səlahiyyəti verildiyi və məhsulların istehsalının tamamilə BAC tərəfindən həyata keçirildiyi bildirilib. Macarıstan şirkətinin “Linkedin” səhifəsində verilən məlumata görə, şirkət geniş və mürəkkəb ekoloji, siyasi və inkişaf layihələri həyata keçirir.

Şirkətin saytında Kristiana Barsoni-Arkidiakono adlı qadın baş direktor və təsisçi kimi göstərilib. BAC-ın “Linkedin”də verdiyi məlumata görə, şirkətin 2-dən 10-a qədər işçisi var. Amerikanın “NBC News”a danışan BAC şirkətinin baş direktoru dedi: “Mən peycerləri hazırlamıram. Mən sadəcə vasitəçiyəm. Məncə, siz səhv başa düşmüsünüz”, – deyib. Bununla belə, şərhçilər bu partlayıcının tədarük zəncirinə yerləşdirilməli olub-olmadığını və şirkətin cəbhə olma ehtimalını sual altına alırlar. Digər tərəfdən, Macarıstanla İsrail arasında münasibətlərin yüksək səviyyədə olduğu məlumdur. Macarıstan oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarına ən çox dəstək verən ölkələrdən biridir.

İsrail Livanda “Hizbullah” terror təşkilatının ünsürlərinin istifadə etdiyi peycerlərə yerləşdirilmiş bombanı partlatdıqdan sonra şiə qruplaşması İsrailə qarşı cavab tədbiri görəcəyini açıqlayıb. Dünən terror təşkilatının qərargahından verilən açıqlamada onlar Qəzzada “HƏMAS” terror təşkilatına dəstək olaraq İsrailə qarşı mübarizəni davam etdirəcəklərini və son hadisədən sonra İsrailin sərt cəza gözləməli olduqlarını vurğulayıblar.

 

Nəsrullah bu gün danışacaq

 

“Hizbullah” terror təşkilatı adından yayılan başqa bir yazıda isə təşkilatın lideri Həsən Nəsrullahın bu gün açıqlama verəcəyi bildirilib. Partlayışlardan sonra beynəlxalq mediaya açıqlama verən yüksək səviyyəli terrorçu mənbə partlayışlarda “Hizbullah” lideri Həsən Nəsrullahın zərər çəkmədiyi barədə məlumat paylaşıb.

 

Bir daşla çox quş

 

“Hizbullah” ilə İsrail arasında 7 oktyabrdan sonra başlayan qarşıdurmalar təxminən bir ilə yaxındır davam edir. Peycerlərə edilən gizli hücumun terror təşkilatının insan gücünə, rabitə şəbəkəsinə və təşkilat daxilindəki mənəviyyatına çox mənfi təsir göstərə biləcəyi qiymətləndirilir. Minlərlə “Hizbullah” ünsürünün yaralandığı və onun həyati kommunikasiya şəbəkəsinin böyük ölçüdə pozulduğu bir şəraitdə bunun İsrailə genişmiqyaslı hücum fürsəti verdiyi düşünülür. Peycer hücumundan bir qədər əvvəl İsrail ölkənin şimalından, yəni Livan sərhədindən təxliyə edilən vətəndaşların geri qayıtmasının müharibənin hədəflərinə əlavə edildiyini açıqlamış və bu, Livana hücumun xəbərçisi kimi dəyərləndirilmişdi.

***

İsrailin Livana hücumu bölgədə münaqişənin genişlənməsinə səbəb ola biləcək hücuma reaksiyalar verilib.

İran prezidenti Məsud Pezeşkian dünən Livandakı hücumdan sonra verdiyi açıqlamada İsrailə işarə edərək, “Qərb ölkələri və amerikalılar... sionist rejimin cinayətlərini, qətllərini və ayrı-seçkilik etmədən həyata keçirdiyi sui-qəsdləri tam dəstəkləyirlər”, –deyib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Cosef Borrell, Livanda “Hizbullah” terror təşkilatını hədəf alan və mülki şəxslərin də ölümünə səbəb olan hücumu qınayıb və Avropa Birliyinin bütün tərəfləri hamı üçün ağır nəticələrə səbəb olacaq genişmiqyaslı müharibədən çəkinməyə çağırdığını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da hücumu hibrid müharibə aktı kimi dəyərlənləndirib: “Bu yüksək texnologiyalı hücumun təşkilatçıları, görünür, qəsdən Yaxın Şərqdə böyük müharibəyə səbəb olmaq üçün genişmiqyaslı silahlı münaqişəni qızışdırmağa çalışırlar”.

Chosen
40
vaxt.az

1Sources