EN

Ermənistan Azərbaycandan qaz tədarük etmək istəyir -Açıqlama

Paşinyanın arzusunun reallaşması üçün üçtərəfli Bəyanatın 9-cu bəndi icra olunmalıdır


  Ermənistanda Azərbaycandan təbii qazın tədarükü məsələsi yenidən gündəmə gəlib. Ermənistan Baş naziri Nikol Paşinyan dünya erməniləri samitində çıxışı zamanı sülh müqaviləsi imzalanacağı təqdirdə  Azərbaycandan qaz ala biləcəyini və  qazın  Ermənistan üzərindən tranzit keçməsinin mümkün olacağını bildirib.
Onun sözlərinə görə, Ermənistan ərazisi ilə Azərbaycandan Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəmərinin keçməsi ssenarisi istisna edilmir: “İndi Ermənistan qazı Rusiya və İrandan idxal edir. Ümumiyyətlə, dünyada mütləq enerji müstəqilliyi olan ölkə yoxdur. Ona görə biz sektorun şaxələndirilməsi barədə düşünməliyik”.
  Politoloqların fikrincə, Ermənistanla Azərbaycan arasında qaz kəmərlərinin bərpasını Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində nəzərdən keçirmək olar. Regionda uzunmüddətli sülhün yaranması üçün regional kommunikasiyaların açılması, daha da genişlənməsi, bu istiqamətdə əməkdaşlığın güclənməsi çox vacibdir. Ermənistan revanşist düşüncələrdən azad olsa, qonşuları ilə sülh şəraitində, yumşaq desək, öyrəşsə, Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji infrastrukturlarından bəhrələnə biləcək. 
  Lakin bir məsələ var, Azərbaycan  onsuz da Ermənistandan fərqli olaraq 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bu bəndinin həyata keçirilməsinə hər cür töhfə verir. O cümlədən, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin bərpası istiqamətində fəal iş aparır. Ermənistan tərəfi bu istiqamətdə konkret addımlar atmaqdan hər vəchlə yayınır, bu cür davranışları əsassız “qorxularla” əsaslandırır. Belə olan halda belə bir sual yaranır: Ermənistan tərəfi hər şeyi kağız üzərində qoymaq istəyirsə, indi qaz kəmərlərinin bərpasını müzakirə etməyə dəyərmi?
  
Millət vəkili Azər Badamovun “Sherg.az”a açıqlamasına görə, bu məsələnin öz həllini tapması üçün Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndini icra etməlidir: 

“Bu bəndə əsasən Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunmalıdır. Təəssüf ki, Ermənistan hələ də belə bir keçidin açılması istiqamətində heç bir iş görmür. Amma bu dəhlizin açılması zaman məsələsidir. Dəhliz açılandan sonra Naxçıvana və əks istiqamətdə ölkədaxili daşımalar heç bir nəzarətə  cəlb olunmamalıdır. Amma xaricə ixrac olunan mallarda isə Ermənistan qanunlarına əsasən tranzit daşınması mümkün olacaqdır. Tranzit daşımaların baş tutması Ermənistana da gəlirlər qazandıracaq. Bu, qazın, yüklərin, elektrik enerjisinin və digər vasitələrin daşınmaları ola bilər. Amma Ermənistan unutmamalıdır ki, Azərbaycanın ölkədaxili daşımaları tranzit daşımaları kimi yox, Azərbaycanın bir bölgəsindən digər bölgəsinə daşımalar anlamı ilə həyata keçirməlidir. Belə bir təcrübə Rusiyadan Kalininqrada daşınmalarda tətbiq olunur. Eyni qaydalar da Azərbaycandan Naxçıvana daşımalarda tətbiq olunmalıdır. Bununla yanaşı  Azərbaycanla Ermənistan arasında bütün  kommunikasiyalar da açılır. O cümlədən ölkəmizdən qaz, neft məhsulları  və digər malların Ermənistana idxal edilməsi imkanları da formalaşacaq. Qısa olaraq qeyd etmək istəyirəm ki, dayanıqlı sülh müqaviləsi imzalanandan sonra iki ölkə arasında səmimi qonşuluq münasibətlərinin formalaşması reallıq olacaq. Bu da Ermənistanın gələcəyi üçün çox vacibdir. Bu baxımdan Paşinyan bu məsələləri ancaq tribunalardan səsləndirməməlidir. Həm də real iş görməklə Zəngəzur dəhlizinin açılması istiqamətində hərəkətə keçməsi vacibdir”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
sherg.az

1Sources