Azərbaycan millisi bu gün Çexiya ilə ilk yoldaşlıq oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matça hazırlıq və komandadakı son durumla bağlı baş məşqçi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
“Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadır. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün – 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdur. Yaxın günlərdə yeni mövsüm başlayacaq.
Oyundan 2 gün əvvəl Çexiyaya gəlməyimiz bizim üçün üstünlük oldu. Məsafə uzaqdır, Zlin şəhərinə gəlmək üçün təyyarədən əlavə avtobusla 3 saata yaxın yol qət etmişik. Şəhərdə bir gün artıq qalmağımız uşaqların yorğunluğunun çıxmasına və bərpa olunmasına kömək etdi.
Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardır. Onlar üçün də bu matç yeni komandalarını iş başında yoxlamaq baxımından önəmlidir. Maraqlı oyun olacaq. Yoldaşlıq oyunu olsa da, çalışacağıq nəticəmiz də yaxşı olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdır”.