EN

"Bəzi səbəblərdən tam heyəti yığa bilmədik" - Vitali Borisov

Futzal millimiz bu gün Çexiya ilə ilk yoldaşlıq oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komandanın baş məşqçisi Vitali Borisov hazırlıq və son durumla bağlı Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib. O, millinin hazırkı durumunu belə dəyərləndirib:

“Komanda sentyabrın 10-dan təlim-məşq toplanışındadı. Bəzi səbəblərdən tam heyəti yığa bilmədik. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verdik. Gündə iki dəfə məşq keçirdik. Sonrakı dörd gün ərzində isə taktiki planda çalışmalara yer verdik. Əlbəttə, futzalçıların durumunun ideal olduğunu deyə bilmərəm. Klublarımız 20 gün – 1 ay olar məşqlərə başlayıblar. Çempionat başlamadığına görə, uşaqlarda oyun təcrübəsi də yoxdu. Yaxın günlərdə yeni mövsüm başlayacaq".

Mütəxəssis görüş üçün uzaq məsafə qət etdiklərini xatırladıb:

"Oyundan 2 gün əvvəl Çexiyaya gəlməyimiz bizim üçün üstünlük oldu. Məsafə uzaqdı, Zlin şəhərinə gəlmək üçün təyyarədən əlavə avtobusla 3 saata yaxın yol qət etmişik. Şəhərdə bir gün artıq qalmağımız uşaqların yorğunluğunun çıxmasına və bərpa olunmasına kömək etdi".

Borisov oyunun maraqlı keçəcəyini qeyd edib:

"Çexiya millisinin üzvlərini məşqdən sonra gördük. Dünya çempionatının seçmə oyunlarından sonra onlar da yoldaşlıq matçları keçirməyiblər. Komandanın 40-50 faizi yeni futzalçılardı. Onlar üçün də bu matç yeni komandalarını iş başında yoxlamaq baxımından önəmlidi. Maraqlı oyun olacaq. Yoldaşlıq oyunu olsa da, çalışacağıq nəticəmiz də yaxşı olsun. Uşaqların əhval-ruhiyyəsi yaxşıdı”.

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 21.00-da start götürəcək.
Chosen
25
8
football-plus.az

10Sources