EN

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış: İlk yarımilin nəticələri

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2024-cü ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə prosesini yekunlaşdırıb. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova bildirib ki, Dövlət Proqramının tədbirlər planı çərçivəsində “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili” prioriteti üzrə 28 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Laçın dövlət sərhədinin buraxılış məntəqəsində “Laçın” gömrük postu qurulub.

Fins.az xəbər verir ki, hesabat dövründə əhalinin geri qayıdışının təmin edilməsi məqsədilə 767 ailə olmaqla, 2904 nəfər Şuşa, Füzuli və Laçın şəhərləri, Laçın rayonunun Zabux və Sus kəndlərinə köçürülüb. Azad edilmiş ərazilər üzrə ümumilikdə 612 nəfər işlə təmin edilib.

İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması ilə bağlı məlumatları da diqqətə çatdıran Təranə Salıfova qeyd edib ki, ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün 72.2 km 110 kv-luq, 262 km 330 kv-luq uzunluqda elektrik verilişi xətləri çəkilib. Ərazilərdə telekommunikasiya və poçt xidmətləri infrastrukturunun qurulması məqsədilə 2 yaşayış məntəqəsində, inzibati binada poçt xidmətləri yenidən təşkil edilib. 1 ədəd radio-televiziya yayımı stansiyasının fəaliyyəti təmin edilib. Mobil telekommunikasiya xidmətlərinin təşkili üzrə 11 yeni baza stansiyası quraşdırılıb. 5 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb.

Respublika və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun, Ağdam şəhərinin daxili yollarının, Xudafərin-Qubadlı-Laçın, Əhmədbəyli-Füzuli-Şuşa, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğanalı-Kəlbəcər-İstisu və Şuşa-Laçın avtomobil yollarının tikintisi davam etdirilib. Hesabat dövründə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları üçün müvafiq kodlar əldə olunub. Füzuli və Zəngilan Hava limanlarında uçuşların təşkili təmin edilib.

Geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək məqsədilə regionda fəaliyyət göstərən bank filiallarının sayı ümumilikdə 2-ə çatdırılıb (Laçın şəhəri və Zəngilan rayonunda olmaqla). Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə azad edilmiş ərazilərdə banklar və Azərpoçt tərəfindən quraşdırılmış POS-terminalların sayı 611 ədəd təşkil edib.

Sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin yaradılması istiqamətində regionlarda fəaliyyət göstərən sənaye parklarında 11 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Emal sənayesi və xidmət infrastrukturunun inkişaf etdirilməsi istiqamətində ümumilikdə, 170 layihə üzrə rezidentlərin fəaliyyəti təmin edilib. 3 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli kredit verilib. Azad edilmiş ərazilərdə fəaliyyət göstərən 12 kənd təsərrüfatı məhsullarının istehsalçısına dövlət büdcəsinin vəsaiti hesabına əkin subsidiyası ödənilib.

Dövlət Proqramının hesabat dövrü üzrə monitorinqi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası” tələblərinə uyğun olaraq, icraçı orqanlar (qurumlar) ilə yaxından müzakirələr aparılmaqla elektron portal vasitəsilə (//boyukqayidish.gov.az) şəffaflıq, hesabatlılıq və səmərəlilik prinsipləri əsasında həyata keçirilib.

Zemfira Ms
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
10
fins.az

10Sources